27 sentyabr həm də qətiyyətli siyasi iradənin nümayişi günüdür
20 Sentyabr 2021 17:38 Siyasət27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Anım Günü də müharibənin başlandığı gün, yəni sentyabrın 27-də keçirilir.
Xalqın birliyi və ədalətli mövqeyi "dəmir yumruq"da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir. Hər zaman xalqın dəstəyinə arxalanan prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir.
Politoloqların Olaylar.az-a 27 sentyabrın xalqımızın taleyindəki rolu, qalib xalqın qəhrəman ordusu və dövlətin şəhid və qazi ailələrinə göstərdiyi qayğısı mövzusunda etdiyi açıqlamaları sizlərə təqdim edirik.
Politoloq Natiq Miri deyir ki, 27 sentyabr Azərbaycanın tarixində bir növ dağılmış sistemin özünü bərpası günü kimi yadda qalacaq:
"28 il idi ki, bir enerji itkisi mövcud idi. Çünki, ərazi bütövlüyümüz pozulmuşdu. Sistem bütöv olmayanda enerji itkisi olur ki, bu da mənəvi problemlərlə yanaşı, həm də siyasi, hərbi və digər bəzi problemləri, itkiləri ortaya çıxardır.
27 Sentyabr həm də qətiyyətli, siyasi iradənin nümayişi günüdür. Torpaqların azad olunması ilə bağlı verilən bu qərar o qədər də sıradan qiymətləndiriləcək bir siyasi olay deyil. Çünki, postsovet məkanında bütün münaqişələri yaradan, nəzarətlə idarə edən tərəf Rusiyadır. Bunu kimsə təkzib edə bilməz. Bu gün Rusiyanın hələ də arxa bağçası hesab etdiyi və kimsəni bu regiona, bu münaqişələrə cəlb etmək istəməyən Rusiyanın geosiyasi maraqları fonunda belə bir qərarın verilməsi və işğaldakı 20% Azərbaycan torpaqlarının azad edilməsi, həqiqətən də 1991-ci il SSRİ dağılandan sonra postsovet məkanında yeganə hadisə idi. Düşünürəm ki, bu 27 Sentyabr hadisəsi gələcək perspektivdə digər dövlətlər üçün də əlverişli ola bilər. Ona görə də bu çox önəmli bir hadisədir və Rusiya üçün həqiqətən də regionda çox arzuolunmaz bir geosiyasi vəziyyət formalaşdırıb. Yəni, bu Rusiyanın orbitində olan qüvvələrin mərkəzdən qaçma tendensiyasını gücləndirə biləcək bir olaydır. Biz bu gün Orta Asiyada müəyyən dirçəlişləri və Rusiyadan tədricən uzaqlaşma, bir növ türk dövlətlərinə yaxınlaşma prosesini də izləyirik. Eyni şeyi Gürcüstan, Ukrayna, Moldova və digər regionlarda da izləməkdəyik. Ona görə də, açığı bu hadisəni təkcə Azərbaycan çərçivəsində qiymətləndirmək doğru deyil. Azərbaycan bir örnək ölkə olaraq, indiyə qədər mümkün olmayanı mümkün edən bir ölkə kimi tarixdə qalacaq və düşünürəm ki, bu təkcə Azərbaycan üçün deyil, digər region ölkələri üçün də çox əhəmiyyətlidir. Ayrıca, bu siyasi, qətiyyətli qərarın arxasında bir müzəffər ordu var. Ordu dediyimiz, Azərbaycan xalqından, Azərbaycan gəncliyindən ibarət bir məfhum, qurumdur. Bu əmr yüksək səviyyədə hazırlanmış plan olsa belə, bunu həyata keçirəcək subyektiv amil - insan amili var. Bunun üçün sadəcə silahlar yetərli deyil. Bu ürək, cəsarət istər. Biz bu cəsarəti Azərbaycan oğullarında, Azərbaycan qızlarında, Azərbaycan gəncliyində, bütövlükdə bu millətdə, Azərbaycan xalqında gördük. Çünki, hər kəs bir ideya - Vətən ideyası ətrafında birləşmişdi. Hər kəs, hər şey, bütün sistem qələbəyə köklənmişdi. Birlik olduğu yerdə dirliyin, azadlığın olduğunu yaxşı bilirik və bunu konkret nəticədə də gördük. Ona görə də Azərbaycanın müzəffər ordusu artıq məğlub deyil, bir qalib ordu kimi tarixə düşdü. Və düşünürəm ki, hələ bir çox ölkələrə, sadəcə postsovet məkanında olan ölkər deyil, hətta ən inkişaf etmiş ölkələrin ordularına belə örnək ola biləcək hərbi əməliyyatlar həyata keçirdi ki, düşünürəm ki, hələ bunun səsi uzun müddət gələcək.
O ki qaldı şəhid və qazi ailələrinə dövlətin dəstəyi, açığı belə bir dəstək var və təqdirəlayiqdir. Ancaq yetərli deyil. Ona görə də, düşünürəm ki, bunun üçün sistemli, elmi fəaliyyətə ehtiyac var. Elə mexanizm yaradılmalıdır ki, burada insan amili deyil, yalnız mexanizmlər elə işlək olmalıdır ki, kimsə dövlətin diqqətindən kənarda qalmasın. Yəni, bu məsələdə Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi kimi bir çox sistemlər, eyni zamanda Azərbaycan cəmiyyəti və sosial yöndə olan nazirliklər elə mexanizm və koordinasiyalı şəkildə fəaliyyət göstərməlidir ki, kimsə Azərbaycan prezidentinə və yaxud başqa instansiyalara müraciət etmək məcburiyyətində qalmasın. Mənə elə gəlir ki, bu yöndə problemlər və bu problemləri aradan qaldırmağa ehtiyac var".
Röyalə Xəyal