“Azərbaycanın sakral coğrafiyası” silsiləsindən – Pirsaatçay sahillərində irfan ocaqları  

Qismət  Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi 

Müqəddəs Babadağ zirvəsinin (3236 m) cənub-şərq yamaclarından  

başlayan Pirsaat çayı  (uzunluğu 199 km) morfogenetik xüsusiyyətlərindən

tutmuş, hidrotoponim kimi mənşəyi və hövzəsindəki dini-irfani məkanların

zənginliyinə görə xüsusilə fərqlənir, ilk növbədə mənbəyi də İlahi Eşq

(ibadət) ocağıdır, mənsəbi də  (Xəzər dənizi sahili Xıdırlı çölləri), adı da

ruh sahibi Pir Seyidə tapınıb.

Bütöv Azərbaycanın hüdudlarında (Dərbənd-Ərdəbil şəhərləri, Borçalı-Urmiya mahalları, İlandağ-Babadağ...arası) yayılan Türk-İslam mədəniyyətinin tarixi-maddi abidələri həm də dini-irfani ocaqların, sakral dünyagörüşünün təkamül məkanları kimi xalqımızının mənəvi-irfani zənginliyinə vəsilə olmuşlar. Təbii ki, bu müqəddəs ibadətgahların qorunması, İlahi ruhunun elmi-nəzəri təhlili və gələcək nəsillərə çatdırılması bu baxımdan daha vacibdir.

Göstərilən sərhədlər daxilində Türk-Müsəlman dünyasının sakral maddi-mənəvi xəzinəsinə aid ocaqlar tarixi Şirvan-Qobustan mahalında da az deyil, adı çəkilən Həzrət-Babadağ ibadətgahlığının timsalında.

Babadağ - oro-teotoponimnə Türkiyə Cumhuriyyətinin cənub-qərbində Aralıq dənizi sahillərində, Muğla vilayətinin Fəthiyyə nahiyyəsində də rast gəlinir (hündürlüyü 1969 m).

Adında da irfanlığı-ruhsallığı yaşadan Babadağdan Xəzər dənizinədək uzanan hövzənin özü də müqəddəs ibadətgahlar, irfan ocaqları, əski ruh məkanları, məbəd yurları... qiymətli sakral mənbələrdir ki, Qurbangah kəndindən  sirli-sehrli Xıdırlı kəndinə qədər (...Pir Seyid ocağı, Acıdərə obası-ibadətgahı, Əhmədli-Şamlı yatağı, Pir Xanəgah məbədgahı, Sofu Həmid uyarlığı...) paylanmışdır.

Qeyd edilən, sıralanan sakral-maddi ocaqlar sırasında Pirsaat çayının sol sahillərini tutan, Yekəxan-Poladlı-Kolanı kəndləri yaxınlığında yerləşən  Əhmədli-Şamlı məkanı tarixiliyi və mənəvi zənginliyi baxımından xüsusilə seçiləndir.

Şimali Qafqazın Noqay çöllərindən, Xəzərsahili ərazilərdən oğuz-türkdilli Kumık-Noqay elatının 300-400 il əvvəl böyük köçü zamanı Şirvan-Qobustan  bölgəsinin  Pircaat çayı hövzəsində məskunlaşanlar Əhmədli kəndinin, Ərəbistan yarımadasının tərəkəmə Türkman-Şamlı tayfalarının Muxtar-Şamlı kəndinin yurd-oba ocağını yaratmışlar.

Pirsaat çayının sol sahilində olan Yekəxana kəndindən 3 km cənub-şərqə tərəf salınan Əhmədli kəndinin ətrafında sufi-sofu ocaqlarından biri də  Güləmşah baba piridir, uyuduğu yer də sadədir, qəbirin ətrafı xırda daş qalaqlarından hörülüb, kənd qəbirstanlığında da miniatür naxışlı və yazılı sinə-sanduqələr 1935-ci ilədək qorunub saxlanılırdı.

