İranın sərhəd təlimi nəyə hesablanıb?
23 Sentyabr 2021 13:02 SiyasətTehran niyə indi hərəkətə keçdi və nədən qorxur?
Bakı-Tehran xəttində Azərbaycanın haqlı olmasına rəğmən İran tərəfindən yaradılan gərginlik yüksəLən xətt üzrə inkişaf edir. 30 illik işğal dövründə sərhədin nəzarətsiz hissəsindən istədiyi şəkildə istifadə edən Tehran Arazboyu (Culfa-Aslandüz-Muğan) istiqamətdə ilk dəfə açıq mesaj xarakteri daşıyan hərbi təlimlərə başladı. Bəs, əslində bu təlimlər nəyə hesablanmışdı, İran əzələ nümayiş etdirməklə region dövlətlərə, xüsusən də Azərbaycana hansı mesajları vermək istəyirdi? Siyasi araşdırmaçı Asif Nərimanlı qeyd edib ki, Azərbaycanın İranın Xankəndinə yük daşımasının qarşısını Gorus-Qafan yolunda praktiki olaraq kəsməsi fonunda təlimlər də Bakıya qarşı təzyiq xarakterlidir. Hərçənd, bu, İranın regional siyasətinin tərkib hissələrindən biridir, həm də Bakının prinsipial mövqeyi fonunda İran üçün olduqca əhəmiyyətlidir: "Nəzərə almaq lazımdır ki, bu ölkənin Azərbaycandakı səfiri iki dəfə Prezident Administrasiyasının qapısını döydü. Birinci görüşdən sonra iki iranlı sürücü əlində Xankəndinə yük aparması faktı ilə həbs edildi. İkinci görüşdən sonra İran XİN "qonşu ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik" bəyanatı ilə sürücülərin azad edilməsi xahişini etdi. Bunun fonunda SEPAH-ın da iştirakı ilə Azərbaycanla sərhəddə təlimlər davam edir. Bu, konkret olaraq Tehranın Bakıda təmaslarla istədiyinə nail olmadığı, rəsmi Bakının sərt mövqeyindən geri çəkilmədiyi deməkdir". Onun bildirdiyinə görə, Tehranın II Qarabağ müharibəsindən sonra narahatlığı bəlli idi. Lakin bunu niyə indi məhz Gorus-Qafan yolunda baş verənlərdən sonra açıq müstəviyə keçirməsi səbəbsiz deyil. Əvvala qeyd edək ki, işğal başa çatdıqdan sonra İranın Cənubi Qafqaza girişi böyük ölçüdə Azərbaycandan asılı vəziyyətə düşdü. Zəngəzur dəhlizinin açılmasından sonra bu asılılıq ikiqat artacaq. Bunu anlayan Tehran dəhlizə alternativ marşrut üzərində fəaliyyətini aktivləşdirdi. Hərçənd, Gorus-Qafan yolunun Azərbaycanın suveren ərazisinə düşən hissəsində üzləşdiyi maneə Bakının Zəngəzur dəhlizi açılmadan da Tehranın bölgədəki maraqlarını çəmbərə ala biləcəyini təsdiqlədi. Yol məsələsində isə istədiyinə nail ola bilməyən İranın bu qədər aqressivləşməsi Bakıdan asılılığı həzm edə bilməməkdən qaynaqlanır. Və görünür, diplomatik kanallarla Bakıdan istədiyini ala bilmədiyi üçün təlimlərlə hərbi müstəvidə təsir etməyə çalışır".
