Səni sevirəm, elə sevirəm ki,.. Abid Tahirli yazır
25 Sentyabr 2021 16:32 SiyasətAbid Tahirli
Gizli deyil, səni sevirəm, dəlicəsinə, dərəcəsi, mizanı, miqyası bilinməyən məhəbbətlə sevirəm səni, sözlə, sazla ifadə olunmayn, tükənməyən, bulaq kimi çağlayan hissərlə, duyğularla, düşüncələrlə sevirəm Səni. Ünlü şairimiz Əli Kərimin "səni sevirəm iynənin ucu boyda işığa həsrət qalan göz işıq sevən kimi" məşhur deyimi də Sənə olan duyğularımı tam ifadə etmir...
Dəfələrlə yollara çıxdım, min bir əzab-əziyyətlə də olsa, çiskinli, dumanlı dağları, dərələri qət edib görüşünə gəldim. Qəmliydin, qaş-qabalıydın, incikdin, küskündün, amma səni də qınamırdım, qınaya da bilməzdim... Böyük sənətkar Musa Yaqub demişkən:
Mənim dan ulduzum batdı qəfildən,
Batdı-batmağına inanmadığım.
Sonra düşmən yolu-irizi kəsdi, Səndən ayrı, uzaq düşdüm. Əgyar güldü, belim büküldü, saçlarıma dən düşdü, gözlərim nəmləndi, nurunu itirdi, dizim taqətdən düşdü, qəlbim qəmli neyə döndü. İllərlə Sənsiz nə gecəm, nə gündüzüm oldu, həsrətinlə qıvrıldım, qovruldum, yandım, yaxıldım, dəli-divanə oldum.
Səni illərlə uzaqdan həsrətlə, qübarla, gözü yaşlı izlədim, bilirdim ki, Sən də məni gözləyirsən. Bilirdim ki, sən də, sıxılır, darıxırsan, bu vüsala təşnəsən...Bilirdim ki, kec-tez qovuşacağıq!
Mən Səni- Pənahəli xanın, Molla Pənah Vaqifin, Qasım bəy Zakiin, Xurşidbanu Natəvanın, Mir Möhsün Nəvvabın, Nəcəf bəy Vəzirovun, Səməd bəy, Kərim bəy Mehmandarovların, Cabbar Qaryağdıoğlunun, Əhməd bəy Ağaoğlunun, Əbdürrəhim bəy Haqverdiyevin, Həmidə xanım Cavanşirin, Cavad bəy Məlikyeqanovun, Zülfüqar, Üzeyir, Ceyhun, Soltan, Niyazi, Çingiz, İsmayıl Hacıbəylilərin, Firudin bəy Köçərlinin, Əfrasiyab, Şəmsi, Fərhad Bədəlbəylilərin, Məşədi Cəmil, Fikrət Əmirovların, Bülbülün, Xan Şuşinskinin, Lətif Kərimovun, Süleyman Ələsgərovun, Əşrəf Abbasovun ... gözü, qəlbi və ürəyi ilə Sevirəm, Əziz Şuşa! Səni o taylı, bu taylı soydaşlarımın gözü, qəlbi və ürəyi ilə Sevirəm, Əziz Şuşa! Səni şəhidlərimizin əbədiyaşar əziz ruhu, qazilərimizin gözü, qəlbi və ürəyi ilə Sevirəm, Əziz Şuşa! Səni XXI əsrin hərb tarixində ən böyük Zəfərə imza atmış Ali Baş komandan İlham Əliyevin gözü, qəlbi və ürəyi ilə Sevirəm, Əziz Şuşa!
25.07.2021.