“Azərbaycan geopolitik baxımdan Qafqaz regionunda öndə gedən ölkə olaraq, tarixə yazıldı”- Ramiyə Məmmədova

"27 sentyabr 44 günlük Vətən müharibəsinin başlanması və zəfərlə nəticələnməsi xalqımızın böyük uğuru, milli həmrəyliyidir." Bu barədə Olaylar.az-a açıqlamasında politoloq Ramiyə Məmmədova söyləyib:

"Azərbaycan xalqı yaşadığı çətinliklərə baxmayaraq hər zaman həmrəylik göstərib. Azərbaycanda yaşayan vətəndaşlarla yanaşı, bizim xaricdə olan insanlarımız, həmçinin diaspora fəaliyyəti ilə məşğul olan, gerçəkləri dünyaya çatdıran hər kəs milli həmrəylik nümayiş etdirdi. Torpaqlarımız  30 ildən çox işğal altında idi . Biz onu nəyin bahasına olursa-olsun geri qaytarmalıydıq. Erməni vandalizimini  dünyaya göstərməliydik. Erməni terrorizminin dünyaya çatdırılması uğrunda əlimizdən gələni etməliydik ki, bütün dunya erməni xislətini duysun, anlasın. 44 günlük Vətən savaşında hər bir Azərbaycan vətəndaşı öz birliyini, həmrəyliyini nümayiş etdirdi. Ölkə Prezidentimizin vətən savaşında qətiyyətli addımlar atması nəticəsində, bir yumruq altında birləşərək qalibiyyət əldə etdik. Qarabağ savaşında  Prezidentimizin qərarlarına arxalanaraq  milli həmrəylik sərgilədik.  Həmçinin müharibə vaxtı əsgərlərə olunan yardımları da xüsusi qeyd etmək lazımdır. İnformasiya blokadasına baxmayaraq biz bunu dünyaya çatdırdıq. Həmrəyliyimiz, gücümüz, birliyimiz olmasaydı, Azərbaycan işğalda olan torpaqlarının heç 80 faizini geri qaytara bilməzdi. Vətən müharibəsi zamanı biz bu həmrəyliyi göstərdik və çox şükür ki, Qarabağı geri qaytara bildik. Təbii ki, bu zəfərin əsas səbəbkarları şəhidlərdir. Onların hər birinin haqqında  dastan, tarix yazmaq olar, onların haqqları ödənilməzdir. General Polad Həşimov kimi oğullarımız var ki,  göstərdiyi qəhrəmanlıqları  haqqında tarix yazmaq olar. Hər biri Azərbaycan-Türk əsgərinin simasındadır. Bütün dünya bu gün Azərbaycan əsgərinin gücündən, şücaətindən danışır. Şuşanı geri qaytarmaq, bəlkə də bir çox ölkələrin bacarmadığı bir  işdir. Amma biz güclü ordumuz, mərd oğullarımız sayəsində bunu həll edə bildik. Bu bizim böyük qələbəmizdir. Qarabağın alınması Azərbaycan xalqı üçün qürurdur. Çünki 30 il ərzində sovet dövrünün dağılmasından sonra Azərbaycan xalqı özünü sınmış hesab edirdi.  Biz  xaricdə çıxış edəndə  suallar verilirdi ki,  nəyə görə  torpaqlarınızı geri almırsınız?  Biz bunu anlatmağa çalışırdıq ki, Ermənistanın arxasında qüvvələr durur, Ermənistan lobbisi böyük  işlər görür, Ermənistanın arxasında Rusiya var  və Rusiya ilə müharibə etmək bizim üçün də çətindir. Yəni bir çox fikirlər deyilirdi. Biz bunun tam açıqlamasını verə bilmirdik. Ancaq  30 il ərzində haqq savaşımızda qalib olmaq üçün  çox ciddi bir şəkildə hazırlaşdıq. Neçə illik çalışmaların sayəsində, indi  bütün dünyaya car çəkə bilərik ki, Qarabağı geri qaytardıq.  Qarabağ bizimdir. Dünya ölkələri bunu gördü. Bir çox ölkələrin nümayəndə heyətlərinin olduğu konfransda onlar "Azərbaycandan yeni döyüş növlərini öyrəndik. Azərbaycan əsgərinin , texnikasının göstərdiyi şücaəti biz öz xalqımıza aşılamağa çalışırıq"- deyə bildirirlər. Azərbaycan xalqı artıq öz hərbi gücündə belə öz sözünü demişdir. Təbii ki, burada Türkiyənin və Pakistanın da böyük rolu var. Azərbaycan öz gücü ilə bu müharibədə qalib olubsa, artıq Azərbaycan hərbi baxımdan da öz hərbi siyasətini göstərməyə qadirdi. Hətta bu savaş  Ukrayna kimi  lokal münaqişələrdə olan dövlətlər və digərlərində bir həvəs yaratdı.  Qələbəmiz  dünyanın Azərbaycana  başqa bir baxışla baxmasına səbəb oldu. Azərbaycan öz imicini dünya dövlətləri arasında fərqli məcraya gətirdi. Dünya siyasətində geopolitik baxımdan Qafqazda  Azərbaycan öndə gedən ilk dövlət oldu.  Avropa, Amerika ölkələri Azərbaycana   əvvəlki  kimi münasibət bəsləmir. Onlar Azərbaycanla başqa rakursla danışıqlar aparmaq, geopolitik baxımdan Azərbaycanın burada olan gücündən istifadə etmək istəyir. Azərbaycan dünya siyasətində öz gücü və siyasəti ilə yeni bir reallıq yaratdı. Azərbaycan geopolitik baxımdan Qafqaz regionunda öndə gedən ölkə olaraq, tarixə yazıldı"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31