İranda 40 milyon azərbaycanlı yaşayır və onların səbri daşanda İranın bu günki siyasətinə birdəfəlik nöqtə qoyulacaq

İrandan Ermənistana, oradan da Azərbaycana, yəni  Xankəndinə Azərbaycandan icazə alınmadan humanitar yardım adı altında yük  maşınlarının  getməsi Azərbaycanın  ictimai-siyasi  cameəsində  müzakirə  mövzusudu.

Olaylar.az-a bu barədə fikirlərini bildirən politoloq Rəfail Becanovun sözlərinə görə, İranın bu şəkildə davranması Azərbaycanın suverenliyinə, onun müstəqilliyinə, sərhədlərinin toxunulmazlığına müdaxilə cəhdi kimi qiymətləndirilməlidir:

"Hesab edirik ki, İran höküməti buna görə məsuliyyət daşıyır və cavab verməlidir. Azərbaycan ordusu haqlı olaraq indi həmin yolda nəzarəti tam bərpa edib və bütün gəlib gedənləri yoxlayır. Çünki, biz bilmirik ki, İran humanitar yardım adı altında o maşınlarda, orada yaşayan ermənilərə nə göndərir. Bəlkə də həmin humanitar yardım adı altında oraya silah-sursat göndərilir? Yəni, bunlar hamısı ciddi araşdırılmalı məsələlərdir. Azərbaycanın müvafiq qurumları bununla bağlı ciddi ölçü götürməli və İran hökumətinə nota göndərməlidir ki, Azərbaycanın suverenliyinə və müstəqilliyinə, sərhədlərinin toxunulmazlığına, ərazi bütövlüyünə qarşı bu separatçı mövqeyindən imtina etsin. 44 günlük müharibə zamanı da İran tərəfindən bu kimi təxribatları biz müşahidə etmişik. Sosial şəbəkələrdə, mediada müxtəlif informasiyalar, videolar yayılırdı ki, İrandan Ermənistana hər il silah-sursat daşınır. Bu onu göstərir ki, İranın müsəlman dövləti olmasına baxmayaraq, Azərbaycana qarşı yox, Ermənistana qarşı bir simpatiyası, sevgisi olub və özünün müsəlman, məzhəb qardaşları ilə deyil, Ermənistanla müttəfiq olub. Bu Ermənistanla olan müttəfiqlik hətta bizim torpaqlarımız işğal altında olanda belə görsənirdi. Çünki, 30 illik işğal zamanı Ermənistan Azərbaycan torpaqlarını işğal edib, onun dini dəyərlərini tapdalamışdı, məscidlərimiz dağıdılmışdı, o məscidlərdə donuz saxlanılırdı. Amma çox təəsüf ki, özünü islam dövləti adlandıran İran tərəfindən bu məsələlərə sərt təpki və ya etiraz heç zaman eşidilmədi. Bu İranın Azərbaycana olan münasibətinin nəticəsi idi. Yəni Ermənistanla olan müttəfiqliyinin və Azərbaycana qarşı isə olan qərəzliyinin üzdə göstərməsə də, apardığı siyasətdə Azərbaycanın əleyhinə olan bir siyasətinin göstəricisi idi. 44 günlük müharibədə biz torpaqlarımızı azad, sərhədlərimizi bərpa etdik. Hal-hazırda sərhədlərimizə nəzarət edirik və belə görünür ki, 44 günlük müharibədə təkcə Ermənistan deyil, həm də İran məğlub olmuşdur. Ona görə bu qədər təlaşlıdırlar və Azərbaycanın suveren hüquqlarına müdaxilə etməklə beynəlxalq hüququ pozurlar. İran hökuməti bunun fərqində olmalıdır. Hesab edirəm ki, qanunsuz yolla Azərbaycan ərazisinə daxil olan bütün maşınlar dayandırılmalıdır, hansı ad altında olursa olsun, Azərbaycan sərhədlərini keçən və dövlətin icazəsi olmadan onun ərazisində, onun yollarında hərəkət edən maşınların hərəkəti dayandırılmalıdır, maşınlar, yüklər müsadirə olunmalıdır, sürücülərə cinayət işi açılmalıdır və onlar həbs edilməlidir. Əgər bu hal təkrarlanarsa, onda o maşınlar hərbi yolla vurulmalıdır ki, bu biryolluq başqalarına da dərs olsun və bilsinlər ki, Azərbaycan torpaqlarını, sərhədləri pozmaq, sərhədləri pozub, Azərbaycan ərazilərində icazəsiz və qanunsuz hərəkət edən bütün obyektlər bu şəkildə cəzalandırılacaqdır. İran hakimiyyəti bununla bağlı ciddi düşünməli və ölçü götürməlidir. Nəzərə almalıdır ki, Azərbaycanın, eyni zamanda azərbaycanlıların səbrini daşdırmaq olmaz. Ona görə ki, İranda 40 milyon azərbaycanlı yaşayır və onların səbri daşanda İranın bu günki siyasətinə bir dəfəlik nöqtə qoyulacaq və İranın bu günki hakimiyyəti, indiki rejimi hakimiyyətdən birdəfəlik tarixin arxivinə gedəcək".

