Harınlamış məmurların yarıtmaz fəaliyyəti dövlət başçısının yürütdüyü siyasətə kölgə salır

İlham Əliyev: "İndi hər kəs görür ki, heç kim qanundan yuxarı dayana bilməz və burada hər kəs qanun qarşısında bərabərdir"

Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf ölkənin simasını dəyişməklə yanaşı, əhalinin də sosial rifahına müsbət təsir göstərib. Azərbaycan müstəqillik elan etdikdən sonra özünü sosial dövlət elan edərək bu istiqamətdə olduqca əhəmiyyətli işlər görülüb. Etiraf edilməlidir ki, ölkənin sosial-iqtisadi inkişafı birbaşa prezident İlham Əliyevin həyata keçirdiyi siyasəin nəticəsində mümkün olub. Lakin o da etiraf edilməlidir ki, ölkənin tərəqqisinə nail olmaq kimi ümumi işə maneə olan, görülən işlərə badalaq vurmaq istəyində olan kəsimlər də yox deyil. Həmin kəsilmlərin sırasında dövlət məmurlarının olması isə daha ağrıdıcı məqamdır. Dövlət başçısının dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq özündənrazı məmurlar özlərini təvazökar aparmaq əvəzinə, xüsusi status istəyində bulunurlar. Əslində isə onların statusu insanlara xidmət etmək, insanların problemlərini həll etmək, dövlətin və millətətin maraqlarına uyğun qərarlar qəbul etməkdir.

Sirr deyil ki,  insanların həyat səviyyəsinin yüksəldilməsi Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsasını təşkil edir. Bu da xalqın  gələcəyə olan inamını daha da artırır və Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməyə zəmin yaradır. Məhz bunun nəticəsidir ki, bu gün Prezident-xalq birliyi sarsılmaz olub. Dövlət başçısı tərəfindən atılan bütün addımlar Azərbaycanın inkişafına, xalqın sosial rifah halının yaxşılaşdırılmasına xidmət edir. Lakin bəzi harınlamış məmurlar yarıtmaz fəaliyyətləri ilə özünü hər bir Azərbaycan vətəndaşının prezidenti elan edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin insnlara göstərdiyi diqqət və qayğıya kölgə salırlar. Məlum olduğu kimi Prezident İlham Əliyev xalqa layiqli xidmət göstərməyi dövlət məmurları qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Bir müddət öncə ölkə başçısının tapşırıqları əsasında ayrı-ayrı nazirlərin, komitə sədrlərinin yerlərdə ictimaiyyətin nümayəndələri ilə səyyar görüşlər keçirmələri, onların qayğı və problemləri ilə yaxından maraqlanmaları da məhz vətəndaş-məmur münasibətlərinin yüksək əsaslar üzərində qurulmasına xidmət edirdi. Son illər nazirlərin və komitə sədrlərinin vətəndaşları regionlarda qəbul etmələri, onları diqqətlə dinləmələri və qarşılaşdıqları problemləri yerindəcə həll etmələri, həm  ölkə əhalisi, həm də beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanırdı. Mövcud epdemoloji vəziyyətlə əlaqədar bu prosesin arxa plana keçirilməsinin əziyyətini indi sadə vətəndaşlar çəkməli olurlar. Çox təəssüf ki, bəzi icra başçıları vətəndaş məmnunluğunu təmin etmək əvəzinə, sui-istifadə hallarına yol verərək insanlar üçün əlavə problemlər yaradırlar.

Təsadüfi deyil ki,  Prezident İlham Əliyev Cəlilabad və Şəmkir rayonlarının yeni təyin olunmuş icra hakimiyyəti başçılarını qəbul edərkən deyib ki, heç kim qanundan yuxarı dayana bilməz və hər kəs qanun qarşısında bərabərdir: "Cəlilabad və Şəmkir rayonlarına icra başçıları təyin olunarkən onlara göstəriş vermişdim ki, siz artıq yerdə qalan məsələləri həll edin. Əsas böyük işlər görülüb, çox gözəl zəmin yaradılıb. Siz isə gündəlik həyatda elə işləyin, elə çalışın ki, həm vətəndaşlar sizdən razı olsunlar, həm də rayonların inkişafı sürətlə getsin və təşəbbüs göstərin, investorları cəlb edin, sahibkarlara şərait yaradın. Ancaq əfsuslar olsun ki, real həyatda biz bunun tam əksini görürük. Bunun nəticəsində və eyni zamanda, buraxılmış ciddi nöqsanlar, pozuntular, rüşvətxorluq və korrupsiya hallarına görə həm Cəlilabad, həm də Şəmkir rayonlarının keçmiş icra başçıları cinayət məsuliyyətinə cəlb olunmuşlar". Dövlətimizin başçısı deyib: "İndi hər kəs görür ki, heç kim qanundan yuxarı dayana bilməz və burada hər kəs qanun qarşısında bərabərdir. Heç kimdə immunitet yoxdur və ola bilməz. Bütün dövlət məmurlarını vəzifəyə təyin edərkən mən bu tövsiyələri verirəm. Ancaq sizdən əvvəl bu vəzifələrdə çalışmış insanlar yalnız şəxsi mənafelərini güdürdülər, talançılığa, rüşvətxorluğa və korrupsiyaya qurşanmışdılar, insanlara laqeyd yanaşırdılar, rayonların qarşısında duran gündəlik problemlərlə yox, öz şəxsi problemləri ilə, şəxsi biznesləri ilə məşğul idilər və əlbəttə, insanların haqlı narazılığına səbəb olmuşdular". Prezident İlham Əliyev qeyd edib ki, bütün bu faktlar üzə çıxandan sonra hər iki icra başçısı öz vəzifələrindən azad edildi və indi onlar qanun qarşısında cavab verəcəklər: "İstintaq gedir, istintaq hər şeyi göstərəcək. Ancaq ilkin məlumatlar, o cümlədən sübutlar və istintaq materialları deməyə əsas verir ki, bu insanların cinayət məsuliyyətinə cəlb edilməsi tam əsaslı idi".

Xatırladaq ki, hələ bir müddət öncə dövlət başçısı bəyan etmişdi ki, məmurların fəaliyyətinə qiymətdə onların fördükləri işlər, prezidentin tapşırıqlarının icra vəziyyəti əsas rol oynayacaq. Ancaq deyəsən,  Prezident İlham Əliyevin bu sərt xəbərdarlığı bəzi üzdəniraq məmurların tükünü də tərpətməyib. Ancaq fəaliyyətlərini "köhnə hamam, köhnə tas" prinsipi üzərində quran məmurlar nəhayət anlamalıdırlar ki, onlar tərəfindən rüşvət alınması dövlət qulluqçularının etik-davranış kodeksinə, ümumilikdə isə dövlətin qanunlarına hörmətsizlikdir. Ən başlıcası isə onlara etimad göstərib vəzifəyə təyin edən Prezident İlham Əliyevin apardığı siyasətin məzmununa ziddir. Əks halda, korrupsiya hallarına yol verən məmurun məsuliyyətə cəlb edilməsi qaçılmaz olacaq. Çünki ölkəmizdə kimliyindən asılı olmayaraq qanun hər kəs üçün birdir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31