ONLAR İNANIRDI, ONLAR ARXAYINDI... ƏKBƏR QOŞALI YAZIR

Əkbər Qoşalı

Amma döyüşlər qaçınılmaz, Azərbaycanın qələbəsi labüd idi!

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın "Nasionalnaya oborona" jurnalına müsahibə verib. Prezident 44 günlük Azərbaycan Vətən Müharibəsi ilə bağlı çoxsaylı sualları cavablandırıb, bir sıra detalları ilk dəfə açıqlayıb, sülh prosesi və regionun gələcəyi ilə bağlı fikirlərini bölüşüb. Azərbaycan Prezidentinin müsahibəsinin daşıdığı fikir yükü ilə bərabər, müsahibənin məhz 27 sentyabr ərəfəsində və məhz nüfuzlu rus hərbi-analitik jurnalına verilməsi də diqqətçəkicidir.  

Azərbaycan öz torpaqlarını işğaldan nə zamansa azad edəcəkdi, əlbəttə. Əlbəttə, işğala son qoymaqçün əməliyyatların plan-proqramları işlənirdi-hazırlanırdı - başqa cür ola da bilməzdi. Özəlliklə, 2016-cı ilin Aprel (Lələtəpə), 2018-ci ilin May (Günnüt), nəhayət, 2020-ci ilin İyul (Tovuz) döyüşləri bir daha sübut edirdi ki, döyüşlər qaçınılmaz, Azərbaycanın qələbəsi isə labüddür. "Biz Ermənistana başından güclü zərbə vurandan sonra onlar dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qaçdılar ki, bunları müdafiə eləsin. Tələb edirdilər ki, KTMT Azərbaycanı qınayan bəyanat versin. Buna nail ola bilmədilər, heç bir bəyanat verilmədi." - Azərbaycan Prezidentinin 21 iyul 2020-c ildə dediyi sözlərdir. Prezidentin şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşdəki həmin çıxışında belə bir xüsusi cümlə də vardı: "Gəl bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı nə olacaq". Azərbaycan Prezidentin hakimiyətdə olduğu illər içində verdiyi vədlərə, etdiyi çıxışlara bələd olanlar yaxşı bilir ki, İlham Əliyev sözünə, vədinə sadiq liderdir. İlham Əliyev deyir və edir. Görünür, yekəxana Ermənistan hərbi-siyasi rəhbərliyinin "Dağlarda toy"un "Dağlarda tozanağ"a dönüşəcəyinə, "Keçilməz Ohonyan xətti"nin bir neçə saata keçiləcəyinə inanmaq imkanı olmayıb. "Qalib ölkə", "Qalib xalq", "Yenilməz ordu"-filan - özləri deyib, özləri eşidib, başqalarını da bir qədər inandırmışdılar və ilk işğallardan 30 ilə yaxın müddət keçmişdi, erməni cəmiyyəti bir qədər  xumarlanmışdı. Aprel, May, İyul onlara "oldu-keçdi" kimi gəlirdi bəlkə. Bəlkə və "bəlkə"siz düşünürdülər ki, Azərbaycana uzun illər gərək olar ki, uzaqbaşı 2-3 rayon boyda irəliləyə bilsin, o irəliləyiş də çox böyük itkilər hesabına baş tutsun. Açığını deyək, Ermənistanın, dünya erməniliyinin, erməniyanlıların bizim Ali Baş Komandanın prinsipiallığını, qətiyyətini, siyasi iradəsini, Azərbaycan Silahlı Qüvvələrinin gücünü düzgün hesablaya bilmədiyini gördük. Gördük ki, onlar ağır işğal illərini, ayrı-ayrı ölkə və şəhərlərdə keçirimiş çoxsaylı və nəticəsiz danışıqları xatırlayaraq, dünyada hökm sürən ikilistandartlara bel bağlayaraq, "bu da keçər", "yenə uzanar"... kimi düşüncələrə (daha doğrusu, düşüncəsizliyə) dalıbmış... Əgər belə olmasaydı, qondarma rejimin qondarmadan daha qondarma "Ali Məclis"inin Şuşaya köçürülməsi, Şuşada Arayik üçün "andiçmə" törənciyi düzənlənməsi, Livandan gətirilmiş ermənilərin Şuşada, bizim digər ərazilərimizdə qanunsuz məskun¬laşdırılması və s. nəyə xidmət edir, nəyə əsaslanırdı? Onlar inanırdı, onlar arxayındı, bu saxta inam və arxayınçılıq onları qudurtmuşdu. Yəqin aradabir də, yaxalarını bəzəyən dəmir-dümürə baxıb qürrələnirdilər. - Saxta "bayram"larda o saxta dəmir-dümürün tozunu silir, bizim torpaqlarda bizim rəqsləri çalıb-oynayırdılar... 
