“Rus sülhməramlılarının öz misiyasını yerinə yetirməsində ciddi boşluqlar var”
10 Sentyabr 2021 19:18 Siyasət"Qarabağın dağlıq hissəsində dislokasiya olunmuş Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı bir mənalı qiymətləndirmə yoxdur". Millət vəkili Elman Nəsirov Olaylar.az-a açıqlamasında belə deyib.
"Onların fəaliyyəti ilə bağlı narazılıq ölkənin ali rəhbərliyi səviyyəsində ifadə olunub. Xüsusilə də son zamanlar onların fəaliyyətində daha ciddi qüsurların və nöqsanların olması diqqətdən yayınmır. Məsələn 10 noyabr razılaşmasına əsasən əli silahlı ermənilərdən 1 nəfər də Qarabağda qala bilməz.Onlar bölgəni tərk etməlidirlər. Ancaq nəinki bu baş verməyib, eyni zamanda, Rusiya sülhməramlılarının faktiki , biganə davranışı və dolayısı ilə onların dəstəyi ilə Laçın dəhlizinə keçməklə Ermənistandan ermənilərin Qarabağa gətirilməsi, yüklərin , silahların daşınması həyata keçirilib. Bu qəbuledilməzdir.
Eyni zamanda Rusiya sülhməramlılarının bir çox hallarda öz üzərinə düşən işlə deyil, daha çox onlara aid olmayan məsələrlə məşgul olduğu reallığı da diqqətdən yayınmır. Xankəndində yaşayan ermənilərə su, ərzaq daşınması, başı ağrayan bir erməni üçün gedib dərman alınıb gətirilməsi və s.Təsadüfü deyildir ki, ölkə prezidenti İlham Əliyev bu məsələrlə bağlı narazılıq və narahatlığını ifadə edir. O, söyləyib ki, ümumiyyətlə 10 Noyabr razılaşmasında Rusiya sülhməramlılarının humanitar missiyası ilə bağlı bənd yox idi. Biz öz dövlətimizin də humanist mövqeyindən çıxış edərək onlara göz yumduq. Amma əslində onlar bu missiya ilə məşğul olmamalıdırlar. Xüsusilə də kütləvi informasiya vasitələrində belə faktlara daha çox rast gəlirik. Eyni zamanda siyasi opponentlər də bu faktları səsləndirirlər. Əslində rus sülhməramlılarının sayı 1960 nəfər olmalıydı, amma onların sayı göstərilənlərdən qat-qat çoxdur. Bu nöqteyi nəzərdən həmkarım Elman Məmmədov bir həyəcan təbili çaldı və qeyd etdi ki, onların sayı 7-8 minə çatıb. Doğrudur, məndə dəqiq bu göstərici yoxdur. İstənilən halda bu və digər məsələ ilə bağlı mövqe bildirirəmsə, təsdiqlənmiş məlumatlara əsaslanıram.Bu nöqteyi -nəzərdən bizim Müdafiə Nazirliyinin verəcəyi məlumatlar mənə görə əsas mənbədir. Doğrusu Müdafiə Nazirliyinin rus sülhməramlı qüvvələrinin 7-8 min və ondan da çox olması haqqında məlumat yaydığının şahidi olmamışam. Ona görə də bu məsələ ilə bağlı konkret fikir söyləyə bilmərəm. Amma onu deyə bilərəm ki, rus sülhməramlılarının öz misiyasını yerinə yetirməsində ciddi boşluqlar var. O boşluqlar doldurulmalıdır. Onlar birbaşa öz missiyalarını həyat keçirməlidir. Xüsusilə də Ermənistandan əli silahlıların,silahlı birləşmələrin Laçın dəhlizi vasitəsilə Ermənistana daşınmasına imkan verməməlidirlər. Onların yanında Şuşanın atəşə tutulması olmamalıdır.Buna imkan verməməlidirlər. Bu kimi hallar təəccüb və təəssüf doğurur. Məsələyə bu məntiqlə yanaşdıqda Rusiya sülhməramlılarının fəaliyyət mexanizmlərinə yenidən baxılması zərurəti ortaya çıxır. Və onlar ilk növbədə 10 noyabr razılaşmasından irəli gələn birbaşa vəzifələrin həlli ilə məşqul olmalıdırlar. Bu nöqteyi- nəzərdən hesab edirəm ki, Rusiya sülhməramlılarının dislokasiya olunduğu ərazi, onların fəaliyyəti ilə bağlı yeni yanaşmalara, mexanizmlərə xüsusi ehtiyac yaranmışdır." -deyə millət vəkili qeyd edib.