“Hazırda Rusiya Cənubi Qafqazda sabitlik yaratmaq müstəvisində tərəfdaş kimi məhz Türkiyəni görür”- Sahil İsgəndərov
30 Sentyabr 2021 14:37 SiyasətTürkiyə və Rusiya Prezidentlərinin sentyabrın 29-da görüşü ilə bağlı açıqlama verən politoloq Sahil İsgəndərov bildirib ki,Türkiyə və Rusiya Prezidentlərinin görüşündə bir neçə məsələ müzakirə olundu. Təsadüfü deyil ki, Putin təxminən iki həftə özünütəcrid rejimini məhz bu görüş naminə etmişdi. Təbii ki, bunu videoformat şəklində də təşkil edə bilərdi amma, elə məsələlər var ki, onlar yalnız ikili, qarşı-qarşıya, qapalı qaydada müzakirə olunmalıdır. Putinin də qeyd etdiyi kimi bir çox məsələlərdə danışıqlar elə də asan getmir, amma sonda müsbət nəticələr əldə olunur. Bildiyiniz kimi orada ən mühüm məsələ, Rusiyanı ən çox narahat edən Suriya və Türkiyə məsələsi idi. Son zamanlar İdlib vilayətində bir sıra ixtişaşlar baş verməsi yəqin ki yadınızdadır. Rusiyanın raket kompleksindən hava hücumları həyata keçirilib və Türkiyəyə meylli qüvvələr zərbələr endirilmişdi. Bu müstəvidə Türkiyənin Baş Qərargah rəisi Hulusi Akar sərt açıqlama verib. Düşünürəm ki, iki tərəf bu məsələdə konkret olaraq ortaq məxrəcə gəlməliydilər. Xatırlayırsınızsa, son dəfə iki dövlət başçısının görüşü ötən ilin mayında baş verib. Amma ötən ildən fərqli olaraq bu görüşdə başqa məsələlərdən də söhbət getdi, bura Cənubi Qafqaz aiddir. Rusiya Prezidenti konkret olaraq bu məsələdə öz fikrini açıq - aydın bildirdi. Görüşdən əvvəlki açıqlamasında Rus -Türk Monitorinq Mərkəzinin fəaliyyətini xüsusi vurğuladı. Bu Mərkəz Azərbaycan, Ermənistan, Qarabağ bölgəsində atəşgəsin bərpa olunmasında fəal şəkildə işləyir. Bu gün onu göstərir ki, konkret olaraq artıq Rusiya Cənubi Qafqazda sabitlik yaratmaq müstəvisində tərəfdaş kimi məhz Türkiyəni görür. Bu da təsadüfi deyil. Rusiya vətən müharibəsindəki dövrdə və ondan sonraki vaxtlarda Cənubi Qafqazda münaqişənin həllində əsas moderatorlardan biri kimi çıxış edir. ABŞ, Fransa və digər dövlətlərin regionda ara qarışdırmaq və ümumiyyətlə bir növ bəzi məsələləri sıfır nöqtəsinə qaytarmaq cəhdlərinin qarşısını almaq üçün ən yaxşı müttəfiq kimi Türkiyəni görüb. İkinci bir tərəfdən qapalı görüşlərin nəticələri və mövzusu barəsində sonradan açıqlama verilməsə də, ən azı hər iki Prezidentin görüşdən razı şəkildə çıxması bir daha sübut edir ki, prezdentlərin gəldiyi ortaq məxrəc, nəticələr, ümümiyyətlə məmnunluqla qarşılanıb. Onların həm Suriyada, həm Cənubi Qafqazda əməkdaşlıq müstəvsində bir-birlərinə söykənməsi bir-birlərinə dayaq olması ilə bağlıdır. Bu görüşlərdən bəlli olur ki, iki dövlət başçısı ortaq məxrəcə gəliblər. Bu isə Zəngəzur dəhlizi ilə sıx əlaqəlidir. Orada Zəngəzur dəhlizinin açılması ilə bağlı tərəflər qarşılıqlı , birgə addım atmağı, səylər göstərməyi qərarlaşdırıblar. Belə görüşlərin nəticəsi barəsində bəzi hallarda açıqlamalar verilməsə də, zaman-zaman görüşdə ortaya gələn, əldə olunan razılaşmalar barədə məlumatlar veriləcək və istənilən halda bu məlumatlar müsbət olacaq. Sözsüz ki, həm Azərbaycanın, həm Türkiyənin, həm də Rusiyanın maraqları baxımından müsbət kontekst olacaq. Ermənistan bu və ya digər şəkildə , həmən müsbət məqamları, müsbət aspektləri qəbul etmək məcburiyyətində qalacaq. Son nəticədə Zəngəzur dəhlizinin açılmasına, regionda hərtərəfli əməkdaşlığın və sabitliyin bərqərar olmasına təsir göstərəcək.