“Bakıya təzyiq, Bakı üzərindən Ankaraya mesaj və Moskvaya...” – İran nəyə nail olmaq istəyir?

"Gorus-Qafan yolu ilə bağlı gərginlik masada sakitləşdi. İran Xankəndiyə yük daşınmalarını özəl şirkətlərin üzərinə yıxaraq, "bir daha olmayacaq" sözünü verdi. Türkiyə-Azərbaycan-İran XİN rəhbərlərinin Tehranda üçtərəfli görüşü ilə bağlı razılıq əldə olundu. Bakı və Tehran arasında proseslər düz xəttə çıxmaq üzrəydi. Amma İran quru qoşunları Azərbaycanla sərhəddə Naxçıvan istiqamətindən Cəbrayıla qədər - yeni təlimlərə start verib".

Olaylar.az  xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı İran ordusunun Quru Qoşunlarının ölkənin şimal-qərb rayonlarında "Xeybəri fəth edənlər" adlı hərbi təlim keçirməsi haqda danışarkən deyib.

O, bildirib ki, son proseslər fonunda iki mümkün səbəb var:

"Birinci səbəb kimi Prezident İlham Əliyevin "Anadolu" agentliyinə müsahibəsində İrana haqlı irad bildirməsini göstərmək olar. Adekvat olmayan aqressiya, İran mediasının Əliyevin məlum iradlarından sonra total hücuma keçməsi Gorus-Qafan yolu ilə bağlı nəticənin Tehranı qane etmədiyini göstərir.

İranlı sürücülərin Xankəndiyə yük daşınma sənədi ilə saxlanılmasından sonra Tehran fakt qarşısında qaldı və məsələni özəl şirkətlərin üzərinə yükləyərək, Bakının şərtləri ilə razılaşmağa məcbur oldu. Görünür, bu nəticə rəsmi Tehranın ürəyincə deyil.

Müharibədən sonra Ermənistana, ümumilikdə Cənubi Qafqaza çıxışı böyük ölçüdə Bakının təsirinə düşən İran üçün Zəngəzur xətti "nəfəslik" rolunu oynayır. Bakının Gorus-Qafan yolunda praktiki tədbirləri bu "nəfəsliyi" bağladı. İran anladı ki, Zəngəzur dəhlizinin reallaşması uzansa belə, Azərbaycanın əlində cari dövr üçün güclü "rıçaqlar" var. Tehran Gorus-Qafan yolunda maneələri aradan qaldırması üçün "güc nümayişi" ilə Bakını məcbur etməyə çalışır.

İkincisi, Ərdoğan və Putinin Soçidə anlaşması İranın Yaxın Şərqdə məzhəbçilik üzərindən qurduğu strategiyaya, Cənubi Qafqazda sıxışdırılmasına, son kartının (Ermənistan) da əlindən çıxmasına gətirib çıxaracaq. Hərbi təlimlərə Soçi görüşündən sonra yenidən start verilməsi də bundan qaynaqlanır. İran üçün Soçidə mümkün anlaşma ciddi itkilər deməkdir".

A. Nərimanlının sözlərinə görə, Azərbaycan daxilində "dindar qruplar" hərəkətə gətirilib:

"Bunlar Bakıya "xəbərdarlıq" idi, əslində İranın Ankara və Moskvaya təsir "rıçaq"ları zəif olduğu üçün əlindəki ən "unikal" imkanı xərcləyir: Azərbaycana hücum. Ermənistan kartının İranın əlindən çıxması, Tehranın bölgədə Bakı-Ankara ikilisinin təsirinə düşməsi perspektivini gücləndirir: İran səfirinin dünən axşam saatlarında Ermənistanın XİN rəhbəri ilə görüşü, Gorus-Qafan yolundakı vəziyyəti və çəkilən altetnativ yolu müzakirə etməsi Tehranın İrəvanı əlində saxlamaq üçün bütün vasitələrdən istifadə etdiyini göstərir.

Görüşdən iki gün sonra İran quru qoşunları Azərbaycanla sərhəddə təlimlərinə start verdi. Hədəf Bakıya təzyiq, Bakı üzərindən Ankaraya mesaj, Moskvaya "bölgədə mənim də maraqlarım var" siqnalının verilməsi, Zəngəzur dəhlizinin önünü kəsməkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31