Füzulinin işğaldan azad edilməsi Zəngilan və Qubadlıya gedən yolun açılmasına imkan yaratdı
13 Oktyabr 2021 11:57 SiyasətBu günlər 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərin sevincini yaşayırıq. Sentyabrın 27-dən başlanan əks hücum əməliyyatları ilə ordumuz qısa müddətdə işğal altında olan bir sıra yaşayış məntəqələrimizi düşməndən azad etdi. Düşməndən təmizlənən hər bir kənd, qəsəbə, şəhər, rayon mühüm əhəmiyyət kəsb edir. xalqda sevinc hissi yaradırdı.
Erməni işğalından təmizlənən hər bir şəhər və rayon kimi Füzuli rayonu da mühüm əhəmiyyətə malik idi. Oktyabrın 17-də Füzulinin işğaldan azad edilməsi bir növ düşmənin belini qırdı və digər işğal altında olan ərazilərimizin də düşməndən təmizlənməsinə yol açdı.
Tarixçi Gülnar İlyasova deyir ki. Qarabağ 30 ilə yaxın idi düşmən tapdağı altında idi və hər bir Azərbaycan vətəndaşının arzusu Qarabağın işğaldan azad olunması idi: "Azərbaycan Respublikası danışıqlar yolu ilə münaqişəni həll etmək istəsə də,bu heç bir nəticə vermirdi. 24 mart 1992-ci ildə təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmışdı. 30 il davam edən beynəlxalq riyakar siyasət dondurulmuş rejiminin əriməsinə gətirib çıxardı. Düşmən işğal dövründə ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdi".
Tarixçi qeyd edib ki, 2016-ci il aprel döyüşlərində növbəti təxribatın qarşısı alınmış, Cəbrayılın Cocuq Mərcanlı kəndi, Lələ təpə kimi önəmli yüksəkliklər işğaldan azad olunmuşdu: "Cocuq Mərcanlıya qayıdış böyuk qayıdışın başlanğıcı oldu. Keçən bu zaman ərzində Azərbaycan dəfələrlə bu işğalla barışmayacağını bəyan etmişdir. Buna məhəl qoymayan Ermənistan Azərbaycana qarşı diversiya fəaliyyətlərini davam etdirmiş, erməni siyasətçiləri aşağılayıcı və təxribatcı bəyanətlər vermişlər. 2020-ci il 27 sentiyabr tarixində Ermənistan tərəfindən növbəti hərbi təxribat törədilmiş, Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutulmuşdur Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədi ilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks hücuma keçmək əmri vermişdi. Beləliklə, Azərbaycan ordusu Müzəffər Ali baş Komandanının rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmək üçün Vətən müharibəsinə başlamışdır."
Gülnar İlyasova deyib ki, 2020-ci il oktyabrın 3-dən 17-dək davam edən Füzuli əməliyyatı zamanı düşmənə ağır zərbələr endirilmiş, oktyabrın 4-də Cəbrayıl şəhəri və bir neçə kəndi işğaldan azad edilmişdi: "Cəbrayıldan şimala yönələn hərbi birləşmələrimiz düşmənin 12 minlik hərbi qruplaşmasını mühasirəyə almış, sarsıdıcı zərbələr vurmuşdu. Canlı qüvvə baxımından böyük itki verən düşmən hərbi texnikasını döyüş meydanında qoyub qaçmışdı. Nəhayət Azərbaycan ordusu oktyabrın 17-də Füzuli şəhərini düşməndən azad etmişdi. Artıq Zəngilan və Qubadlıya gedən yol açılmışdı.
Düşmənin 30 il ərzində hazırladığı və möhkəmliyi, keçilməzliyi ilə öyündüyü müdafiə xəttini rəşadətli ordumuz yardı. Qurduqları yeraltı istehkamları darmadağın etdi. 20 oktyabr Zəngilan, 25 oktyabr Qubadlı işğaldan azad olundu".
Tarixçi bildirib ki, müasir silahları, dronları yüksək dəqiqli hərbi texnikaları bacarıqla tətbiq edən Azərbaycan ordusu Qarabağ səmasında üstünlüyü ələ aldı: "İndi səmaya yalnız Azərbaycan şahinləri hakim idi. Düşmənin bütün hava hücumlarından müdafiə sistemləri Pilotsuz uçuş aparatlarının (PUA) dəqiq zərbələri ilə məhv edildi. Dağların qoynunda yerləşən Şuşa şəhərinin azad olunması üçün "Şuşa əməliyyatı" başladı."Şuşa əməliyyatı" Azərbaycan əsgərinin möhtəşəm əsəri, dünya hərbi tarixinin dərsliklərə düşəcək döyüş nümunəsinə çevrildi. Ordumuzun Xüsusi Təyinatlı Qüvvələri Şuşa şəhərini heç bir texnikadan istifadə etmədən, əlbəyaxa döyüşlə azad etdi. Sayca və texnika baxımından üstün olan düşmən qüvvələri əsgərlərimizin yüksək döyüş ruhu qarşısında tab gətirmədi. 2020-ci il 8 Noyabrda Şuşa işğaldan azad olundu".
Gülnar İlyasova qeyd edib ki, Şuşanın işğaldan azad olunması düşmənin bütün mənəvi gücünü məhv etdi: "Məhz bu hadisədən 1 gün sonra noyabrın 9-dan 10-a keçən gecə üçtərəfli Rusiya - Azərbaycan - Ermənistan sazişi imzalandı. İşğalçı Ermənistan dövləti Azərbaycan Respublikasının Ali baş Komandanının təklifini qəbul edərək təslim oldu. Bu sazişlə işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonları da bir güllə belə atılmadan Azərbaycana qaytarıldı, ərazi bütövlüyümüz bərpa edildi. Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Ali baş Komandan -Xalq -Ordu birliyi Dəmir yumruq düşməni əzdi. 44 günlük döyüş əməliyyatları xalqımızın Zəfər tarixinə çevridi".
Füzuli