Hadrutun turizm potensialı çox genişdir- İlyas Hüseynov

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş rayonların ictimaiyyət nümayəndələri ilə birlikdə keçirdiyi görüşlər artıq ənənəvi hal alıb".

Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

"Bundan öncə də Ağdam rayonunda, eləcə də Şuşa və digər işğaldan azad olunmuş rayonlarda keçirilən görüşlər onu deməyə əsas verir ki, çox səmimi bir ortamda prezident işğaldan azad olunan rayonların sakinləri ilə görüşür və bu rayonlarla bağlı təəssüratlarını bölüşür. Erməni vandalizmi, barbarlığı əyani şəkildə bu rayonlarda öz dərin izlərini buraxıb. Ona görə də, həmin sakinlər həm öz ulu babalarının, əzizlərinin, qohumlarının məzarlarının hansı vəziyyətə salındığını görürlər, evlər, sosial obyektlər, infrastruktur obyektləri tamamilə dağıdılıb, talan olunub, Ermənistana daşınıb və Azərbaycan tarixi saxtalaşdırılıb. Bu istiqamətdə ermənilər müharibədən sonra gərgin fəaliyyət həyata keçiriblər və bu dırnaqarası fəaliyyətin nəticəsidir ki, azərbaycanlıların evləri bu gün yararsız hala salınıb. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərlə bağlı genişmiqyaslı bərpa, quruculuq, abadlıq işləri həyata keçirilir və bu abadlıq işləri həm də Xocavənd rayonunu əhatə edir. Xocavənd rayonu keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi olub və burada xüsusilə qeyd olunmalıdır ki, Tuğ kəndinin tarixi memarlıq üslubu qorunmaqla xüsusi şəkildə bərpa ediləcək. Eyni zamanda, Hadrutla da bağlı çox önəmli işlər həyata keçirilir və Hadrutun gələcəkdəki turizm imkanlarının daha da genişləndirilməsi nəzərdə tutulub. Önəmli bir məqam da bundan ibarətdir ki, Hadrutun turizm potensialı çox genişdir və il boyu fasiləsiz turizm imkanlarının bu ərazidə yaradılması planlaşdırılıb. Hadrutda da məscidin təməli qoyuldu, önəmli infrastruktur layihələri ilə bağlı müzakirələr gedir. Qəsəbənin baş planının təsis olunması da nəzərdə tutulub. Bir sıra dəyişikliklər olacaq, ona görə də, ərazilərin yenidən qurulması, bərpası və məcburi köçkünlərin həmin ərazilərə təhlükəsiz şəraitdə qaytarılması dövlətin əsas prioritetləri sırasındadır və Ali Baş Komandanın daim diqqətdədir".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31