"44 günlük Vətən - İkinci Qarabağ müharibəsinin hər anı tarixdir"

"Bu gün Azərbaycan tarixi Qələbənin nəticələrini diplomatiya və sosial-iqtisadi müstəvidə möhkəmləndirir."

Bu sözləri Olaylar.az-a açıqlaması zamanı politoloq  Nurlan Qələndərli  deyib.

"Azərbaycan XXI əsrin müharibəsini apararaq, müasir hərbi texnologiyalardan istifadə edərək torpaqlarını ardıcıl olaraq işğaldan azad etdi. Bu kontekstdə ayrı-ayrı epizodlar və nüanslar isə strateji portretin mühüm cizgilərini təşkil edir. Ötən il oktyabrın 17-də Füzulinin 30 ilə yaxın davam edən hərbi-siyasi əsarətdən qurtulması müharibənin gedişində Azərbaycana əhəmiyyətli üstünlüklər qazandıran önəmli faktor oldu.
Füzuli coğrafi mövqeyinə görə hərbi-strateji əhəmiyyətə malikdir. Hadrut, Tuğ kimi strateji əhəmiyyətli digər ərazilərin azad edilməsindən sonra Füzulidə möhkəmlənmək Azərbaycan Ordusu üçün Qubadlı və Zəngilan hədəfinin reallaşdırılmasına imkan verdi. Bu, işğalçı Ermənistanın təcavüzkar hərbi birləşmələrinin müqavimətinin qırılması və Azərbaycan Ordusunun sürətli irəliləyişi demək idi. Bütün bu faktlar və məqamlar Azərbaycan Silahlı Qüvvələrinin peşəkar hərbi əməliyyatla hədəfə irəlilədiyini, sözün əsl mənasında, XXI yüzilliyin müharibəsini apardığını təsdiqləyir.
Bu gün Azərbaycan tarixi Qələbənin nəticələrini diplomatiya və sosial-iqtisadi müstəvidə möhkəmləndirir. İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən Füzulidə abadlıq-quruculuq işlərinin aparılması bu kontekstdə mühüm əhəmiyyətə malikdir. Füzuli rayonunda "Qarabağın hava qapısı" olan hava limanının inşası isə həm sosial, həm iqtisadi, həm logistik, həm də hərbi-strateji baxımdan önəmlidir".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31