Sufi mərasimlərinin, zikr-irfani məclislərinin keçirilməsi üçün əlverişli təbii-coğrafi məkan olan Əhmədli-Şamlı arasında, Gümüşlü dəyirmanı (halalıq, bərəkət ruhu hopan yerdə, İlahi-Mistik hökmün rizası ilə) yaxınlığında (150 m aralıda) indi bir ocaq qalır-Xəlfə Canəhməd piri. Qeyd etmək lazımdır ki, sufilər nəinki İmamlarına, eləcə də xəlfələrinə (Sufi xidmətçilərinə) də sıradan biri kimi yox, irfani-pirani münasibət göstərmiş, onların mənəvi paklığına, qəlb saflığına ruhları ilə qovuşmağa can atmışlar.

Əhmədli kəndində Babaverdi Şahverdi oğlunun (1855-1940) binəsində Müqəddəs Baba ocağını tərənnüm edən sufilər-sofular (Kəlçə Bələd oğlu Novruzov (1896-1956), Bayram Ağamirzə oğlu (1908-1962), Xanqulu Kərim oğlu (1905-1970)...) qurduqları irfani məclislərdə (belə yığnaqlar 1972-1973-cü illərdə Nuhbala Şahverdi oğlunun evində də keçirilib) dua edərdilər:

Həzrəti-Baba dağında,

Maral otlar bağında,

Şeyx Eyyub məqamında,

Allaha gəl, Allaha gəl, ey könül...

və yaxud,

SübhanAllah, SübhanAllah,

İşini avand eyləsin, Gözəl Allah...

və ya,

Yeddi cənnət, yeddi dami (cəhənnəm),

O da Allah, Allah deyir...

Əhmədli kəndinin cənub-şərqində, 150-200 m aralıda Pirsaat çayının qırağında "Daşburun yeri"ndəki "Dəvədaşı tirəsi"ndə bərəkət -ibadət ocağı Alqayıt baba piri idi. Əhmədli-Poladlı yolu üstündə olan bu ziyarətgahın içərisində 1 qəbir daş qalaqları arasına alınmışdır, "Daşburun yeri"ndə isə "Qoşalar piri"ndə 2 qəbir daşı müqəddəs ruh ocağı hesab edilirdi, inanclılar tərəfindən ziyarət olunurdu.

Bərəkət ocağı isə 1940-cı illərədək işləyən Vəzir İmaməli oğlunun (1897-1942) su dəyirmanı olub.

Qobustan-Yavanı babanın otlaqlarının irfani-iman ruhu  torpağına, suyuna, havasına...hopmuşdur. Sürünün bərəkətli olması üçün aparıb Yavanı babanın ətrafında sürüsdülər, dolandırıdılar (Əhmədli kəndindən 3-4 km aralıda) və onun torpağından tutiyə kimi heyvanların üstünə səpirdilər, yaxud suya töküb-qarışdırıb çiləyirdilər.

"Çuxanlı" qışlağındakı pirin torpağından gənə gəzdirən qoyunların üstünə səpməklə davarlar təmizlənirdfi.

"Damlı" qış otlağında da (Əhmədli camaatı ora gedirdi) Güləşah piri ziyarət olunurdu, ətrafı çaylaq daşları ilə hörülmüşdür. Deyilənə görə, Bakıdan Qarabağa, Qəbələyə, Car-Balakənə, Gəncəyə...uzanan karvan yolunun üstündəki halal karvan bazarlarından biri, ibadət ocaqlarından biri bu qış otlağı, bu ocaq olub.

