AŞPA-dakı deputat qrupumuza sərt ittiham : “İzahat versinlər, qarşısını niyə almadılar?”
30 Sentyabr 2021 12:00 Siyasət"AŞPA-da Qarabağ müharibəsinin humanitar nəticələri ilə bağlı qəbul edilən qətnamə haqsız və əsassızdır. Qətnamənin mətni ilə tanış oldum və deyə bilərəm ki, "sənəd" daha çox ermənilərin mövqeyini əks etdirir".
Bu sözləri Olaylar.az "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında "Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri" adlı qəbul etdiyi qətnamə haqda danışarkən deyib.
O, bildirib ki, qətnamə büsbütün Azərbaycan əleyhinədir: "Birincisi, Azərbaycan Prezidentinin fərmanı ilə "Dağlıq Qarabağ" adlı ərazi bölgüsü ləğv edilsə də, AŞPA-nın qətnaməsində məhz bu söz birləşməsindən istifadə edilir. Başqa sözlə, AŞPA Azərbaycan dövlətinin qərarı ilə hesablaşmadığını ortaya qoyub. İkincisi, qətnamədə Azərbaycandan "erməni əsirləri" azad etməsi tələb olunur. Halbuki biz deyirik ki, 9 noyabrdan sonra ələ keçirənlər diversantdırlar. Ancaq AŞPA ermənilər kimi deyir ki, "onlar əsirdirlər və Ermənistana təhvil verilməlidirlər".
Üçüncüsü, qətnamədə bölgədəki "erməni irsinin və mədəniyyət abidlərinin" qorunmasıvacibliyi vurğulanıb. AŞPA qətnaməsində "erməni irsinin" Qafqaz Albaniyası termini ilə əvəz edilməsindən narahatlıq vurğulanıb".
Politoloqun sözlərinə görə, Azərbaycanın AŞPA-dakı deputat qrupu əleyhimizə yönələn bu qətnamənin qarşısını niyə ala bilmədiklərini izah etməlidir:
"Deputat qrupumuz antiazərbaycan qətnaməsinin hazırlandığı dövrdə mətnə zəruri düzəliş və əlavələrin edilməsi üçün fəaliyyət göstəribmi? Nəsə etməyə çalışıblarsa, necə olub ki, AŞPA qatı ermənipərəst qətnamə qəbul edib? Nümayəndə heyətimiz AŞPA binasında xarici həmkarlarının qatılmadığı sərgi keçirməkdənsə, var gücüylə antiazərbaycan qətnaməsinin qəbulunun qarşısını almalı idi".
Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) deputatlarına müraciət etsək də telefonlarımıza cavab verən olmadı. (sfera)