İran niyə Azərbaycanın NOTA-sına cavab vermədi?

Məlum olduğu kimi avqust ayının 8-də İranın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılmış, onun diqqəti  İran İslam Respublikasına məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı aşkar edilmiş arzuolunmaz faktlara cəlb edilmiş  və bununla bağlı qarşı tərəfə nota təqdim edilmişdi. Notada son dövrlər dost İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərinin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılığımız ifadə olunurdu. Üstündən artıq yetərincə vaxt keçməsinə baxmayaraq İran Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanın notasına cavab verilməyib. Politoloq Əlimusa İbrahimov "Olaylar"a bildirib ki, bunu İİR XİN-in ləng işləməsi ilə əlaqələndirmək düzgün olmazdı. Çünki biz bu qurumun ciddi marağında olan hadisələrə anında cavab verdiyinin şahidi olmuşuq. Elə isə onların bizim notamıza cavab verməməsinin səbəbini müxtəlif yollarla izah etmək olar: "- İran tərəfi Azərbaycan Xarici İşlər Nazirliyi ilə şifahi cavab vermək haqqında razılığa gəlib. - İran notada qaldırılan məsələlərin mövcudluğunu bilir və onları təkzib etməyə tutarlı cavab tapa bilməyib. - İslam Respublikası diplomatik korpusu sürücülərin yol sənədlərində Azərbaycanın əzəli torpaqlarının Ermənistan ərazisi kimi təqdim etməsinin izahını verə bilməyib. - İran Azərbaycanın notasına sadəcə cavab verməməməklə məsələni daha da şişirmək fikrində olmadığını diqqətə çatdırmaq istəyib. İran diplomatları Azərbaycanın onlara verdiyi nota ilə əlaqədar nə düşündüklərindən asılı olmayaraq diplomatik münasibətlərdə belə hallar heç də xoşagələn və qəbul edilən deyil. Belə müraciətlərə cavab verməmək qarşı tərəfdən  daha ciddi tədbirlərin görülməsi ilə nəticələnə bilər və nəticələndi də. Gorus-Qafan yolunda Azərbaycan sərhədçiləri tərəfindən İrana məxsus Ermənistana və oradan da Xankəndinə yanacaq daşıyan maşınların saxlanılması və ifşa olunması bəlkə də İranın bu məsələ ilə əlaqədar Azərbaycanın notasına cavab verməməsindən irəli gələn nəticədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31