“Bu müharibədə hər kəs anladı ki, Azərbaycan ərazisində separatçılığın perspektivi yoxdur”- Nəsimi Məmmədli

27 sentyabr 2020-ci il şanlı tarix kitabımızın qızıl səhifələrinin başlanğıcıdır. Məhz bu tarixdə Azərbaycanın haqq savaşı başladı və 10 noyabrda böyük tarixi qələbə ilə başa çatdı. Haqq və Şərəf işimiz olan,Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxacəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib tarixdə silinməz izlər buraxdılar. Olaylar.az xəbər  verir ki,politoloq Nəsimi Məmmədlinin sözlərinə görə, 27 sentyabrdan 10 noyabradək davam Vətən edən müharibəsi ölkəmizin çağdaş zəfər tarixini yaratmışdır: "Hərbi, ictimai, siyasi, diplomatik və sosial-psixoloji istiqamətlər üzrə zəncirvari uğurlar qazandırdı. Ölkəmizin silahlı qüvvələrinin qüdrəti, hərbi qulluqçuların cəsarəti, peşəkarlığı, igidliyi çağdaş hərb tariximizdə yeni bir qəhrəmanlıq dastanı yazdı. Ölkənin bütün siyasi qüvvələri, vətəndaş cəmiyyəti, media orqanları könüllü səfərbərlik və həmrəylik nümayiş etdirdi. Müxalifət müharibə dövründə dövlətin hərbi-siyasi iradəsinə açıq dəstək verdi. Qarabağın gələcək siyasi taleyi ilə bağlı beynəlxalq ictimiyyətin illərlə formalaşdırdığı status-kvo 44 gün ərzində dəyişdi. Qarabağda yaşayan ermənilərə heç bir siyasi-hüquqi statusun verilməyəcəyi qəti şəkildə bəyan olundu. Azərbaycan-İran sərhədləri tamamilə, Azərbaycan-Ermənistan sərhədləri Laçın ərazisində 5 kilometr istisna olmaqla dövlət nəzarətinə götürüldü. Dövlətin beynəlxalq imici daha da yüksəldi, ərazi bütövlüyünün təmin olunması istiqamətində önəmli nəticələr əldə edildi, yeni regional təhlükəsizlik və əməkdaşlıq sistemi formalaşmaqdadır. Əhali bütün sosial qayğılarını,
maddi çətinliklərini unudaraq silahlı qüvvələrə könüllü dəstək kampaniyalarına qoşuldu. İllərlə davam edən məğlub xalq psixologiyası qısa müddətdə dağıldı. Yüz minlərlə məcburi köçkün statusunda olan vətəndaşımız yeni status qazandı. Hər kəs anladı ki, Azərbaycan ərazisində separatçılığın perspektivi yoxdur. Suverenliyimizi nəyin bahasına olursa-olsun təmin etməkdə qərarlılığımızı dünyaya isbat edə bildik. Bu tarixi nailiyyətin qazanılması asan olmadı. Heç vaxt geri dönməyəcək insan itkilərimiz var. Vətən uğrunda şəhid və əlil olan gənclərimiz bu qələbənin əsas memarlarıdır. Habelə, çoxsaylı şəhid və qazi ailələri cəmiyyətin ən dəyərli və həssas sosial qrupu kimi qəbul olunur. Bu insanların dövlətin hərtərəfli dəstəyi və himayəsi ilə əhatə olunmasında cəmiyyətdə yekdil fikir və qərarlılıq var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31