POLAD ANA! - Bütün şəhid analarına həsr olunur+VİDEO
27 Sentyabr 2021 09:56 SiyasətTapşırığımız var. Daha doğrusu öhdəliyimiz. Şəhidlərin əziz xatirəsinə çarx hazırlamaq. Hər dəfə şəhidlərlə bağlı çəkiliş etməli olanda bir başqa abu-hava yaranır. Hər kəs bir qatqı qatmaq, onların ruhuna xatir nəsə etmək istəyir. İdeya var artıq. Çəkilişdə Milli qəhrəman, general-mayor Polad Həşimovun anası - Səmayə ananın iştirakı da nəzərdə tutulub. Sumqayıta yollanırıq. Səmayə ananı götürüb çəkiliş məkanına - oğlunun qəbrinin üstünə gətirməliyik. Yol boyu düşünürəm. "Səmayə ananı qarşılayanda nə deyim, necə deyim? Onu incitməyim, yaralamayım, mənasız təsəlli vermiş rolunda olmayım"...
- 43 - cü bina?Sürücünün səsinə düşüncələrdən ayrılıb telefonumdakı ünvana bir də baxıram.
- Hə, 43.
Yolu soruşub, 44 - cü binanın qabağından keçib, həyətə buruluruq. Bizi Polad Həşimovun "özü" qarşılayır. Dağ kimi dayanıb. General kimi ... Bir az da irəliyə getdikdə, şəhid Polad Həşimovun xatirəsinə hazırlanmış abidə ilə rastlaşırıq. Bu xatirə abidəsinin önündə maşını saxlayıb düşürük. Artıq kimdənsə soruşmağa ehtiyac yoxdur, 43 nömrəli bina önümüzdəkidir. Bəs, görəsən, hansı mənzildir? Bu, o , o biri??? Hamısından bayraqlar asılıb, üçrəngli, al bayraqlar dalğalanır. Sanki, o bayraqlar dalğalanan evdəki anaların hamısı "Polad mənim oğlumdur",- deyir. "Bu acı mənim acımdır",- deyir. "Mənəm onun anası", - deyir. Hər eyvandan MƏN, MƏN, MƏN səsləri gəlir qulağıma...
Səmayə ananın hüzür yerində olduğunu bilirdik. Gözləyirik. Bir müddət sonra təpədən dırnağa qədər qaraya bürünmüş iki qadın bizə yaxınlaşır. Polad Həşimovun anası və bacısı. Qarşımda - general böyüdən ANA, vətənə oğul böyüdən ANA, əsl insan yetişdirən ANA. Həm də şəhid verən ANA, oğlunu torpağa təhvil verən ANA, övlad acısını iliklərinə qədər yaşayan ANA... Və qardaş dağı ilə qəlbi yanan BACI... Bu tablonun qarşısında, sadəcə, " Allah rəhmət etsin",- deməyə gücüm çatır.
Yol bizi müqəddəs məkana - torpaqlarımızı işğaldan azad edən şəhidlərimizin uyuduğu Xiyabana aparır. Qara dəmir qapılar açıqdır. İçəridə çəkiliş qrupu və ziyarətə gələn bir neçə nəfər görünür. Bir göz qırpımında Xiyabanda olan iki gənc qız Səmayə ananın üstünə qaçıb, əllərindən öpüb, ağlayırlar. Ana onları bağrına basır. Hamı göz yaşlarına boğulur.
Ana övladının qəbrinə yaxınlaşır, buz kimi baş daşını qucaqlayır, şəkildən oğlunun üz-gözünu tumarlayır, onunla söhbətləşir, qəlbi yanır, bu yanğı ətrafdakıları da qovurur. Gözümüzdən axan yaşlara hakim kəsilə bilmirik. Bir ana üçün övladını itirmək dünyanın ən qorxunc duyğusudur yəqin ki... Mənə elə gəlir ki, övlad ölümündən sonra analar yalnız cismani var olurlar. Əgər övladın şəhiddirsə, o acıyla bərabər başqa duyğuları da yaşayırsan. Tərifini vermək mümkün olmayan duyğular. Acı, kədər, qürur, fəxr ... Axı sənin övladına tək sən yox, bütün ölkə ağlayır. Buna görə qürurlusan. Sənin övladını bütün ölkə sevir və hörmətlə yad edir. Fəxr edirsən. Sənin övladın bütün xalqın yatmış duyğularını oyadıb, vətənpərvərlik toxumlarını cücərdib. Nə böyük fərəh. Övladını itirmisən. Amma bütün ölkə səni özünə ana bilir. Hamı o zəif, lakin əyilməz vücudun qarşında baş əyməyə hazırdır. Analıq simvoluna çevrilmiş qadın - Səmayə ana. Ürəyində kədərlə qüruru, acı ilə fərəhi birləşdirən qadın. Qaməti dik, qəddi əyilməz, polad kimi qadın! Əbədiyaşar qəhrəman yetişdirən ANA!
Söhbətləşdi, dərdləşdi, sağollaşdı ana balasıyla... Bizimlə də. Dilim-ağzım bağlanmışdı elə bil. Heç nə deyə bilmədim. Danışmağa, baxmağa, toxunmağa belə qıya bilmir insan şəhid anasına. Sadəcə, "Çox sağ olun",- deməklə kifayətləndim. Oysa ki, bütün sevgim və hörmətimlə hisslərimi, düşüncələrimi sözə tökə bilərdim. Bacarmadım...
Qəlbimizdəki acı və qürurla birlikdə uzaqlaşdıq çəkiliş məkanından - müqəddəs məkandan...