Nizami Cəfərov : “Ali Baş Komandanın rəhbərliyi, güclü ordumuzun şücaəti sayəsində Azərbaycan xalqı zəfər əldə etdi”
23 Sentyabr 2021 11:42 Siyasət27 sentyabr Milli Anım günü ilə bağlı Olaylar.az-a açıqlama verən millət vəkili Nizami Cəfərov bildirib ki, 27 sentyabrdan başlanan hadisələr ən gərgin şəkildə noyabrın 8-9-na qədər davam etdi. Bu günlər bizim ölkəmizin taleyinə, tarixinə yazılmış günlərdir. 27 sentyabr tarixi daha uzun illər müzakirə olunacaq. 44 günlük Vətən müharibəsinin nəinki, təfsiri, izahı, şərhi veriləcək, bu günlər bizim ədəbiyyatımızda, tariximizdə tərənnüm olunacaq. Xüsusilə müasir dövr tarixmizdən bu günləri ayırmaq qeyri-mümkündür. Düşünürəm ki, izah edə biləcək ən böyük, ən zəngin miqyaslı, ən təfsilatlı tarixi mənbə Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin həm 27 sentyabra qədərki, həm 27 sentyabrdan noyabrın 8-nə qədərki çıxışları,verdiyi müsahibələr, ölkə daxilində keçirilən tədbirlərdə söylədiyi fikirlər olacaq.
İlham Əliyev həm bu tarixi yaratdı, həm də yazdı. Ona görə də biz hər zaman bu mənbələrə arxalanacaq, bu mənbələr bizə ən doğru məlumatları verəcək. Zaman keçdikcə bu mənbələr daha da aydın şəkildə həm xalqımızda, həm də dünya ölkələrində dərk olunacaq. Bu tarix bizimdir. Kimsə nə vaxtsa deyəcəksə ki, bu tarixin yaradılmasında kənar müdaxilələr olub, elə deyil. Bu tarixi Azərbaycan xalqı, Azərbaycan prezidenti yaradıb.
Uzun illər Azərbaycan öz haqlarını, həqiqətini müdafiə etməsəydi, özünə dostlar tapmasaydı, öz tarixində baş vermiş hadisələrin mahiyyətini ortaya çıxarmasaydı, erməni faşizmini ifşa etməsəydi, heç kim bizə kömək etməyəcəkdi. Dünya tarixi də belədir. Hər hansı bir hadisə olduqda dünyanın bütün ölkələri ona müdaxilə edir. Bu gün elə bir hadisə ola bilməz ki, məhdud regionda baş versin və ona heç kəs müdaxilə etməsin. Vacib hadisələrdə bütün dünya iştirak edir. O vacib hadisənin , problemin həlli onun sahibinə aiddir. Necə ki, Azərbaycan üçün Dağlıq Qarabağ problemi sahiblik məsələsi idi. Onun həllində yalnız Azərbaycan xalqı məsuliyyət daşıyırdı. Azərbaycanın bu çətin vəziyyətlərində dostları da , müttəfiqləri də dəstək oldu. Təbii ki, düşmənlərimizin də olduğunu nəzərdən qaçırmaq olmaz. Qələbəmizin tam həcmdə meydana çıxmağının nəticəsi o oldu ki, bizim dostlarımız, strateji tərəfdaşlarımız, müttəfiqlərimiz çox oldu. Düşmənlərimiz əvvəlki dövrə nisbətən daha azlıq təşkil edirdi. Biz tarixi qələbəmizlə hər zaman fəxr edəcəyik. Bu tarixi qələbəmizin qazanılmasında Azərbaycan əsgərinin rolu şübhəsizdir, danılmazdır. Azərbaycan qələbə uğrunda neçə-neçə igid oğullar verdi torpağa. Şəhidlər bizim xalqımız üçün əzizdir. Biz bu qədər şəhidi əvvəlki dövrlərdə də vermişik. Lakin o tarixi biz unutmuşduq. Son zamanlar həmən tarixi dirçəldirik. Müasir dövrdə də şəhid verdiyimiz hadisələr 20 yanvar faciəsini əhatə edir. Daha sonra isə birinci Qarabağ müharibəsində çox sayda şəhid verdik. Onların hər birinin ruhu qarşısında hər birimiz baş əyirik. Azərbaycanın hər hansı bölgəsinə getdikdə şəhidlərin şəkilləri yolları, küçələri bəzəyir, sanki canlıdırlar. Bizim qazilərimizə yaralılarımıza dövlət tərəfindən olunan qayğı, münasibət son dərəcə yüksəkdir. Azərbaycan xalqı onların rifahı, təhlükəsiz və sağlam yaşamaları üçün əllərindən gələni əsirgəmir. Bütün xalq həm şəhidlərə, həm də qazilərə dəstək olaraq, onlara münasibətlərini ifadə edir. Nəzərə alaq ki, xeyli sayda gənc oğullarımız müharibədə iştirak etmək üçün ordu sıralarına yazılmışdılar. Düşünürəm ki, müharibədə iştrak etmək istəyən gənclərimiz də hörmətə və diqqətə layiqdir. Ali Baş Komandanın rəhbərliyi, güclü ordumuzun şücaəti sayəsində Azərbaycan xalqı zəfər əldə etdi"
Mehriban Xəlilli
Olaylar.az