“Bu gün Azərbaycan xalqı qalib xalqdır”- Oqtay Əsədov
27 Sentyabr 2021 12:44 Siyasət"Elə gün var ki, illər keçsə də həmin tarixi gün heç vaxt unudulmur, hər zaman böyük fəxarət hissi ilə xatırlanlr. Azərbaycanın dövlətçilik tarixinin ən şanlı, qızıl hərflərlə yazılan səhifəsini təşkil edən Vətən müharibəsinin birinci ildönümünü qeyd eydiyimiz 27 sentyabr da məhz belə günlərdəndir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Oqtay Əsədovun sözlərinə görə, bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 1 il ötür. Bir il əvvəl Qarabağda başlayan əks-hücum əməliyyatı təkcə Azərbaycanda deyil, bütün regionun tarixində dönüş nöqtəsi oldu. Ermənistanın Azərbaycana qarşı sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başladı: "Haqq və şərəf işimiz olan, respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, dəmir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycan Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünü bərpa etdi və regionda tamamilə yeni reallıq yaratdı. Sentyabrın 27-də başlayan müharibə 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktına imza atması ilə başa çatdı. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalandı. 44 gün davam edən və qələbə ilə başa çatan Vətən müharibəsi Azərbaycanın şanlı tarixinin səhifələrində yer aldı. Azərbaycan müharibə ərzində düşmən və onun havadarları ilə mübarizədə bütün cəbhələrdə qələbə qazandı. 44 günlük müharibə dünya hərb tarixi üçün də yeni səhifə oldu".
Onun sözlərinə görə, Vətən müharibəsi həm də iqtidar-xalq birliyini bir daha göstərdi. Vətən müharibəsi şəhidlərimizin qanı-canı bahasına bu gün Qarabağda dalğalanan üçrəngli bayrağımızı bir daha sevdirdi. Vətən müharibəsi xalqımızın sarsılmaz iradəsini göstərdi. Vətən müharibəsi Prezident İlham Əliyevin ətrafında birləşmiş böyük gücün rəmzi oldu. Vətən müharibəsi xalqımızın milli kimliyini özünə qaytardı: "Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində 2907 hərbi qulluqçusu şəhid oldu, 7 nəfər itkin düşmüş sayılır. Bu gün Azərbaycanda Milli anım günüdür. Bu gün nəinki Azərbaycanda, dünyanın müxtəlif ölkələrində milyonlarla həmvətənimiz Qarabağın işğaldan azad olunması uğrunda canından keçmiş şəhidlərimizi yad edir. Torpaqlarımız uğrunda şəhid olanları rəhmətlə anır, qazilərimizə cansağlığı arzulayıram. Bu gün Azərbaycan qalib xalqdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib olmağımızla Azərbaycan dövlətçiliyi tarixində mahiyyət etibarilə tamamilə yeni inkişaf mərhələsi başlandı. İnanıram ki, iqtidar-xalq birliyi bundan sonra da davam edəcək, xalqımız Prezident İlham Əliyevin ətrafında daha sıx birləşəcək. Azərbaycanın bundan sonra da imzalar içində imzasının olacağına əminəm".