Natiq Miri : "Mənəvi dəyərlərin daşıyıcısı olan insanlar vəzifələrə gətirilməlidirlər"
15 Sentyabr 2021 14:40 SiyasətSentyabrın 14-də Prezident İlham Əliyev yeni təyin olunmuş icra başçılarını videoformatda qəbul edib. Görüşdə bəzi icra başçılarının özbaşınalıqlarına dair səslənən fikirlər və yeni icra başçıları qarşısında qoyulan tələblər politoloqlar tərəfindən müzakirələrə səbəb olub.
Politoloq Natiq Miri Olaylar.az-a müsahibəsində bildirib ki, prezidentimizin dedikləri xalqın dedikləridir: "İctimaiyyət bunu çox yaxşı bilir. Çünki xalqa əzab verən, xalqı rüşvət verməyə vadar edən, xalqın pulunu mənimsəyən icra başçılarını xalq çox gözəl tanıyır. Ancaq faktları sıralamaqla məsələ öz həllini tapmaz. Düşünürəm ki, bunun üçün Ramiz Mehdiyevdən qalan dönəmin idarəetmə sisteminin dəyişməsinə ehtiyac var. Bu idarəetmə sistemi dəyişmədikcə deyilən sözlər yalnız havadan asılı qalır. Çünki ard-arda bir neçə icra başçıları həbs olunub."
Politoloq bəzi icra başçılarının özbaşınalıqları məsələsinə də toxunub:
"Bu gün demək olarmı ki, digər rayonların icra başçıları yenə də rüşvət almır və korrupsiya sisteminin bir üzvü deyil? Əlbəttə mümkün deyil. Bunu ictimaiyyətdən , yerlərdə yaşayan insanlardan soruşsanız eyni cavabı həmin şəxslərdən almış olacaqsınız. Çünki mahiyyət dəyişmədikcə, heç nə dəyişməyəcək. Buna görə də, mütləq mənada islahatlar sistemvari olmalıdır. Yeni sistem dəyişməlidir. Sistem dəyişəndən sonra, əlbəttə ki , kadrların təyinatı məsələsində yalnız sədaqət, sadiqlik prinsipi əsas götürülməli deyil. Bunun üçün mütləq mənada ləyaqət, doğruluq, dürüstlük, fədakarlıq, vətənpərvərlik və əlbəttə ki, elmli, savadlı olmaq kimi bütün bu prinsiplər əsas götürülməlidir. Yəni bir çox mənəvi dəyərlərin daşıyıcısı olan insanlar vəzifələrə gətirilməlidirlər ki, xalqın hər bir nümayəndəsini özününkü saya bilsin. Belə olduğu təqdirdə heç bir insan qarşısındakı insanı alçaltmaq, talamaq üçün fəaliyyət göstərməz. Xüsusilə də dövləti, dövlət anlayışını bilən dövlətçi, vətənpərvər insanları önə çəkmək lazımdır ki, onlar üçün ən azından konkret yaşam prinsipləri olsun ki, insanlar da öz prinsiplərinin üstündən keçə bilməsinlər. Yəni sadəcə süni olaraq sözlərdə qoyulmuş qadağalarla problemi həll etmək mümkün deyil. Əgər bununla mümkün olmuş olsaydı, tutulan icra başçılarından sonra hər şey şəffaf və doğru olardı. Əlbəttə ki, problem bu günün özündə də davam edirsə, düsünürəm ki, davam edir, davam etmiş olmasaydı Prezident bunları dilə gətirməzdi. Buna görə də yeni idarəetmə sistemi, yeni meyarlarla bu cür təyinatlar olduğu təqdirdə idarəetmədə çox çevik mexanizm işə düşəcək. İnsanlar da əlbəttə ki, bu məsƏlənin içərsində sadəcə bir vəsilə olacaq . Qərb dünyasında bu cür mexanizmlər on illərdir mövcuddur və biz bunu görürük. Buna görə də istənilən bir təyinatda insanlar o qədər də böyük rol oynamır. Düşünürəm ki, subyektiv amil də çox vacibdir. Çünki nə qədər ən dolğun bir proqram- konsepsiya olmuş olsa belə hər bir halda bunu həyata keçirən insan amilidir. Ona görə də insanlarda bu dəyərlər sistemini daşıyan şəxslər tapılmalı, bu insanlar təyinat almalıdırlar. O zaman problemin həllindən , konkret nəticlərdən danışmaq mümkün olacaq. Belə olduğu təqdirdə xalq təyinatdan, həm də bütövlükdə dövlət hakimiyyətindən razı olacaq."