Ermənistanın Azərbaycana “Smerç” raketləri atması BMT hesabatında

Günümüzdə mina və partlamamış hərbi sursatlardan ən çox əziyyət çəkən ölkələrdən biri, hətta birincisi Azərbaycandır desək yanılmarıq. 30 ilə yaxın müddətdə işğal altında saxladıqları Azərbaycan ərazilərində on minlərlə mina və partlamamış hərbi sursatlar basdıran erməni cəlladları müharibə qanunlarına zidd olaraq hələ də minaladığı ərazilərin xəritəsini tam olaraq Azərbaycana vermir ki, bu da hər ötən gün bu tipli bədbəxt hadisələrin sayının artmasına gətirib çıxarır. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra onlarla belə fakt qeydə alınıb, bir o qədər əsgər və mülki vətəndaşımız mina partlaması nəticəsində həlak olub, yaxud müxtəlif dərəcəli xəsarət alıb.

Minalar Əleyhinə Azərbaycan Kampaniyasının sədri Hafiz Səfixanov deyir ki, mina probleminin Azərbaycanda ciddi bir tendensiyaya çevrilməsi ölkəmizin BMT-nin müvafiq konvensiyasına qoşulmamasıdır ki, bu da təbiidir. Çünki Ermənistan da indiyə qədər həmin sənədə qoşulmayıb. İndiyə qədər Ermənistanla müharibə şəraitində olduğumuz üçün Azərbaycan da haqlı olaraq həmin Konvensiyaya qoşulmayıb. Ancaq rəsmi Bakı həmin sənədi daim dəstəkləyib: "Birləşmiş Millətlər Təşkilatının "Kasetli Silahlara dair Konvensiya"sı 3 Dekabr 2008-ci il tarixdə Oslo şəhərində imzalanib. Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya - Kasetli silahlara qarşı Koalisiya təşkilatı bu Konvensiyanın icra olunmasına dair 11-cu illik hesabatı (Cluster Munition Monitor Report) ictimaiyyətə təqdim edir. Bellə ki, 01 Avqust 2010-cu il tarixdən qüvvəyə minmiş bu Konvensiyanı hal-hazırda 123 ölkə imzalayıb ki, onlardan da 110 ölkə ratifikasiya prosesini başa çatdırıb. Konvensiyaya üzv  dövlətlər 10 il ərzində nəzarətində olan ərazidəki bu silahların təmizlənməsini başa çatdırmalı, 8 il ərzində isə anbarlarındakı ehtiyatları məhv etməlidir".

İctimai Birlik sədri deyir ki, bu Konvensiya qüvvəyə mindikdən sonra 17 dövlət kasetli silahlar istehsal etməkdən imtina edib: "Onlarla dövlət bu silahların istehsalına investisiyalar qoymaqdan imtina edib. Yalnız Çin və Rusiya yeni kasetli silah növləri yaratmaq üzərində işləyir. Hesabat dövründə (avqust 2020 - iyul 2021) yalnız 2 dövlətin ərazisində Suriya və Azərbaycanın ərazisində kasetli silahlardan istifadə edilməsi faktı qeydə alınıb. Konvensiyaya üzv ölkələr ehtiyatlarında olan kasetli silahların 99% məhv ediblər. Konvensiya qüvvəyə mindikdən sonra dövlətlərin ehtiyatında olan 1.5 milyon kasetli silahların 178 milyon subsursatı məhv edilmişdir. 63.4 km2 ərazisi təmizlənib".

Hafiz Səfixanov bildirib ki, son hesabat dövründə kasetli silahlardan 360 nəfərin zərər çəkəndiyi rəsmi qeydə alınıb: "Zərərçəkənlərin hamısı mülki şəxslərdir ki, onların da 44%-ni uşaqlar təşkil edir. Ən çox qurbanlar Suriyada qeydə alınıb (182 nəfər), və Azərbaycanda (107 nəfər) qeydə alınıb. Azərbaycanın kasetli silahların qadağan olunmasına dair  Konvensiyaya qoşulmamasının səbəbini bir daha diqqətə çatdırım. Hesabatda bildirilir ki, Ermənistanla olan münaqişə səbəbindən Azərbaycan bu konvensiyaya qoşula bilmir. Konvensiyaya üzv dövlətlərin 2-ci İcmal Konfransında Azərbaycan rəsmi şəkildə bildirmişdir ki, Dağlıq Qarabağda kasetli silahlardan istifadə etməyib və "ən qəti şəkildə kasetli silahlardan istifadə olunmasını qınayır". 2015-ci ildən başlayaraq hər il Azərbaycan BMT Baş Assambleyasının bu Konvensiyaya aid qətnaməsinə müsbət səs verir. Azərbaycanda kasetli silahların istehsalı, ehtiyatının toplanması, ölkə ərazisindən daşınması və istifadəsi faktı qeydə alınmayıb.

Hesabatda bildirilir ki, 2020-ci ilin payızında baş vermiş döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələri Rusiya istehsalı olan "Smerç" reaktiv yaylım atəş sistemindən atılan kasetli mərmilərdən istifadə edib. 28 Oktyabr 2020-ci il tarixdə Bərdə şəhərinə atılmış mərmi 9N235 tipli subsursatla təmin edilmiş kasetli raket olub ki, bunun da nəticəsində 21 nəfər həlak olmuş və 70 nəfər yaralanıb. Bundan başqa Ermənistan tərəfindən Azərbaycanın Qızılhacılı (3 oktyabr 2020), Tapqaraqoyunlu (23 oktyabr 2020), Kəbirli (24 oktyabr 2020) və Qarayusifli (27 oktyabr 2020) kəndlərinə də kasetli mərmilərin atılması sübut olunub. Bütün bu hücumlar nəticəsində ilkin məlumatlara görə 107 nəfər həlak olmuş və yaralanıb".

Süleyman 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31