“Necə olur ki, sən özünü bir müsəlman ölkəsi, məzhəbcə şiə dövləti elan edirsən, lakin dostun Ermənistandır?”
30 Sentyabr 2021 21:55 SiyasətSentyabrın 27-si Milli Anım günündə Göyçay rayonunun Aşağı Qaraməryəm kəndində Şəhid məzarları üstündə iki molla xanımın apardığı antiİsrail təbliğatlarla bağlı Olaylar.az-a açıqlama verən cebhe.info-nun baş direktoru, siyasi ekspert Rəfael Becanov bildirib ki, baş verən hadisə birmənalı şəkildə təxribatdır: "Çünki biz müqəddəs günlərdə şəhidlərimizin xatirəsini anarkən, Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı böyük qəhrəmanlıq, şücaət göstərən igidlərimizi yad edərkən müqəddəs mövzulardan danışmalıyıq. Şəhidlər bizim başımızın tacıdır. Bizim üçün ən müqəddəs insanlardır. Onlar şəhidlik zirvəsinə yüksəlib və vətən uğrunda canlarından keçiblər. Onların məzarı başında, xüsusilə də Anım günündə bu kimi hərəkətlərə təxribatdan başqa bir ad vermək olmur. Hər hansı bir azərbaycanlı bunu edirsə, o adam ölkəyə qarşı aşkar şəkildə təxribat edir. Bu prosesə xanımların cəlb olunması bizim üçün təəssüfləndirici bir haldır. Əgər bir xanım dini ritualları həyata keçirmək istəyirsə, təxribatçı fikirlər səsləndirmək ona məxsus olan bir iş deyil. Təxribatçı sözlərə, çağırışlara yol vermək olmaz. Təəssüf ki, bəzən din xadimi roluna girmiş, özünü göstərən bəzi adamlar, istər xanım, ya da bəylər olsun, öz işlərini görməkdənsə, hansısa bir dövlət, ölkə, kəşfiyyatın istəklərini həyata keçirməyə çalışır. Amma anlamırlar ki, bu Azərbaycanda həyata keçiriləcək məsələ deyil. Azərbaycanda hər hansısa bir dini zəmində təxribata cəhd etmək fiaskoya uğrayacaq . Təbii ki, bu sahədə Azərbaycanın müvafiq qurumları öz işini çox yaxşı bilir, işinin öhdəsindən yaxşı gəlir.Təxribatçı din xadimlərindən və molla donuna bürünmüşlərdən fərqli olaraq, yüzlərlə ruhani, din xadimi, molla deyilən insanlar var ki, vətən onlar üçün müqəddəsdir. Onlar dinə öz rituallarını həyata keçirmək kimi baxırlar. Mənəvi borc bilirlər. Vətəni sevir və müqəddəs bilirlər. Beş-on təxribatçının etdiyi hərəkətlər ancaq agentura şəbəkəsinə aid olan məsələlərdir. Ümumiyyətlə Azərbaycan bütün qonşuları ilə dinc qarşılıqlı əməkdaşlıq, hörmət şəraitində yaşamaq istəyən bir dövlətdir. Bu Ermənistana da, İrana da, İsrailə də aiddir. Təəssüf ki, Ermənistan bunu heç vaxt başa düşmək istəməyib. Tam 30 il bizim torpaqlarımızı işğal altında saxladı. Nəticədə biz "Dəmir Yumruq" əməliyyatı ilə, vətən müharibəsi yolu ilə torpaqlarımızı işğaldan azad etdik. O cümlədən İranla dinc yanaşı qonşu şəraitdə yaşamaq istəyində olmuşuq. Lakin təəssüflər olsun ki, İranın ideoloji təxribatları Azərbaycanda hansısa formada davam etdirməyə cəhd edilir. Bunu hamımız bilirik ki, biz bölünmüş bir xalqıq. Torpaqlarımızın böyük əksəriyyəti bu gün İranın nəzarətindədir. Xalqımızın böyük bir qismi İran əsarəti altında yaşayır. Orada bizim ana dilimizin məktəblərdə tədris olunmasına icazə verilmir. Azərbaycan dilini qadağan ediblər . Halbuki, İran konistitusiyasına görə təsbit olunub ki, öz soydaşlarımız Azərbaycan dilində oxuya bilərlər. Təəssüf ki, bu İranın siyasi rejiminin Azərbaycana və həmvətəndaşlarımıza qarşı münasibətidir. Bu heç də xoş münasibət deyil. Hər kəs istəyir ki, İran -Azərbaycan münasibətləri sülh və əminamanlıq şəraitində davam etsin, amma İranın Azərbaycana qarşı mövqeyi heç vaxt belə olmayıb. İran istər 44 günlük Vətən müharibəsi dönəmində, istər digər zamanlarda hər dəfə Ermənistanın yanında olub. Bu Azərbaycan cəmiyyətində hiddət doğurur. Necə olur ki, sən özünü bir müsəlman ölkəsi, məzhəbcə şiə dövləti elan edirsən, lakin hərəkətlərin və dostun Ermənistandır? O Ermənistan ki, Azərbaycan məscidlərini donuz fermalarına çevirmişdi. Azərbaycan bunu haqlı olaraq səsləndirəndə İran rejimi buna qıcıqlanır. Buna qıcıqlanmaq lazım deyil. Əksinə düşünmək və siyasi xəttində dəyişiklik etməlidir. Anlamalıdır ki, Azərbaycan bir müsəlman ölkəsidir. Təəssüf ki, İran rejimi bunu nəzərə almır və həmişə Azərbaycana qarşı bu münasibəti sərgiləyir. Bizim etirazlarımıza, iradlarımıza isə Azərbaycanın daxilində olan beş-on nəfərlə cavab vermək istəyir. Bu mümkün olan bir məsələ deyil, onlar tezliklə ifşa olunur. Artıq hamımız bildik ki, həmin xanımlar araşdırılaraq Dövlət Təhlükəsizlik Komitəsinə çağrıldı. Onlara xəbərdarlıq edildi ki, şəhidlərin müqəddəs Anım günündə bu təxribatçı fikirlərə yol verməklə onlar heç nəyə nail ola bilməyəcəklər. Bu çağırışlar davam edərsə, hüquq-mühafizə orqanları tərəfindən cəzalandırılacaqlar"
Mehriban Xəlilli