Bax, 27 sentyabr səhəri, saat 06.00-da başlayan müharibədə tərəflərdən biri belə bir sosial-psixoloji durumda, hərbi-siyasi arxayınçılıq içindəydi. Üstəlik, tərəflərdən işğalçı olan tayı işğal bölgəsində yetərincə möhkəmlənmiş, yer altında, yer üstündə, göy üzündə, axar suda, durar göldə... habelə informasiya məkanında minbir pusqu quraşdrımış, möhtəməl əks-hücuma qarşı adətən "keçilməz sədd" qurmuşdu. Ermənistan silahlı qüvvələri Qarabağda 30 ilə yaxın möhkəmlənmişdi, yüksəkliklər onların nəzarətindəydi. Döyüşlər bizim ərazilərin dərinliklərində gedəcəkdi. İşin bir başqa tərəfi - 44 gün içində dəfələrlə sübut olunduğu kimi, ermənilərlə bizim mühüm bir fərqimiz vardı: onlar mülki əhalini hədəf ala bilir, cəbhədən uzaq yaşayış məntəqələrini qanunsuz raket atəşinə məruz qoya bilirdi, biz isə müharibəni məhz döyüş sahəsində, məhz müharibə qayda-qanunları ilə, qızıl ləyaqətlə aparan bir orduya malikik... 
Bəli, biz 27 sentyabr sabahı növbəti hücuma məruz qalarkən bu şərtlər, şərtsizliklər fonunda əks-hücuma keçdik. Bizə ruh verən nə idi? - 
İşimiz haqq işiydi; 
ölkəmizdə dövlət-xalq birliyi mövcuddu; 
xalqımız vətəncanlı, dövlətcanlıdır; 
gənclərimiz, hərbçilərimiz qələbəyə susamışdı; 
körpələrimizin, gəlin-qızlarımızın, qocalarımızın... düşməndən alacağımız intiqamı vardı... 
Beləliklə, müharibə alovlandı. İşğalçıların bütün çırpıntılarına, demokrat libaslı saqqallı diktator (qaniçən, soyqırım suçlusu diktator sələfləri Köçəryandan, Sərkisyandan az aşın duzu olmamağa çalışan) Paşinyanın telefonlardan asılı olmasına baxmayaraq, bizi heç kim dayandıra bilmədi! Dost da, düşmən də, Ali Baş Komandan İlham Əliyevin öz müzəffər ordusu ilə necə xarüqələr yaratdığını gördü. Təsəvvür edin: Cəmi 44 gün və 30 illik ağır işğala son verilməsi! Cəmi 44 gün və son 200 ildə qurğulanan oyunların pozlması - 200 illik "Qordi düyünü"nün bir Əmrlə kəsilməsini gördük, tanıq olduq. Bu mübarək tanıqlığı bizə yaşadan şanlı Ordumuza, ilk sırada Ordumuzun şəhid mənsublarına dərin ehtiram, əbədi salam-sayğılarımız var! 
Rəhmətlik Xalq şairimiz Zəlimxan Yaqub deyirdi: "Ordum varsa, yurdum var" - güclü ordunun, vətəncanlı ordunun, hüququndan keçən əsgərlərinin hərəsinin bir qəhrəman olduğu ordunun nəyə qadir olduğunu bütün dünya gördü. Ağzıgöyçəklər də gördü ki, düşmən işğalına qarşı biganə qalınmayıb, yüz ölçülüb-bir biçilib və ən uyğun zamanda, ən uyğun şəkildə əks-hücum təşkil edilib. 
Dünya hərb tarixində nadir hadisələrdəndir ki, əks-hücuma keçən tərəf, hakim yüksəkliklərdə olan və müharibənin gedişində müdafiə olunmağa çalışan tərəfdən daha az itki ilə qalib gəldi. Ümumən, bizim azad etdiyimiz ərazilərin mövcud şərtlər, şərtsizliklər içində azad olunması üçün əslində, nə qədər çox itkinin ola biləcəyini düşünmək belə ağırdır. Azərbaycan Prezidentinin hərbi-siyasi taktikası, ordumuzun peşəkarlığı və peşəkarlıqdan geri qalmayan vətəncanlılığı, mümkün olmayanı mümkün etdi: düşmən daha çox itki verdi və biz qalib gəldik. Əlbəttə, bizim bir şəhidimizin bir teli düşmənin bütün ordusundan qiymətlidir bizimçün - bu işin mənəvi boyutudur; lakin müharibə, ərazilərin azad edilməsi, düşmənin başının əzilməsi itkisiz olmur, təbii... 
Beləliklə, Prezidentin Rusiyanın "Nasionalnaya oborona" jurnalına verdiyi müsahibə bütün bu və bənzəri həqiqətləri, gerçəkləri rusdilli oxuculara, ilk növbədə Rusiya ictimai fikrinə çatdırmış oldu. Bu müsahibə Azərbaycanın "Dəmir yumruğ"unun öz yerində, öz yüksək məqamında olduğunu bir daha ifadə etdi. Bu müsahibə "əvəzçıxma" cəhdində bulunmağı ağlının ucundan belə keçirməyin Ermənistan üçün nələr vəd etdiyini də dəqiq çatdırmış oldu. Ötən il düşünmədilər, barı bu il düşünsünlər: Tamammı, davammı? - Biz hər iksinə hazırıq, hər ikisində qalibik; Ermənistan "tamam" desə, ötən ilki nəticəyə, o cümlədən iki Üçtərəfli Bəyanata uyğun addım atmalıdır; yox, əgər çaşıb "davam" desə, endirəcək o bayrağı dirəkdən, büküb qoyacaq cibinə, gedəcək cəhənnəmin laappp dibinə...
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31