Hər gün  Qələbə üstünə Qələbə, Zəfər üstünə Zəfər gəlir

İşğaldan azad olunmuş ərazilərimizdə görülən işlər Azərbaycanın qüdrətini nümayiş etdirir

Şuşanın əsas rəmzlərindən olan və tariximizdə xüsusi yer tutan İsa bulağı yenidən bərpa olunub. İsa bulağı Şuşa şəhərindən iki kilometr aralı, dəniz səviyyəsindən təqribən 1500 metr hündürlükdə, meşədə yerləşir. Tarixi bilgilərə görə, bulaq XVIII əsrdə ilk dəfə meşəlikdə aşkar edilmiş və İsa adını almışdır. Ümumilikdə 44 günlük Vətən Müharibəsindən, müqəddəs Qələbə və Zəfərimizdən ötən 9 ay yarım ərzində növbəti Qələbələr, növbəti Zəfərlər davam etməkdə, yaşanmaqdadır. Hər gün demək olar ki, Qələbə üstünə Qələbə, Zəfər üstünə Zəfər gəlir, sayını-hesabını belə itirmişik. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə cənab İlham Əliyev Qarabağa, işğaldan azad olunmuş ərazilərimizə, yurd yerlərimizə ard-arda səfərləri ilə düşmənə və onun qanlı havadarlarına gözdağı verir, əvvəla, özünün və Lideri olduğu Azərbaycanın gücünü, qüdrətini bir daha nümayiş etdirir. Hər biri səfəri və bu səfərlər zamanı etdiyi açılışlar, təməlatmalar ilə Qarabağın bir daha Azərbaycana məxsus olduğunu və artıq heç bir gücün onu bizdən, Azərbaycan ayıra, qopara bilməyəcəyini bəyan edir, ortaya qoyur. Millət vəkili Eldar İbrahimov deyir ki, Müzəffər Ali Baş Komandan və Birinci xanım, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qarabağa, onun göz bəbəyi, dilbər guşəsi olan Şuşaya son səfəri də düşmənə və onun havadarlarına növbəti öldürücü, sarsıdıcı zərbə oldu, Qələbələrimizin, Zəfərlərimizin üstünə yenisini əlavə etdi. Dünya bir daha Qarabağın, Şuşanın bizim, Azərbaycanın olduğuna şahidlik etdi:"Ölkə Prezidenti və Birinci xanım Şuşada dahi şairimiz Molla Pənah Vaqifin büstünün, muzey-məqbərə kompleksinin, o cümlədən korifey sənətkar Bülbülün ev-muzeyinin bərpadan sonra açılışlarında, eləcə də nəhəng Üzeyir Hacıbəyovun heykəlinin, "Otel və Konfrans Mərkəzi"nin açılışında iştirak etdilər, Şuşa şəhərinin baş planı ilə tanış oldular. Təqdim olunan baş planda Şuşanın orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri də öz əksini tapıb. Şəhərdə uzunluğu 36,2 kilometr olan mövcud yollarla yanaşı, həm də 17,6 kilometr yeni yolun inşası da nəzərdə tutulur. Həmçinin şəhərin baş planında ictimai dayanacaqların da yerləşmə yerləri müəyyən olunub. Bu dayanacaqlar elə qoyulacaq ki, şəhərin küçələrinə giriş-çıxışa maneə olmasın. Baş plan hazırlanarkən, şəhərin relyefinə uyğun olaraq yaşıllıqları və landşaftı qoruyub saxlamaq, onu inkişaf etdirmək məqsədilə yaşıl dəhlizlərin inşası da nəzərdə tutulur. Şuşada ümumi sahəsi 46.765 kvadratmetr olacaq yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq. Məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur. Beləliklə, yaşayış massivində 25 binanın olacağı planlaşdırılır. Avqustun 29-da təməli qoyulan 1-ci məhəllədə 3, 4 və 5 mərtəbəli binalar da Şuşaya xas memarlıq üslubu ilə tikiləcək.Və sonda ölkə Prezidenti 1-ci məhəllənin təməlini qoydu və bununla növbəti tarixə uğura imzasını atdı".

Onun sözlərinə görə,  Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimində ölkə Prezidenti növbəti dəfə mesajlarını verdi, növbəti dəfə xəbərdarlıqlarını etdi, növbəti dəfə özünün və Azərbaycanın birmənalı, qətiyyətli mövqeyini ortaya qoydu: "Bildirdi ki, Vaqifin məqbərəsi bütün digər tarixi abidələrimiz kimi işğal edilmiş torpaqlarda erməni vandalizminə məruz qalmışdır. Bu gün isə məqbərə tam bərpa edilib və dünən məqbərənin ikinci açılışı olmuşdur. Qeyd edildiyi kimi, Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını ulu öndər Heydər Əliyev vermişdir. Onun təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də burada qarlı, şaxtalı havada bu məqbərənin açılışı olmuşdur. Bu, sıradan olan hadisə deyildi. Çünki o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi.Ölkə Prezidenti "Bildiyiniz kimi, uzun illər ermənilər Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Halbuki, bunun üçün heç bir tarixi, mədəni əsas yox idi. Onu da nəzərə almalıyıq ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda, Qarabağ xanının vəziri idi. Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmışdır və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdır"-deyərək, onu da təəssüf hissi ilə bildirdi ki, Şuşa işğala məruz qalandan sonra bütün tarixi abidələr, mədəni abidələr, o cümlədən Vaqifin məqbərəsi vandallar tərəfindən dağıdılmışdır. Bəli, Şuşanın işğalı xalqımızın böyük faciəsi idi. Çünki Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır. Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Şuşa Qarabağın tacıdır. Ali Baş Komandan çıxışına davam edərək "44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik. Bu gün Şuşa artıq dirçəlir və Şuşanın dirçəlməsi üçün əməli addımlar atılır. Müharibədən sonra mən ilk dəfə Şuşaya bu il yanvarın 14-də gəlmişdim"-dedi və xatırlatdı ki, bu tarix də təsadüfən seçilməmişdi.Çünki o tarixdən 39 il əvvəl burada Ulu Öndərin iştirakı ilə Vaqifin məqbərəsi açılmış və məhz özünün də yanvarın 14-də buraya gəlməyimin çox böyük rəmzi mənası var idi. Tarixi 2020-ci ilin noyabr ayının 8-də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən Müzəffər Ali Baş Komandan demişdi ki, Şuşa artıq azaddır və bu, həqiqətdir. Biz artıq azad Şuşada yığışmışıq. Biz artıq Şuşaya qayıtmışıq".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31