Millət vəkili İsraildə səfirliyimizin açılmasını təklif etdi
23 Sentyabr 2021 11:58 Siyasət"Ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək Azərbaycan dövlətinin konstitusion olaraq rəsmən bəyan etdiyi niyyətidir. Biz müstəqillik tariximizdə bu niyyətə həmişə sadiq qalmışıq, hətta, işğalçı Ermənistanla belə, 30 ilə yaxın bir dövrdə münaqişəni dinc yolla həll etməyə çalışmışıq". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Bəhruz Məhərrəmovun sözlərinə görə, baxmayaraq ki, işğal və təcavüzə son qoymaq üçün hücum etmək BMT Nizamnaməsi ilə bizim təməl haqqımız idi, hətta, Vətən müharibəsində belə, biz müharibəni başlayan yox, əks-hücum edən tərəf olduq: "Azərbaycan 44 gün ərzində humanitar hüququn bütün tələb və prinsiplərini rəhbər tutaraq savaşdı və tarix yazdı. 44 günlük müharibə bizə yalnız düşmən və havadarları üzərində zəfər gətirmədi, Vətən müharibəsi həm savaş həm də post-münaqişə dövrü bizə dost və düşmənlərimizin kim olduğunu əməli surətdə göstərdi. Bu dövrdə haqqın, hüququn tərəfində duranlardan biri heç şübhəsiz dost və qardaş İsrail dövləti oldu. Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan-yəhudi qardaşlığı Milli Qəhramanımız Albert Aqarunovun simasında onsuz da sınaqdan çıxmışdı, 44 günlük savaş isə Azərbaycan və İsrailin dar günün dostları olduğunu bir daha ortaya qoydu. Ən azından bu amilləri rəhbər tutaraq hesab edirəm ki, qısa zaman ərzində Azərbaycan İsraildə öz səfirliyini açmalı, dost İsraildəki diplomatik korpusda özünün həmişə arzu olunan, həsrətlə gözlənilən layiqli yerini tutmalıdır. Unutmayaq ki, İsraildə səfirlik açmaq bizim suveren, hətta, gecikmiş hüququmuzdur. Bu hüquq hamılıqla qəbul edilmiş beynəlxalq normalarda nəzərdə tutulan prinsiplərə, xüsusən də dövlətlərin əməkdaşlığı öhdəliyinə əsaslanır və indiki məqamda reallaşdırılması bölgədə sülhü təhdid edən şər qüvvələr üçün də ən tutarlı cavab olar".