"Azərbaycan öz şərtlərini qəbul etdirib" - ATƏT-lə bağlı AÇIQLAMA

"ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfəri çərçivəsində Azəbaycan və Ermənistan liderlərinin görüşünü təşkil edə bilərlər".

Olaylar.az xəbər verir ki, bunu sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, prezident İlham Əliyev də Fransa telekanalına verdiyi müsahibədə belə bir görüşə etiraz etmədiyini qeyd edib:

"Görünür, Azərbaycan öz şərtlərini qəbul etdirdiyinə görə, həmsədrlərin regiona səfərinə etiraz etmir. Bu şərtlər əsasən, Ermənistan və Azərbaycan arasında mümkün sülh danışıqlarına töhfə vermək, Qarabağ məsələsini müzakirə etməməkdir. Həmsədrlər iki ölkə arasında münasibətlərin qurulması istiqamətində vasitəçilik edəcək".

Politoloq bildirib ki, ABŞ və Fransa tərəfi bir müddətdən sonra "status" məsələsini gündəliyə gətirə bilər:

"Bu da növbəti dəfə iki ölkə arasında təmasların qurulmasının qarşısını alacaq. Minsk qrupu ilk öncə 10 noyabr Birgə Bəyannaməsinin yerinə yetirilməsinə çalışmalıdır. Əgər bu baş verməsə, ümumiyyətlə, bu formatdan imtina etmək lazım gələcək. Minsk qrupunun iki ölkə liderlərini bir araya gətirməsi mümkündür və belə bir görüş təşkil olunacaqsa, prinsipcə Ermənistan tərəfinin növbəti dəfə "status" məsələsinə qayıtma ehtimalı qaçılmazdır".

M.Əsədullazadənin sözlərinə görə, bu proses Bakı-Moskva -Ankara formatı çərçivəsində gedərsə, uğurlu olar:

"ABŞ və Fransanın yenidən prosesə qatılması ümumi vəziyyəti gərginləşdirəcək.Türkiyə prezidenti Ərdoğanla Soçidə görüşdən sonra Rusiya prezidenti Putin Paşinyanı Moskvaya dəvət edib. Görünür, Zəngəzur dəhlizi ilə bağlı danışıqlar olacaq. Belə bir format olduqda, Minsk qrupunun yenidən dirçəlməsinə ehtiyac yox idi. Rəsmi Bakı Vaşinqtondan artan təzyiqləri neytrallaşdırmağa çalışır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31