İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərir
30 Sentyabr 2021 12:40 SiyasətPrezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti nəticəsində əldə olunmuş iqtidar-xalq-ordu birliyi bir "dəmir yumruq"da birləşərək işğalçıya qarşı sarsıdıcı zərbə endirdi. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşməni məğlubiyyətə uğratdı. Hər zaman xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərdi. Azərbaycana qarşı formalaşmış informasiya blokadasını yararaq müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr verdi. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğurudur desək, fikrimizdə yanılmarıq. Məhz həmin müsahibələr vasitəsilə beynəlxalq təşkilatlar tərəfindən ölkəmizə yönəlmiş təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alındı. Müharibədən sonrakı dövrdə də Prezident İlham Əliyev öz çıxışları, müsahibələri ilə Azərbaycanın Zəfər qələbəsinə qısqanclıqla yanaşan, bu qələbəni həzm etməyən qüvvələri yerində oturtmağı bacardı. Elə dövlət başçısının Türkiyənin "Anadolu" agentliyinə verdiyi müsahibə buna bariz nümunədir. Prezident sözügedən müsahibədə ölkəmizin haqq davasında əldə etdiyi ədalətli qələbəni şərtləndirən amillər və Azərbaycanın mövqeyini qəti şəkildə ortaya qoydu.
Politoloq Əlimusa İbrahimov da hesab edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün müsahibə və bəyanatlarında olduğu kimi Türkiyənin "Anadolu" agentliyinə verdiyi müsahibə də Azərbaycanı və ümumiyyətlə regionu maraqlandıran və yaxın keçmiş və gələcək perspektivləri aydınlaşdıran məqamlarla doludur: "Hər şeydən əvvəl bir il bundan qabaq baş vermiş 44 günlük müharibənin motivlərinin İlham Əliyev tərəfindən açılması olduqca maraqlı idi və Azərbaycanı bu müharibəni başlamaqda günahlandıran xarici qüvvələrə ən tutarlı cavab kimi qiymətləndirilə bilər. Son müharibənin baş verməsi səbəbləri və şəraitini bu qədər ciddi dəlillərlə izah edən ikinci bir təhlil tapmaq mümkün deyil: "Bilirsiniz, son müddət ərzində Ermənistanın bizə qarşı təxribatları müntəzəm xarakter almışdı. Həm bizə qarşı yönəlmiş açıqlamalar, eyni zamanda, addımlar onu göstərirdi ki, Ermənistan yeni müharibəyə hazırlaşır. Mən bunun səbəblərini bu günə qədər də anlaya bilmirəm. Çünki 30 il ərzində digər dövlətin torpaqlarını işğal altında saxlayan bir dövlət yeni savaşa çıxmaq fikrində olursa, bu, çox ciddi araşdırılmalıdır ki, bunun səbəbi nədir". Bu ifadələrlə yanaşı, İlham Əliyev Ermənistanın müharibə ərəfəsində atdıqları addımları ardıcıllıqla sadalayır. Bu dəlilləri diqqətlə nəzərdən keçirən istənilən şəxs - istər siyasətçi olsun, istər olmasın - müharibənin məhz Ermənistan tərəfindən qaynaqlandığına heç bir şübhə görmür". Onun bildirdiyinə görə, Prezident İlham Əliyev orada yaşayan ermənilərin həyat şəraitindən dəhşətə gəlir və bu sakinləri, Ermənistana rəhbərlik edənləri insanlıq naminə ədalətli olmağa çağırır. Azərbaycan Respublikası Prezidenti düşmən cəbhəsində dayanan insanların belə insanlıqdan uzaq olan şəraitdə yaşamasına dözməyin mümkün olmadığını ifadə edir. Qoy ermənilər Sarkisyan, Koçaryan kimi vaxtında rəhbərləri olmuş şəxslərin Azərbaycan xalqı haqqında dediklərini də yada salıb utansınlar və əsl Prezidentin necə və hansı xüsusiyyətlərə malik olması haqqında dərs götürsünlər: "Mən Zəfərdən sonra bölgələrə onlarla səfər etdim və orada bəzi kəndlərdə, ermənilərin yaşadıqları kəndlərdə gördüyüm mənzərə məni dəhşətə gətirdi. Yəni, insana yaraşmayan bir vəziyyət. Bəzi kəndlərin evləri indi analiz edilir, evlərin 95 faizi yararsızdır, yəni, orada heç kimsə yaşaya bilməz, onlar sökülməlidir. Yəni, 30 il belə rəzil durumda yaşayan bir toplum təbii ki, işıq üzü görmək istəyir və işıq yalnız Azərbaycandan gələcək. Anlamaq lazımdır ki, onlar üçün də bu, o qədər də asan məsələ deyil. Burada psixoloji durum da nəzərə alınmalıdır. Ancaq biz hər halda xoş niyyət göstəririk və ümid edirəm, onlar anlayacaq ki, xoşbəxt gələcəkləri, rifahla dolu gələcək ancaq Azərbaycan dövləti ilə bağlıdır".
Ə.İbrahimov qeyd edib ki, Azərbaycan Prezidentinin Qarabağda yaşayan erməniləri diqqətdənkənar buraxmaması humanizm prinsiplərinə necə hörmət etməyimizin ən bariz nümunəsi ola bilər: "Budur dinimizə, adət-ənənəmizə, bəşəri hisslərə hörmətlə yanaşmağın təcəssümü. İlham Əliyev dünən bizə qarşı silah qaldıran, amma bu gün bizdən asılı vəziyyətdə olan insanlara öz vətəndaşları kimi rəftar edir. Onlar üçün heç bir qorxu və təhlükənin olmadığını bütün dünyaya elan edir. Bunun qədər humanist addım atılıbmı dünənki düşmənə qarşı? Bəs nədən bizim bu xeyirxah addımlarımızı layiqincə qiymətləndirmək istəmir ikili standartların əsiri olan dövlətlər? Çünki görmək istəmirlər və onların xidmət etdikləri amallar insanlıq naminə adlandırılan amallar deyil. "Qarabağda 25 min erməni yaşayır, onlar da bu işlərdə iştirak edə bilərlər - həm inşaat, həm də bərpa işlərində. Eyni zamanda, gələcəkdə biz onların yaşadıqları yerlərdə, kəndlərdə onlar üçün şərait yaradarıq. İndi baxın, bizim Qarabağ və Şərqi Zəngəzurla bağlı planlarımız göz önündədir. Ağdam şəhərinin baş planı təsdiq edildi. Yaxın gələcəkdə Cəbrayıl və Füzuli şəhərlərinin, bütövlükdə rayonların baş planları təsdiq ediləcək. Bu, bizim gücümüzü göstərir və biz ermənilərin indi Qarabağda yaşadıqları kəndlərdə də bunu edə bilərik".
Nurlan