Bu tarix Azərbaycanın müqəddəratında yeni səhifənin açıldığı tarixdir
3 Oktyabr 2021 07:08 Siyasət1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. 1993-cü il oktyabrın 3-nə təyin edilmiş Prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi oldu. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu.
Politoloq İlyas Hüseynovun sözlərinə görə, bu tarix həmçinin Azərbaycan müqəddəratında yeni səhifənin açıldığı tarixdir:
"3 oktyabr 1993-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə gəlməsindən sonra prezident seçildiyi tarixdir. Həmçinin, bu tarix Azərbaycanda yeni dövlət quruculuğu sahəsində yeni səhifənin açılması ilə müşayiət olundu. Azərbaycan həmin dövrdə Birinci Qarabağ Müharibəsindən məğlub çıxmış, iqtisadiyyatı dağılmış, eyni zamanda əhalinin sabaha ümidsiz olduğu bir dövrdə Heydər Əliyev Azərbaycana rəhbərlik etdi və hakimiyyətə gəldiyi ilk günlərdən Azərbaycanda ordu quruculuğu sahəsinə böyük diqqət ayırdı. Azərbaycanda peşəkar hərbi qulluqçuların formalaşdırılması, Azərbaycan ordusuna fayda verən zabitlərin təlimlərinin genişləndirilməsi, müasir dünya standartlarına uyğun olaraq peşəkar kadrların hazırlığı prosesi başlandı. Vaxtilə Cəmşid Naxçıvanski adına hərbi məktəbdə hərbi təhsil almış şəxslərin bu işdə mühüm töhfələri olmuşdur. Azərbaycanda həyata keçirilmiş ordu quruculuğu islahatları dərinləşdikcə, torpaqların işğaldan azad olunmasına böyük ümid yaranırdı. 1994-cü ildə ulu öndərin rəhbərliyi altında tarixi Horadiz əməliyyatı həyata keçirildi, torpaqların mühüm hissəsi işğaldan azad olundu. Daha sonra isə 1994-cü ildə Bişkekdə müqavilə imzalandı və bu atəşkəs müqaviləsi Ermənistan tərəfindən dəfələrlə pozulur, Azərbaycan mövqeləri müxtəlif çaplı silahlardan atəşə tutulurdu. Bunun nəticəsində mülki, dinc insanlar qətlə yetirilir, düşmən gülləsinin qurbanına çevrilirdi. Heydər Əliyev iqtisadiyyat sahəsində də genişmiqyaslı islahatlar keçirildi. Ölkəmizdə dövrün və zamanın çağırışlarına uyğun olaraq iqtisadi paradiqmalar müəyyənləşdirildi, xüsusi sosial siyasət həyata keçirilməyə başlandı, eyni zamanda ölkəmizə beynəlxalq investisiyanın cəlb olunması istiqamətində fəal iş aparıldı. Əsrin Müqaviləsi adı altında imzalanmış dünyanın mühüm transmilli korporasiyaları ilə Azəri-Çıraq-Günəşli yataqlarının birgə işlənilməsi və neft hasilatının pay bölgüsü haqqında müqavilə Azərbaycan tarixinə daxil oldu. Daha sonra isə neftin nəql olunmasından əldə edilən gəlirlər iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına və əhalinin güzəranına istifadə edildi. Bütün bunlar çox dərin zəkaya malik olan Heydər Əliyevin yeni azərbaycançılıq konsepsiyası idi. Eyni zamanda azərbaycançılıq məfkurəsi tezisini irəli sürən Heydər Əliyev, Azərbaycanda bütün xalqların harmoniya şəklində tolerantlıq mühitində yaşamasının alternativsiz olması ilə bağlı fikirlər irəli sürdü. Xalqımızın bütün kəsimləri arasında bu doktrina dəstəkləndi və bu gün biz bunun bariz nəticəsini görürük. Azərbaycanda sağlam multikultural mühit formalaşdırılmışdı və Azərbaycan bir sıra beynəlxalq birliyə dəstək verən tədbirlərin ev sahibi kimi çıxış etmişdir. Heydər Əliyev Azərbaycana yeni səhifənin açılması ilə bağlı böyük addımların atılmasını həyata keçirdi və yeni dövrdə dünyada baş verən müxtəlif proseslərə rəğmən çiçəklənən, iqtisadiyyatı artan və MDB məkanında lider dövlətlərdən birinin yaranmasına səbəb oldu. Eyni zamanda, onun siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti müzəffər ali baş komandan Heydər Əliyevin qoyduğu yolla gedərək həm ordu quruculuğu sahəsində fəaliyyəti daha da genişləndirdi, həm iqtisadiyyatın mühüm komponentləri üzrə göstəricilərin daha da artırılmasına öz mühüm töhfəsini verdi, həm də ilk növbədə sosial siyasətin daha da dərinləşdirilməsi yolunu tutdu. Ən önəmli məsələ Vətən Müharibəsində Azərbaycanın zəfəridir. Heydər Əliyevin qoyduğu mühüm təməllər üzərində peşəkar ordu quruculuğu siyasətini davam etdirən müzəffər ali baş komandan düşmən işğalında olan torpaqları işğaldan azad etdi. Biz həm də çox çətin geosiyasi və geoiqtisadi durumda olan Azərbaycanın 1993-cü ildən bu günə qədər keçdiyi yola baxanda, görürük ki, Azərbaycan böyük yol qət etmişdir və bu Azərbaycan xalqının siyasi iradəsi sayəsində mümkün olmuşdur. Müzəffər ali baş komandan İlham Əliyev Azərbaycana böyük qələbə bəxş etdi və bu gün də Azərbaycan dövlətinin mövqelərinin möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz xidmətlər həyata keçirdir. Böyük ümidlə söyləyə bilərik ki, Azərbaycanın böyük qələbələri hələ irəlidədir və Azərbaycan xalqının rifahının yüksəldilməsi istiqamətində cənab prezident öz əməyini əsirgəmir".