İranın riyakar xarici siyasəti bumeranq effekti verə bilər

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı qələbə ölkəmizi gözü götürməyən qüvvələrin əndişələnməsinə səbəb olub. Xüsusilə regionda maraqları olan bəzi qonşu dövlətlər bu qələbəni-Azərbaycanın işğal altında olan torpaqlarını azad edərək ərazi bütəvlüyünü təmin etməsini həzm edə bilmirlər. "Kürkünə birə düşən" antiAzərbaycan qüvvələr əsil xislətlərini ortaya qoyaraq ölkəmizə qarşı açıq-aşkar riyakarlıq nümayiş etdirilər. Xarici siyasətində, xüsusən Azərbaycana qarşı münasibətdə korrektiyaya ehtiyac olan İran İslam Respublikasının sərgilədiyi siyasət ölkə ictimaiyyətinin ciddi narazılığına səbəb olub. Görünən odur ki, müsəlman dövləti olan İran dildə bir, əməldə başqa siyasət yürüdür. Ötən 30 illik müşahidə və təhlillər deməyə əsas verir ki, bu İslam Respublikası mütəmadi olaraq separatçılara dəstək verib, işğalçı Ermənistanın ayaq üstə durmasında əsas təminatçı rolunu oynayıb. Dildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını etiraf etsə də, əməldə separatçıların himayədarı rolunda çıxış edib. Üstəlik humanitar yardım adı altında Ermənistan və Qarabağ separatçılarının silahlanmasında dəridən qabığdan çıxıb. Bununla kifayətlənməyən İran işğal dövründə Qarabağda "çirkli pulların yuyulması" mexanizmini qurmuşdu. Daha dəqiq, İrandan Qarabağa gətirilən pullar burada iranlılar tərəfindən qurulmuş banklar vasitəsilə İrəvanda yenə iranlıların qurduğu banklara ötürülür və "təmizlənirdi". Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr palatasının keçmiş üzvü Dan Barton da 2018-ci ildə verdiyi müsahibəsində İranın Qarabağdakı banklar vasitəsilə pulları "yuduğunu" və "Hizbullahı" maliyyələşdirdiyini açıqlamışdı. Bu, İranın işğal dövründə Azərbaycan torpaqlarında həyata keçirdiyi qanunsuzluqların kiçik bir hissəsidir. Müharibədən sonra bu mexanizmdən məhrum oldular. Bu gün Tehranın Xankəndidəki separatçı-terrorçu rejimə dəstək vermək üçün "min bir əziyyətə" qatlanmasının səbəblərindən biri də "bəlkə bu mexanizmi xilas" etmək ümididir.

Elə bu gün də İran İslam Respublikası analoji riyakar siyasətini yürütməkdə davam edir. Humanitar yardım adı altında Xankəndiyə avtomobil eşalonunda ən müxtəlif yüklərin daşınmasını həyata keçirir.  Azərbaycan ərazisindən qanunsuz yük daşıması ilə əlaqədar ölkəmiz  tərəfinin rəsmi nota verməsinə baxmayaraq İran öz mövqeyindən əl çəkmik niyyətində olmadığını ortaya qoymaqdadır. Məlumat üçün qeyd edək ki,  erməni mənbələr iddia edir ki, İran əsilli sürücülərin Xankəndinə yük daşımasını təsdiq edən sənədlərinin olması səbəbindən Gorus-Qafan yolunda İran yük maşınlarının iki sürücüsü Azərbaycan polisi tərəfindən saxlanılıb. Hətta bunu təsdiq edən sənədlər sosial şəbəkələrdə paylaşılıb. Sənədin üzərində çatdırılması ünvanı "Stepanakert, Armenia" yazılıb. Yayılan sənədlər İranın Xankəndinə yük daşıdığını bir daha sübut edir. Bundan başqa, İran dövləti öz sürücülərinə verdiyi rəsmi sənəddə Xankəndinin Ermənistan şəhəri olduğunu yazmaqla Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alıb. Belə halda, Azərbaycan ərazilərindən istifadə edərək, qanunsuz yükdaşımaları həyata keçirənlərə haqlı olaraq Azərbaycan qanunlarına uyğun şəkildə sərt reaksiya nümayiş etdirilir. Çünki, belə mövqe Azərbaycan-İran münasibətlərinin xarakteri ilə heç cür uzlaşmır. İran Azərbaycan ərazi bütövlüyünü tanıdığını, ölkəmizlə münasibətlərə önəm verdiyini həmişə dilə gətirib, amma belə hallar iki ölkə arasındakı münasibətlərə müəyyən soyuqluq gətirə bilər. Nəzərə almaq lazımdır ki, Qafan-Gorus yolunun 21 kilometr ərazisi Azərbaycanın nəzarəti altındadır. Bu ərazidən qanunsuz yüklərin keçməsinə təbii ki, yol verilməyəcək.

Çox ehtimanl ki, Ermənistanın ölkəmizə qarşı təxribatlarının bir istiqaməti də region ölkələri ilə Azərbaycanın münasibətlərinə soyuqluq gətirməyə, gərginlik yaratmağa hesablanıb. Lakin, xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan-İran münasibətləri dərin tarixi köklərə malikdir. Bu xalqlar əsrlər boyu bərabər yaşayıblar. İran və Azərbaycan xalqları islam aləminə mənsub olan xalqlardır. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları tarix boyu birləşdirib. İranla Rusiya arasında bağlanan 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrindən sonra Azərbaycan ikiyə bölünüb və böyük bir hissəsi İranın tərkibində qalıb. Hazırda İran İslam Respublikasında 30 milyona yaxın azərbaycanlı yaşayır. Azərbaycan Respublikası ilə İran İslam Respublikasının 765 km. uzunluğunda sərhədi var. Bunları nəzərə alaraq Azərbaycan İran İslam Respublikası ilə dostluq, qardaşlıq əlaqələrini inkişaf etdirmək yolunu tutub. Şübhəsiz ki, İran Azərbaycana qarşı mövqeyində dəyişiklik etməsə, müsəlman ölkə olan Azərbaycanı deyil, separatçıları dəstəkləsə, iki dövlət arasındakı münasibətlərə yenidən baxmaq zərurəti qaçılmaz olacaq.

Nurlan  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31