Birlik, iradə və əzmkarlıq- Qələbəyə aparan yol
27 Sentyabr 2021 11:39 SiyasətAzərbaycan bu gün 27 sentyabr-Anam Gününü qeyd edir. 27 Sentyabr Azərbaycan dövlətinin şərəf, qurur günü kimi qəbul edilir, Vətən uğrunda canını qurban verən igid oğulların keçdiyi qəhrənamlıq səlnaməsi anınır. Məhz bu tarixin Anım Günü kimi qeyd edilməsilə bağlı Prezident İlham Əliyev 2020-ci il 2 dekabr tarixində "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Heç şübhəsiz ki, bu günün tarixi əhəmiyyətini dərk etməkdən ötrü əvvəlcə 27 sentyabr tarixinin bizim üçün hansı əhəmiyyət daşıdığını araşdırmağa ehtiyac var. Əvvala onu qeyd edək ki, Anım Günü-Azərbaycan Respublikasında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması kimi başa düşülür.Təsadüfi deyil ki, Anım Günü məhz müharibənin başlandığı gün-sentyabrın 27-də keçirilir. Xatırladaq ki, 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda isə qismən səfərbərlik elan edildi. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanaraq İkinci Qarabağ müharibəsinə çevrildi.
Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qaldı. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənildi və beynəlxalq qətnamələr kağız üzərində qaldı. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirdi və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışdı. Digər bir mötəbər beynəlxalq təşkilat, BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirdi, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləndi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı. Məhz beynəlxalq təşkilatların fəaliyyətsizliyindən ruhlanan ermənilər bütün bu illər ərzində Ermənistan işğalçı siyasətini davam etdirərək, ərazilərimizdə təxribatlar törətdi, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açdı, onların rahat yaşamasına imkan vermədi. Buna cavab olaraq 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirdi. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmayaraq Azərbaycana qarşı diversiyaları davam etdirdi, erməni siyasətçiləri aşağılayacı və təxribatçı bəyanatlar verməkdə davam etdirlər. Yeni ərazi iddialarını gerçəkləşdirmək niyyətinə düşən ermənilər 2020-ci il 27 sentyabr tarixində növbəti hərbi təxribat törədilər, Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutdular. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Beləliklə də, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.
Belə ki, 44 günlük Vətən müharibəsində xalqın birliyi və ədalətli mövqeyi "dəmir yumruq"da birləşərək işğalçıya sarsıdıcı zərbə vurdu. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Xüsusən, Ali Baş Komandan, Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərdi, Azərbaycana qarşı informasiya blokadasını yardı, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr verdi. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğurudur düsək heç də yanılmarıq. Çünki, həmin müsahibə və çıxışlarla beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alınmış oldu. Nəticədə işğalçı Ermənistan dövləti rəaşadətli Azərbaycan Ordusu qarşısında diz çökərək kapituliyasiya aktına imza atdı.
Etiraf edək ki, əldə edilən qələbədə, Azərbaycan cəmiyyəti, siyasi partiya və digər vətəndaş cəmiyyətləri, media öz süzünü dedi. Belə ki,Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərdi. Siyasi partiyalar tərəfindən ümumilikdə 8 birgə bəyanat və 2 müraciətin imzalanması milli həmrəyliyin bariz nümunəsi idi. Burada "Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar", "Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair", "Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı", "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması ilə əlaqədar" bəyanatlar, həmçinin "Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair" və müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin (o cümlədən 50 siyasi partiyanın) müraciətləri xüsusi olaraq qeyd olunmalıdır.
Onu da qeyd edək ki, bu məğlubiyyət təkcə Ermənistanın deyil, eləcə də işğalçı dövlətin havadarlarının acınacaqlı məğlubiyyəti idi. Son 30 ildə havadarlarına arxalanan Ermənistandakı hərbi-siyasi xuntalar güman edirdilər ki, "xilaskar"ları bu dəfə də onların köməyinə gələcək. Lakin 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, yalvarışlara, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.
Hazırda Ermənistanın revanşist ünsürlərinin qarşısında Azərbaycanın dəmir yumruğu dayanıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki çıxışında yumruğunu düyünləyərək bildirib: "Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır". Odur ki, rəsmi İrəvanın revanşist cəhdləri sadəcə intihar - Ermənistan dövlətçiliyinin sonu ola bilər. Ermənistan bundan sonra öz gələcəyi haqqında düşünərkən gərək qonşu ölkələrin torpaqları haqqında xəyallara qapılmasın.
Alim