"Son hadisələr İranla Ermənistanın birgə oyunudur, aramıza nifaq salmaq istəyirlər”- Araz Obalı
17 Sentyabr 2021 13:25 SiyasətAzərbaycan tərəfi sentyabrın 12-dən Gorus-Qafan yolunda post quraraq, İrandan Ermənistana gələn yük maşınlarını yoxlamağa başlayıb.
Gunaz.tv
Ötən günlərdə "Azadlıq" radiosunun erməni xidməti Gorus-Qafan yolundakı postda saxlanılan iranlı sürüclərlə danışıb.
İrandan Ermənistana yük daşıyan sürücülərin Azərbaycan dilində danışması isə daha çox diqqət çəkib. Sosial şəbəkələrdə güneyli soydaşlarımızın Ermənistana yük daşınmasında iştirakı qınanılıb.
Bəs, məsələnin əsas məğzi necədir?
"Son hadisələr İranla Ermənistanın birgə oyunudur. Şimal və Cənub arasında nifaq salmaq istəyirlər".
Bu sözləri Güney Azərbaycanlı milli-mədəni fəal, Azərbaycanda yaşayan jurnalist Araz Obalı deyib.

Onun sözlərinə görə, cənublu azərbaycanlıların getdikcə Şimala bağlılığı iki ölkəni də narahat edir:
"Ermənistana gündəlik olaraq 60-dan çox İran maşını keçir. Onların sürücüləri arasından iki azərbaycanlının tapıb danışdırılması bir oyundur. Farsları, kürdləri danışdırmırlar. Azərbaycanlıları danışdırıblar ki, bizlər arasında nifaq salsınlar. Buna da bizim Şimali Azərbaycandakı qardaşlarımız inanmalı deyil.
Güneylilərin hamısı Azərbaycan dövlətçiliyinin yanındadır, Ermənistanı özünə düşmən, Qarabağı özünün torpağı bilir. Gərək biz tələyə düşməyək, bunların hamısı oyundur.
Həm hər iki Qarabağ müharibəsi dövründə, həm də aradakı bu 30 ilə yaxın müddətdə cənublular getdikcə Şimala bağlanmağa başlayıb, Azərbaycanı öz dövləti hesab edir.
Ermənistanın Qarabağa hücumları zamanı Güneydəki azərbaycanlıların İran hökümətinin qarşısındakı tələbi bu idi ki, nədən İran dövləti Ermənistana silah göndərir?
Bu etirazlara görə, yüzlərlə azərbaycanlını İran həbsə atıb. Onların hamısı hələ də həbsdədir.
Yarısı da məhkəməni gözləyir, yenidən həbsə düşəcək. Bax, onlardır azərbaycanlıların nümayəndələri. İki nəfər özünü satmış və ya İran dövlətinin özünün "məmuru" olun, Azərbaycan dilində danışan sürücüsü bizim nümayəndəmiz deyil".
Ayxan