İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyü bu ölkəyə nə vəd edir?
23 Sentyabr 2021 13:00 SiyasətÇin dövlət başçısı Si Cinpin Ermənistanın Müstəqillik günü münasibəti ilə bu ölkənin Prezidenti Armen Sərkisyana təbrik məktubu göndərib. Çin lideri iki ölkə arasında yüksək əlaqələrin olduğunu bildirib. Məktubda qeyd olunub ki, hazırda Ermənistanla Çin arasında münasibətlərin inkişaf dinamikası qorunub saxlanılır. Si Cinpin məktununda Ermənistan prezidentinə "Bir Kəmər - Bir Yol" layihəsini də xatırladıb: "Ermənistan və Çin qarşılıqlı maraq doğuran əsas məsələlərdə bir-birlərinə kömək edir, "Bir Kəmər - Bir Yol" təşəbbüsü çərçivəsində əməkdaşlığı durmadan inkişaf etdirir". Qeyd edək ki, "Bir Kəmər - Bir Yol" Çinin "Yeni İpək Yolu" layihəsi olaraq da adlandırılır. Bu, Asiya, Avropa və Afrikanı dəmir və şose yolları, eləcə də dəniz limanları vasitəsilə birləşdirən layihədir. "Bir Kəmər - Bir Yol" layihəsinin keçid nöqtələrdən biri də Zəngəzurdur. Perspektivdə açılması planlaşdırılan Zəngəzur dəhlizi bu proyektin önəmli hissələrindən biridir. Maraqlıdır, Çin dövlət başçısının Ermənistan prezidentinə ünvanladığı məktubun İranla hansısa bağlığı varmı? Politoloq Əlimusa İbrahimov qeyd edib ki, Şanxay Əməkdaşlıq Təşkilatı nəhayət İranı daimi üzvlüyə qəbul edib: "Əfqanıstanda baş verən hadisələr fonunda Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin keçirilməsi və bu sammitdə İranın təşkilata daimi üzv qəbul olunması haqqında çoxdan gözlənilən qərarın qəbul olunması mütəxəssislərin diqqət mərkəzindədir. İranın yeni seçilmiş prezidenti İbrahim Rəisinin bu tədbirdə iştirakını və ilk xarici səfərini uğurlu başlanğıc kimi qiymətləndirənlər də var. Rusiya Prezidenti Vladimir Putin bu münasibətlə İran rəhbərliyini təbrik etməklə yanaşı, yeni statusun həm İran, həm də təşkilat üçün faydalı olacağının bəyan etdi. Sammitdə Misir, Qətər və Səudiyyə Ərəbistanının dioloq üzrə əməkdaş statusu qazanması da ŞƏT -nin nüfuzunun getdikcə daha da artdığını sübut edir. Şanxay Əməkdaşlıq Təşkilatı hərbi blok və təhlükəsizlik problemlərinin mütəmadi müzakirə olunduğu birlik olmasa da heç şübhəsiz son zamanlar buraya üzv olmaq istəyən dövlətlərin marağının artması öz təhlükəsizliklərini təmin etmək baxımından irəli gəldiyini inkar etmək də mümkün deyil. Təşkilatın qarşıya qoyduğu əsas məqsəd Avrasiyada sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, terrorizm, ekstremizm, sepparatizml, narkotrafiklə mübarizə, iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi,enerji sahəsində əməkdaşlıq, elmi mədəni əlaqələrin möhkəmləndirilməsi hesab olunur. İran Prezidenti Rəisi ölkəsinin bu təşkilata üzv qəbul edilməsinin İran üçün "diplomatik uğur" adlandırdı. O, bir qədər əvvəl ŞƏT-ə daxil olan dövlətləri Əfqanıstan məsələsi ilə daha yaxından maraqlnmağa çağırmışdı. Buradan belə nəticə çıxarmaq mümkündür ki, İranı Şanxay Əməkdaşlıq Təşkilatına indi qəbul edilməsinin kökündə digər siyasi məsələlərlə yanaşı Əfqanıstan dayanır və İran bundan sonra Əfqanıstan siyasətini daha da gücləndirəcək".
