Ukrayna Türk Keneşinə qoşula bilər

12 noyabrda Türk Şurasına (Türk Konseyi, yaxud qədim adla desək Türk Keneşi) daxil olan ölkələrin (tamhüquqlu üzvlər - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və müşahidəçi statuslu üzv - Macarıstan) liderlərinin növbəti toplantısı keçiriləcək. 2009-cu ildə Naxçıvanda əsası qoyulan Türk Dövlətlərinin Əməkdaşlıq Şurası ötən dövr ərzində genişlənə və möhkəmlənə bilib. Təsis ediləndə cəmisi 4 türk dövləti ilə yola çıxan Türk Şurasına qoşulanları sayı artıb. Verilən açıqlamalardan bəlli olur ki, say artmaqda davam edəcək.

Bugün üçün reallıq ondan ibarətdir ki, Türk Şurası müxtəlif beynəlxalq təşkilatlarla müqayisədə proseslərə bizim gözlədiyimiz və istədiyimiz kimi təsir etmək gücündə deyil. Amma hər il Şuraya daxil olan dövlətlərin liderlərinin, o cümlədən müxtəlif dövlət, ictimai, elm, təhsil, mədəniyyət, iqtisadiyyat və s. sahələr üzrə qurumların, şəxslərin toplantıları, aldıqları qərarlar prosesi irəliyə aparır. Bu çalışmalar Türk Keneşi daxilində inteqrasiyanı, onun ətraf ölkələrə və toplumlara təsirini gücləndirir. Bugünlərdə Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu müsbət bir xəbərin anonsunu verib. Türk Keneşində müşahidəçi statusu almaq istəyən Ukrayna türk dövlətlərinin liderlərinə müraciət edib. Bu barədə daha əvvəl də xəbərlər yayılmışdı.

Yenilik ondan ibarətdir ki, Ukraynanın Keneşdə müşahidəçi statusu almaq istəyi 12 noyabrdakı toplantıda müzakirəyə çıxarılacaq. Ehtimal ki, bu müraciət təsdiqlənəcək və qurum bir az da genişlənəcək. Bu isə Türk Dünyasının birliyi, inteqrasiyası, möhkəmlənməsi üçün çox mühüm amildir. Gələcək perspektivdə Türkmənistan, Pakistan, Gürcüstan, hətta Rusiya, Cənubi Koreya, İran, İraq kimi dövlətlərin də Türk Keneşində təmsil olunmaq istəklərini və çalışmalarını görə bilərik. Yəqin məhz bütün bu amilləri nəzərə alan siyasi liderlər qurumun adını Türk Dövlətləri Birliyi qoyub onu daha da genişləndirməyə hazırlıqlar görürlər.

Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri,

siyasi şərhçi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31