Politoloq İlyas Hüseynov isə deyir ki, İran tərəfinin Rusiyanın sülhməramlılarının yerləşdiyi əraziyə göndərdiyi yanacaq-sürtkü materiallarının daşınması kifayət qədər narahatlıq verici məqamdır:

"Həmin əraziyə daxil olan maşınlar mütləq rəsmi Bakı ilə razılaşdırılmalıdır. Çünki, Azərbaycanın suveren ərazisindən söhbət gedir və burada İran tərəfinin Azərbaycanın İrana rəsmi şəkildə nota təqdim etməsindən sonra yenidən bu hərəkətlərə yol verməsi, anlaşılan deyil. İranın Azərbaycanda olan səfiri Seyid Abbas Musəvi xarici işlər nazirliyinə dəvət olunmuşdu və ona rəsmi şəkildə nota təqdim edilmişdi. Bundan sonra yenidən bu hərəkətlərin təkrarlanması heç cür başa düşülən deyil və bu xüsusda görünür ki, başqa tədbirlərə əl atmaq lazımdır. Burada, həmin ərazidə yerləşən müvəqqəti sülhməramlıların da fəaliyyəti narahat vericidir. Çünki, əraziyə daxil olan İran maşınları yoxlanılmır, rəsmi Bakı ilə razılaşdırılmır, Bakıya bu barədə siqnallar ötürülmür və bu da qəbul edilən deyil. Sülhməramlıların beynəlxalq hüquqda göstərilmiş mandatdan kənar hərəkətləri baş verir. Ona görə də, həm İran tərəfi ilə, həm də Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları tərəfi ilə bu danışıqlar prosesi həyata keçirilməlidir və bundan daha sərt addımlar atılmalıdır. Görünür, xarici işlər nazirliyinin verdiyi nota yetərsizdir və hər hansısa başqa addımlara ehtiyac duyulur. Eyni zamanda qeyd olunmalıdır ki, əgər İran tərəfi Azərbaycanın Gorus-Qafan strateji yolunu bağlamasından sonra bu cür addımlar İran tərəfindən yenidən təkrarlanırsa, burada İran tərəfinin məsələnin mahiyyətinə və kökünə baxması lazımdır. Çünki, Azərbaycanın sərhəd naryadına terrorçu dəstələr tərəfindən hücumun edilməsindən sonra Azərbaycan bu yolu bağladı və əməliyyat tədbirləri, darama işləri bölgədə keçirildi. Ona görə də, müvafiq addımlar Azərbaycan tərəfindən atılmışdır. Bunun qarşılığında yenidən separatçılara dəstək göstərilməsi, yanacaq-sürtkü materiallarının, eləcə də yük maşınlarının bölgəyə göndərilməsi heç bir halda İran tərəfinə haqq qazandırmır və İran tərəfi bu addımları ilə Azərbaycanla olan strateji münasibətlərinə kölgə salır. İran dəfələrlə Azərbaycan Respublikasının ərazi bütövlüyünü rəsmi səviyyədə bildirsə də, suverenliyimizə dəstək ifadə olunsa da, hazırda real gördüyümüz hərəkətlər rəsmi açıqlamalarla uyğunluq təşkil etmir. Qeyd etdiyimiz kimi, sülhməramlıların da fəaliyyətinə yenidən nəzər salınmalıdır və onlarla baş verən qanunsuz halların aradan qaldırılmasını həyata keçirilməsini tələb etmək lazımdır. Müdafiə Nazirliyi həm İran tərəfinə, həm də sülhməramlıların komandanlığına məktublar göndərmişdir. Arzuolunandır ki, bu cür hərəkətlərə son qoyulsun, Azərbaycanın ərazi bütövlüyünə hörmət nümayiş etdirilsin".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31