Haqqın və ədalətin bərpa olunması zərurətindən doğan tarixi qərar
20 Sentyabr 2021 13:28 SiyasətArtıq bu ildən başlayaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək. Bununla əlaqədar Prezident İlham Əliyev 2020-ci il 2 dekabr tarixində "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Maraqlıdır, belə bir sərəncamın imzalanması hansı zərurətdən qoğurdu və Anım Gününün təsis edilməsinə nə dərəcədə ehtiyac var idi? Heç şübhəsiz ki, bu günün tarixi əhəməyyətini dərk etməkdən ötrü əvvəlcə 27 sentyabr tarixinin bizim üçün hansı əhəmiyyət daşıdığını araşdırmağa ehtiyac var. Əvvala onu qeyd edək ki, Anım Günü-Azərbaycan Respublikasında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması kimi başa düşülür.Təsadüfi deyil ki, Anım Günü məhz müharibənin başlandığı gün-sentyabrın 27-də keçirilir. Xatırladaq ki, 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda isə qismən səfərbərlik elan edildi. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanaraq İkinci Qarabağ müharibəsinə çevrildi.
Məlumat üçün qeyd edək ki, ötən 30 il ərzində Ermənistan Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu-Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarını işğal etmişdi. Ardınca, Bişkek protokolu döyüşləri yekunlaşdırdı və münaqişə passiv fazaya qədəm qoydu. Sülh prosesi yaratmaq üçün beynəlxalq vasitəçilik cəhdləri ATƏT-in Minsk Qrupu tərəfindən 1994-cü ildə başlandı. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə işğalçı qüvvələrin Dağlıq Qarabağ ətrafındakı ərazilərdən çəkilməsini tələb edən dörd qətnamə qəbul etdi. 2008-ci ildə Baş Assambleya erməni işğalçı qüvvələrinin dərhal geri çəkilməsini tələb edən bir qərar qəbul etdi. Buna baxmayaraq, ATƏT-in Minsk Qrupunun həmsədrləri Rusiya, Fransa və ABŞ buna əleyhinə səs verdilər.
Məsələ orasındadır ki, Ermənistanın Azərbaycan torpaqlarına qarşı iddiası 30 il tarixinə sığmır. Bu iddia nə çox, nə az, düz 200 ildir ki, erməni millətçilərinin, ideoloqlarının, erməni kilsəsinin yuxusunu ərşə çəkib. Daha dəqiq,
ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində - çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetiriblər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalıb. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalıb, yaşadıqları yerlərdən qovulub, onlara işgəncələr verilib, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilib. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam edib.1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdiriliblər. 1988-ci ildə daha 250 min azərbaycanlı öz doğma yurdundan qovulub, bununla da Ermənistan monoetnik dövlətə çevrilib. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib. Təsadüfi deyil ki, ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib. Ulu Öndərin 1998-ci ildə imzaladığı Fərman ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Nəhayət 30 il davam edən beynəlxalq riyakarlığa dözməyən Azərbaycan 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı ölkəmizin bu işğalla barışmayacağını nümayiş etdirdi. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmayaraq Azərbaycana qarşı diversiyaları davam etdirdi, erməni siyasətçiləri aşağılayacı və təxribatçı bəyanatlar verməkdə davam etdilər. Erməni diplomatları, siyasi xadimləri və dövlət rəsmiləri beynəklxalq ictimaiyyəti çaşdırmağa hesablanmış açıqlamaları ilə satus-kvonu saxlamaq niyyəti güdürdülər. Küçə siyasətindən hakimiyyətə gəlmiş Nikol Paşinyan Azərbaycanın mənəniyyət beşiyi olan Şuşaya səfər edərək Cıdır düzündə "yallı gedərək" millətin heysiyyatına toxunurdu. Onun "Qarabağ Ermənistandır" qələti isə işğalçı dövlətə baha başa gəldi və müzəffər Azərbaycan Ordusunun rəşadəti nəticəsində işğal altında olan torpaqlarımız azad edildi. Belə ki, 2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən növbəti hərbi təxribat törədilərırk Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutuldu. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Beləliklə də, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Məhz bu baxımdan 27 sentyab-Anım Günü haqqın və ədalətin bərpa olunması zərurətindən doğan tarixi qərar kimi dəyərləndirilməlidir.
Alim