"Bakının ən görkəmli yerində Nuru paşanın heykəli qoyulmalıdır"- Nəzakət Məmmədova
15 Sentyabr 2021 13:59 Siyasət"Bu gün Azərbaycan və Türkiyə qardaşlığı, həyata keçirilən siyasət həmin arzuların, planların uğurlu davamıdır. Nuru Paşanın və Azərbaycan Demokratik Respublikasının qurucularının arzuları bu gün həyata keçir. Türkiyə və Azərbaycan yenidən bir olub, "bir millət iki dövlət" prinsipi əsasında fəaliyyətlərini ən yüksək şəkildə davam etdirirlər. Son hadisələr, olaylar da bunu bir daha sübut edir. Hazırkı çətin bir dövrdə Azərbaycan və Türkiyə aşkar bir şəkildə heç bir gücdən çəkinməyərək bütün məkrli planları pozaraq, bölgədə böyük geosiyasi maraqları olan güclərə meydan oxuyaraq, regionda öz maraqlarını açıq şəkildə ortaya qoyur və effektiv şəkildə həyata keçirirlər."
Bu fikirləri Olaylar.az-a Bakının işğaldan azad olmasının 103-cü ildönümü ilə bağlı açıqlama verən politoloq Nəzakət Məmmədova söyləyib:
"Bu gün Azərbaycan tarixində böyük bir gündür. Qafqaz İslam Ordusunun Bakını erməni daşnaklarından və digər düşmən ünsürlərdən azad etməsinin 103-cü ildönümüdür. Nəzərə alaq ki, həmin dövrdə regional və beynəlxalq geosiyasi şərait olduqca mürəkkəb idi. Qafqaz cəbhəsi - Cənubi Qafqaz, o cümlədən, Azərbaycan artıq Birinci dünya müharibəsinin bir poliqonuna çevrilmişdi. Baxmayaraq ki, Birinci dünya müharibəsinin əsas döyüşləri Avropada və Yaxın Şərqdə gedirdi, lakin müharibənin son illərində proses Qafqaza da təsir etmişdi. Çünki Azərbaycan nefti uğrunda mübarizə başlamışdı. Həmçinin, parçalanmış Rusiya imperiyasının bir hissəsini ələ keçirmək uğrunda Antanta ölkələrinin mübarizəsi başlamışdı. Belə bir çətin şəraitdə Osmanlı imperiyası öz geosiyasi maraqlarından çıxış edərək, eyni zamanda da Azərbaycan xalqının Türk-İslam etiqadına riayət edən bir xalq olaraq, böyük geosiyası oyunlarda qurbana çevirilməsinin qarşısını almaq üçün Qafqaz cəbhəsinə daxil oldu. Azərbaycan xalqına qarşı törədilmiş qırğınların, soyqırımların davam etməməsi, Azərbaycanın böyük güclərin pəncəsindən xilas olması üçün Qafqaz İslam Ordusu hərəkətə keçdi. Osmanlı sultanının xeyir-duası və hərbi-siyasi elitasının təlimatı ilə Nuru Paşanın başçılığı altında Azərbaycan vətənpərvərləri ilə birlikdə bir sıra döyüşlərdə qalib gələrək erməniləri məğlub edib, Bakını işğaldan azad etdilər. Azadlığın nəticəsi olaraq Azərbaycan Demokratik Respublikası qısa müddətli də olsa mövcudluğunu saxlaya bildi. Bakının azad olunmasının həmin dövr və Azərbaycan xalqı üçün böyük tarixi əhəmiyyəti oldu. Xalqımız iki ildə olsa azadlığı duydu və müstəqil respublikada yaşayaraq , Şərqin demokratik respublikasını qurmağa nail oldu. İstərdim həmin hadisələri həm də bu günlə əlaqələndirim. Bu gün Azərbaycan və Türkiyə qardaşlığı, həyata keçirilən siyasət həmin arzuların, planların uğurlu davamıdır. Nuru Paşanın və Azərbaycan Demokratik Respublikasının qurucularının arzuları bu gün həyata keçir. Türkiyə və Azərbaycan yenidən bir olub, "bir millət iki dövlət" prinsipi əsasında fəaliyyətlərini ən yüksək şəkildə davam etdirirlər. Son hadisələr, olaylar da bunu bir daha sübut edir. Hazırkı çətin bir dövrdə Azərbaycan və Türkiyə aşkar bir şəkildə heç bir gücdən çəkinməyərək bütün məkrli planları pozaraq, bölgədə böyük geosiyasi maraqları olan güclərə meydan oxuyaraq, regionda öz maraqlarını açıq şəkildə ortaya qoyur və effektiv şəkildə həyata keçirirlər. Buna misal olaraq Qarabağın azad olunmasında qardaş Türkiyənin bizə dəstəyi xüsusi qeyd olunmalıdır. Sentyabr ayı bizim üçün əlamətdardır. Çünki 1918-ci il sentyabrın 15-də Nuru Paşanın başçılığı ilə Bakı azad edildi. Üstündən 102 il keçdikdən sonra 2020-ci ilin sentyabrın 27-sində isə Azərbaycan öz torpaqlarını Qarabağda işğaldan azad etdi. Yenə də qardaş Türkiyə öz köməyini əsirgəmədi. Bu, böyük bir tarixdir. Bu gün də Azərbaycanla Türkiyə hərbi təlimlər keçir. Azərbaycan -Türkiyə hərbi-siyasi əməkdaşlığı ən yüksək səviyyədədir. Şuşa bəyənnaməsi imzalanıb. Bütün bu və digər hadisələr onu göstərir ki, biz Demokratik Respublikanın ənənələrinə bu sahədə böyük bir sədaqət nümayiş etdiririk. Nuru Paşanın və Bakının işğaldan azad olunmasında iştirak edərkən şəhid olmuş bütün şərəfli insanların, o cümlədən də qardaş türk əsgərlərinin ruhu yəqin ki, bu gün şaddır. Çünki Azərbaycan və Türkiyə onların yarımçıq qalmış arzularını gerçəkləşdirdilər. Nuru Paşaya abidə ucaldılması da çox mühüm məsələdir. Bakının ən görkəmli yerində onun heykəli qoyulmalıdır. Bu qardaş Türkiyə və Azərbaycan qardaşlıq münasibətlərinə gözəl bir nümunə olardı, deyə düşünürəm. İnanıram ki, bu məsələ yaxın zamanlarda öz reallığını tapacaq və biz hər ilin bu günü Nuru Paşanın abidəsini ehtiramla yad etmək şərəfinə nail olacağıq.