Onun sözlərinə görə, İran artıq Çin, Rusiya,Hindistan, Pakistan,Tacikistan, Özbəkistan, Qırğızıstan və Kazaxıstanla birlikdə bu təşkilatın 9-ci üzvüdür: "İranın təşkilata üzvlüyünün təsdiq olunması ilə əlaqədar İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir: "Şadıq ki, İranın Şanxay Əməkdaşlıq Təşkilatına daimi üzvlüyü barədə onun liderləri tərəfindən qərarın qəbul edilməsi bizim ölkənin prezidenti İbrahim Rəisinin iştirak etdiyi bir vaxtda baş verib. Bu strateji addım İranın qonşuluq siyasəti və Asiyaya yönəlik siyasətində bütün istiqamətlər üzrə əməkdaşlığa zəruri təkanı verəcək". Qeyd etmək lazımdır ki, İran ilk dəfə müşahidəçi qismində 2005-ci ilin iyununda təşkilatın sammitində iştirak edib.2008-ci ildə bu ölkə Şanxay Əməkdaşlıq Təşkilatına daimi üzvlük haqqında müraciət edib. Amma onun üzv olması üçün 10 ildən artıq bir zaman tələb olunub. Müraciətin bu qədər gec cavablandırılması həm İran tərəfindən, həm də təşkilataın daimi üzv dövlətləri tərəfindən qaynaqlana bilər. İranın nüvə problemi də qərarın qəbul olunmasında öz mənfi rolunu oynayıb. İran uzun müddət Amerika Birləşmiş Ştatları ilə nüvə sahəsində qarşıdurmada çıxış yolu tapmağa cəhd edib. Lakin son dövrlər Amerikanın təzyiqinin daha da artması İranı nüfuzlu blok və ölkələrlə yaxınlaşması prosesini daha da sürətləndirib. ŞƏT İranın beynəlxalq sahədə təklənmədən çıxarılması üçün güclü platforma rolunu oynaya bilər. İranın ŞƏT-na qəbul edilməsi prosesinin tamamlanması Əfqanıstanda baş verən hadisələrlə də bağlı ola bilər. Məlum olduğu kimi bu təşkilatın ən nüfuzlu üzvləri-Çin və Rusiya Amerikanın Əfqanıstanı anidən tərk ediib getməsi və yerində xaosa yüklənmiş bir region buraxmasını özlərinə qarşı yönəlmiş bir təhdid kimi görürlər. Onlar Əfqanıstan məsələsinə yardım təklif edən bütün ölkələrlə əməkdaşlıq etməyə açıqdırlar. İranın Əfqanıstanla bağlı ehtiyatı da məhz bu ölkələrin fikirləri ilə üst-üstə düşür. Bundan sonra Tehranın regional oyunçu statusna qalxmaq və bu qonşu ölkələrdən ona qarşı gələ biləcək təhlükənin qarşısını almaq üçün Əfqanıstan böhranında daha fəal iştirak edəcəyi gözləniləndir. Eyni zamanda İranda BMT-nin Təhlükəsizlik Şurasının iki daimi üzvü ilə eyni təşkilatda təmsil olunmalarını geopolitoloji çəkilərinin daha da artıracağını düşünürlər. İranın yeni seçilmiş prezidenti üçün ŞƏT-in sammitində iştirakı ölkəsinin bu təşkilata qəbul edilməsi ilə yadda qlacaq. Bu İbrahim Rəisi üçün heç də pis siyasi başlanğıc deyil. Onun Amerikaya istinadən səsləndirdiyi bəyanat da bu təşkilat daxilində gələcək siyasətini müəyyənləşdirmək baxımdan maraqlıdır: "Dünya yeni dövrə qədəm qoyub. Hegemonluq və təkbaşınalıq aradan çıxır. Beynəlxalq sahədə balans multiletarizm və qüvvələrin müstəqil dövlətlərin mənafeyi baxımından bölüşdürülməsi istiqamətində inkişaf edir." Amerikanın Əfqanıstan vasitəsi ilə düşmənlərinə qarşı başladığı oyunun qarşısının alınması istiqamətində atılan addımları fayda verəcəyini yaxın gələcək göstərəcək.
Nurlan
Olaylar.az