Politoloq hesab edir ki, Gorus-Qafan yolu pazlın bir hissəsidir, böyük tabloda İranı qorxuya salan Türkiyə və İsrail faktorudur. Sərhəd istiqamətində təlimlərlə bu iki ölkənin Qarabağda olmasını qəbul etmədiyinin mesajını verir: "İranın bu mövqeyində Türkiyə amilidə xüsusi əhəmiyyət kəsb edir. II Qarabağ müharibəsinin nəticəsindən bölgədə ən çox təsir itkisinə məruz qalan ölkə İran oldu. Və Türkiyənin bölgəyə gəlişi ilə İran faktiki Cənubi Qafqazdan sıxışdırılıb çıxarılır. Tehran Türkiyə və Azərbaycanın son təlimlərini - həm işğaldan azad edilmiş ərazilərdə, həm də Xəzərdə özünə qarşı təhlükə olaraq görür. Digər faktor İsrail amilidir ki, müharibədə İrandan fərqli olaraq, Azərbaycana dəstək verən İsrailin şirkətləri təbii olaraq, işğaldan azad olunmuş ərazilərin bərpası prosesində iştirak edirlər. İran bunu "İsrailin öz sərhədlərinə gəlişi" kimi qəbul edir və davranışları ciddi narahatlığından xəbər verir. Təlimlərdə iştirak edən hərbi texnikanın üzərində Xamneinin "İsrail önümüzdəki 25 ili görməyəcək" sözlərinin əks olunması da iransayağı mesaj hesab oluna bilər. Baş verənlər İranın işğaldan azad olunmuş ərazilərinin bərpası prosesində iştirak istəyinin Bakı tərəfindən geri çevrildiyini də deməyə əsas verir. Tehran bərpa prosesi başlayanda Bakıya "İran şirkətlərinin iştirakı" təklifini gətirmişdi və hər fürsətdə bunu irəli sürürdü. Rəsmi Bakı haqlı olaraq, bu təklifə isti baxmır, çünki işğal dövründə Qarabağın talanmasından tutmuş, oradakı maddi-mədəni irsimizin saxtalaşdırılmasına qədər bütün prosesin müəlliflərindən biri də elə İran idi. İran ərazilərin bərpası prosesində iştirak haqqını qazanmaqla bölgədə Türkiyə qarşısında, eləcə də prosesdə iştirak edən İsrail şirkətlərinə qarşı balansı müəyyən qədər də olsa təmin etmək istəyir. Əslində sərhəd boyu təlimlərin hədəflərindən biri də Bakıya "İran şirkətlərinin bərpa prosesində iştirakı" təklifini qəbul etdirməkdir. Lakin işğal dövründə bütün "körpüləri yandıran" və bu gün də Xankəndidəki separatçılara dəstək verən İranın bu istəyinə nail olması çətin görünür". Onun bildirdiyinə görə, Bakı-Tehran xəttində gərginliyin artan templə davam edəcəyi gözləniləndir. Və İran Azərbaycana qarşı təzyiq siyasətini bir neçə istiqamətdə aparacaq: " İran Ermənistana və Qarabağdakı separatçılara dəstəyini davam etdirəcək. Azərbaycanın inanclı kəsimi üzərindən rəsmi Bakıya qarşı daxili təzyiqi aktivləşdirəcək. Yeri gəlmişkən, son proseslər buna start verildiyini göstərir. Azərbaycana qarşı klassik separatizm kartını işə salacaq. Bu prosesə Ermənistan və erməni diasporu/lobbisi ilə birlikdə başlamaq cəhdləri də var".
İranın xarici işlər nazirinin müavini Məhəmməd Kazım Səccadpur Bakıya səfərinə toxunan politoloq qeyd edib ki, Tehran səfir səviyyəsində danışıqlardan istədiyinə nail ola bilməyəndə sərhəddə hərbi təlimlərlə "əzələ nümayişi"nə əl atdı. Ardınca diplomatın gəlişi o deməkdir ki, "əzələ nümayişi"nin işə yaramadığını anlayırlar. Türkiyə və Azərbaycanın Naxçıvanda məhz Araz çayı üzərindən mesaj verməsi Tehranın nəticə çıxarmasına kömək edən amillərdəndir: "İran danışıqları davam etdirmək istəyir, sərt mövqe ilə yanaşı, qapıları aralı saxlayır. Səccadpur Bakıya Azərbaycan, Türkiyə və İranın araşdırma mərkəzlərinin üçtərəfli görüşündə iştirak üçün gəlsə də, rəsmi şəxslərlə də görüşlər keçirəcək. Və bu görüşlərdə üç məsələni müzakirə edilməsi mümkündür. Xankəndinə yük daşıdığı faktı ilə saxlanılan iki sürücünün sərbəst buraxılması: bu sürücülərin sıravi vətəndaş olmadığı da istisna deyil; Gorus-Qafan yolunda İranın yük maşınlarının keçidini asanlaşdırmaq, rüsum və digər məsələlərdə güzəştlər əldə etmək; İran işğaldan azad edilmiş ərazilərin bərpası prosesində iştirakına nail olmaq: Tehran bu məsələni təmaslarında davamlı irəli sürür. Burada diqqətçəkən əsas məqam Bakının əlinin heç olmadığı qədər güclənməsi və Tehranın "şir kimi oğlanlarıq" ritorikasına rəğmən, hesablaşmağa məcbur qalmasıdır".
Zəka
Olaylar.az