VII əsrdə əsası qoyulan Muxtar-Şamlı yurdu (100-ə qədər ev olub, 1943-cü ildən sonra boşalıb, yurd yerləri sonralar örüş-əkin sahəsinə çevrilib) Əhmədli obasının günçıxanında, 3 km məsafədə, Pirsaat cayından 1 km aralıdir. Şirvan-Qobustan elatında sufiliyin-sofuluğun yayılmasında, qorunub saxlanılmasında bölgənin digər kəndlərində olduğu kimi (Göylər, Quşçu, Çaylı, Qaraimanlı, Cəm-cəmli, Mərəzəli (Gəmüstü), Qaracüzlü, Nabur, Sündü, Qurbançı....) Şeyx Eyyub Bayram oğlu (1730-1797)  ocağının diniu-irfani xələflərinin (Hacı Ağaxan Şeyx Əhmədpaşa oğlu (1875-1942), Şeyx Mustafa Hacı Həmidpaşa oğlu (1908-1986), Şeyx Səlim Hacı Həmidpaşa oğlu (1911-1995), Soltanəli Şeyx Mustafa oğlu (1930-2010)...), mürşidlərinin-müridlərinin doğma ruhsal məkanlarından biri də Muxtar-Şamlı obası, eləcə də bu camaatın 1950-ci illərdən sonra daimi məskunlaşdığı "Xanalı", "Kiçik Daş "qış otlaqları (dünyanın ən qədim insan yaşayış məskəninin və "Qobustan Tarixi Dövlət Qoruğu"nun  yaxınlığında) və Qaraatlı ziyarətgahı olmuş, Allahın sadiq qullarının, inanclı kəsiminin duaları-yalvarışları, cani-diləkləri, irfani murazları... bu ocaqlardan, bu yurdlardan yüksəlmişdir haqqın dərgahına...

Hacı Ağaxan babanın "Xanalı" qış otlağında yurdu olub, şamlılardan Güllü Əliyar qızı ilə ailə qurub,  ocağında Sufi məclisləri keçirilib, obanının sofuları (Mirəziz Hacı Allahverdi oğlu (1921-2011), Böyükxanım Əhliman qızı, Şahnigar Hacıxan qızı, Xədicəxanım Cahangir qızı, Fatma Vahid qızı, Dursunxanım Məhəmməd qızı...)-müridləri zikr-cümə namazlarını bir yerdə keçirərdilər....

1939-cu ilin qış aylarının birində qonşu, Kürqırağı kəndlərin birindən öküz arabasının çağına sarınmış, əsəbləri pozulmuz, halı özündə olmayan 25-30 yaşlı bir qızı gətiriblər qışlağa, Hacı Ağaxan babanın ocağına (ağ keçədən qurulmuş binəsinə).

Gətirən iki nəfərə  deyilir  ki, açın qollarını, xəstə başındakı kəlağayını ağzı ilə gəmirir, əl-qolu ilə başını yolurdu. Baba qızın üzünə bir sillə vurdu, qolundan tutub fırladıb, ortada tutub binənin qadınları ətrafında dövrə vurub "Allah...Allah.." deyib zikr  ediblər, 2 saat ərzində. Sonra, Baba həmin qızı aparıb ocağına, halay-zikr mərasimi orda da davam edib.

Hacı Ağaxan baba gələnlərə buyurub ki, 3 gündən sonra gəlsinlər. Bu müddətə gələnlərə, eləcə də zikr deyənlərə Hacı Ağaxan babanın ocağında həmin qız çay süzüb paylayıb... və sağ-sağlam evinə qayıdıb...

Ağaxan babanın ocağında həmin qız çay süzüb paylayıb... və sağ-sağlam evinə qayıdıb...

Şirvan-Qobustan mahalının Sufi-Sofu ocaqlarının dini-irfani, ruhsal-mistik hökmün kəramətli rəhmlərini...yaşadan sakral-mənəvi dəyərlərimizin oxunmamış səhifələri yazılan və oxunanlardan xeyli sayda çoxdur...

(Yazının hazırlanmasında həm də Qobustan rayonu, Yekəxana kənd sakini Seyid Rza Babaverdi oğlu Şahverdiyevin (1933) və Muxtar-Şamlı obasının sakini Süleyman Mütəllim oğlu Abdullayevin (1926) məlumatlarından da istifadə edilmişdir).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31