Biz o əli qırarıq! -Yolunu  bilirik! Əfsanə Kamal yazır

Əfsanə Kamal

Ayağı çəkməli kiçik bir ölkə,

Bütöv Azərbaycan yaratsın bəlkə?!

Misralar çoxunuza tanışdır. Səməd Vurğunun "Vaqif" pyesindən. Amma  dövrün tələbinə uyğun olaraq dəyişdirilib. Bilirəm, indi hər birimiz Vaqiftək şillə kimi dəyən sözləri içimizdə tutmaqdan birtəhər olmuşuq.  Biz çarıq yox, çəkmə geyinirik! Həm də ÇARIQ  geyinməkdə   utanılacaq nə var ki? Kasıb olduğun üçün çarıq geyinmək, cahil olduğun üçün başına əmmamə taxmaqdan daha şərəfli işdir. Əcəb işdir, biri gəlir istismar edir adımıza "qara millət" deyir, digəri çarığımıza gülür. Vaqifin dilindən deyilən "Sizin güldüyünüz çoban torpağı, Nizamilər, Füzulilər yetirmiş" misrası, Nizaminin də bizim olduğu həqiqətinə göndərmə idi. Axı, onlar bizim olanı əlimizdən almaqda ustadırlar. Həm də deyəsən, onlar unudublar peyğəmbərimiz Həzrəti Məhəmmədin (s.a.v.) də çarıq geyinib, çobanlıq etdiyini.

Söhbətə hələ də "fransız" qalanlar üçün bir neçə söz deyəcəyəm, edam, şallaq, molla, zina, siğə, məcburi çadra və ən əsası narkotik. Artıq hər kəsə aydındır. Bütün bu sözlər eyni anda sadalanırsa, deməli,  söhbət İrandan gedir. Bir  alman  vətəndaşa Azərbaycanın xəritədə yerini izah edərkən, İran və Rusiya ilə qonşudur dedim. Alman qarşılığında "necə də şanssız bir ölkədir" söylədi. Nə etmək olar? Gərək belə adamlara çoxlu danışaq Gülüstandan, Türkmənçaydan...Azərbaycanı param-parça  edən  müqavilələri  deyirəm...
Qayıdaq əvvələ, hələ əsrlər öncə Vətənimizə "çoban torpağı" deyib lağ edənlər, 21-ci əsrdə qadınlara qırmızı rəngli içkiləri qadağan edir, məcburi çadra taxdırır, qara bazardan isə milyonlar qazanır. Sözdə dinlə idarə edilən bir ölkədə, narkotik satıcıları, qanunsuz içki tacirləri, gizli gecə klubları, fahişəxanalar fəaliyyət göstərir. Orada yaşayan insanlar sosial media üzərindən anonim şəkildə etirazlarını dilə gətirirlər. Sözdə Respublikadır, amma yalnızca sözdə. Daxili siyasəti, iqtisadi vəziyyəti bir yana, xarici siyasəti bərbad gündə olan bu mollalar diyarı, dünyanı özünə güldürməyə davam edir. 2020-ci ildə İranda uçuşa keçən Ukrayna təyyarəsi vuruldu və nəticədə yüzlərlə sərnişin həyatını itirdi. Əsrlər boyu türk hökmdarlar tərəfindən idarə edilən bir ölkənin siyasətçilərinin düzgün siyasi yol seçə bilməməyi heç də təəccüblü deyil. 
İranın dövlət idarələri hər daim öz daxilində yaşayan xalqları bir-birinə vurdurmaqla məşğul olublar. HƏMİŞƏ! Və  onlar  bu  işin  pərgarıdırlar!  Cavabı isə çox sadədir. İnsanların fikrini hakimiyyətin üzərindən yayındırmaq. Azərbaycan üçün də eyni siyasi oyuna əl atır. Buradaki yaltaqlarını maliyyələşdirir, gah polisə güllə sıxdırır, gah Şəhid məzarı üzərində siyasi motivlər səsləndirəcək qədər əli uzunluq, LOTULUQ  edir! 
Biz o əli qırarıq! Biz  o  lotunun  dizini  qatlarıq! Yolunu  bilirik!

Azərbaycan son illərin ən güclü siyasi rifahı içərisində,- Qarabağına qovuşmuş dövrünü yaşayır. Hər an dağılmağa, viran olmağa hazır olan ölkə isə son şallaqlarını atır. Vəziyyət pik həddə çatıb. Daha o tərəfi yoxdur. Onlar və onlara  əmmaməlik  edən hər kəs bilməlidir ki, biz şallaq yox, yumruq vururuq, özü də birdəfəlik!  Özü  də  təpənin  tən  ortasından!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31