Ərdoğanın Azərbaycanla bağlı çıxışında xüsusi vurğu... - ŞƏRH

 

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT-nın Baş Assambleyasındakı son çıxışı əvvəlki illərdəki çıxışlardan fərqlənir. Ona görə ki, ən azı bu il Türkiyə dünya ictimaiyyəti qarşısında artıq tamam yeni bir statusda peyda olub.  44 günlük müharibə zamanı Türkiyənin Azərbaycana dəstək göstərərək, geosiyasi dəyişikliyə nail olması, həmçinin Əfqanıstanda onun atdığı addımlar Türkiyə üçün tamamilə yeni geosiyasi reallıqlar yaradır və bunu hamı görür".

Bu fikirləri Ölkə.Az-a açıqlamasında beynəlxalq idarəetmə üzrə ekspert Əhməd Əlili deyib. Türkiyə prezidentinin ABŞ səfərini şərh edən ekspert bildirib ki, Ərdoğanın çıxışının məzmununun fərqli olub-olmamasından asılı olmayaraq  hamı bu çıxışı gözləyirdi:

"Hər kəs Ərdoğanın daha çox hansı mövzularda fikir bildirəcəyini dinləmək istəyirdi. Əlbəttə ki, Türkiyə prezidenti elə burada Azərbaycanla bağlı və bir sıra digər vacib məqamları da diqqətə çatdırdı. Göstərdi ki, əgər beynəlxalq ictimaiyyətin qəbul etdiyi müəyyən sənədlər varsa və bu sənədlər icra olunmaz qalırsa, əvvəl-axır bu problem öz hərbi ifadəsini tapır. Nəticədə də sülh yolu ilə həll oluna biləcək bir çox problemlər hərbi yollarla həll olunur ki, bu da arzuolunan məqam deyil. Yaxşı olar ki, BMT-nin Baş Assambleyası və digər beynəlxalq qurumlar üzərlərinə düşən funksiyanı daha aydın dəyərləndirsinlər və bu istiqamətdə daha aktiv fəaliyyət göstərsinlər ki, belə hadisələr gələcəkdə təkrar olunmasın". 

Ə.Əlilinin sözlərinə görə, Ərdoğanın Azərbaycanla bağlı olan çıxışları həmçinin ona hesablanmışdı ki, Türkiyənin artıq uğur hekayələrinin olduğu xatırladılsın:

"Bu uğur hekayələrinin arasında Qarabağ ərazisində baş vermiş hadisələri Türkiyə öz uğur hekayəsi hesab edə bilər və bilir. Ona görə də Ərdoğan bu formada məsələnin bir daha dünya ictimiyyətinin yadına salmaqla Türkiyənin və Azərbaycanın artıq yeni statusda olduqlarını və dünya ictimaiyyəti ölkələrində Azərbaycanla bağlı proseslərdə bu yeni statusun nəzərə alınmasının vacibliyinə diqqət çəkməyə çalışırdı".

Ekspert Türkiyə prezidentinin BMT-nin Baş Assambleyasında miqrantlarla bağlı çıxışında vacib olan məqamlara da toxunub:

"Düşünürəm ki, burada ən çox diqqət yetirməli məqam ondan ibarətdir ki, Türkiyə əvvəldən Suriyadan gələn miqrantlarla bağlı söz verilən miqdarın, maliyyənin daim verilmədiyini vurğuladı. Türkiyə həmçinin göstərdi ki, həm əvvəlki miqrant böhranlarının öhdəsindən gəlmək, həm də yeni krizislər zamanı digər Avropa İttifaqı ölkələri ilə birgə iş üçün mütləq və mütləq Türkiyənin potensialı artırılmalı, onlarla əməkdaşlıq olunmalıdır. Fikrimcə, bu istiqamətdə birinci növbədə Türkiyənin maddi və humanitar yardımlara ehtiyacı var ki, gələn miqrantların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı işlər görsün".

Ə.Əlili Ərdoğanın Əfqanıstanla bağlı ABŞ-a verdiyi suala gəldikdə isə bildirib ki, böyük ehtimalla, Vaşinqton və Ankara arasında əvvəlcədən müəyyən bir razılaşma var idi:

"Əfqanıstanda NATO adından Türkiyə qoşunları yerləşdirilməli idi. Amma proseslər elə inkişaf etdi ki, bir sıra məqamlarda əvvəldən əldə olunmuş razılıqlar artıq reallaşa bilmədi. Ona görə də Vaşinqton və Ankara arasında bu məsələ ilə bağlı Türkiyənin narazılığı var. Bu narazılığı Ərdoğan öz çıxışında ABŞ-ı tənqid etməklə ifadə etdi. Ərdoğan diqqətə çatdırmaq istədi ki, Əfqanıstanla bağlı vaxtında verilmiş sözlər yerinə yetirilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31