Ermənistan regionda sülhə və təhlükəsizliyə ciddi təhdiddir
9 Sentyabr 2021 11:11 SiyasətAzərbaycan 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü təmin edərək işğalçı dövlət olan Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bununla da regionda yeni siyasi mənzərənin əsası qoyuldu, Cənubi Qafqazda yeni siyasi düzəmin formalaşmasına təkan verildi. Heç bir dövlətin torpağında gözünün olmadığını bəyan edən Azərbaycan hazırda regionda sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətdə fəaliyyətini davam etdirir. Elə bu siyasətin davamı olaraq Azərbaycan Türkiyə lə birgə Laçın rayonunda hərbi təlim keçirilməsinə start verib. Məhz Azərbaycanın bu addımı Ermənistan və onu himayədarı olan ölkələrin "kürkünə birə salıb". Ölkəmizin hərbi baxımdam güclənməsindən, Türkiyə ilə hərbi əməkdaşlığın möhkəmlənməsindən əndişələn antiAzərbaycan qüvvələri ən müxtəlif səviyyələrdə sözügedən təlimə siyasi don geyindirərək gözdən salmağa çalışırlar. İddia edilir ki, Laçın rayonunda Azərbaycan və Türkiyə birgə təlimlərin keçirilməsi 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun deyil, sülh və təhlükəsizliyə xələl gətirir. Lakin bütün çirkin niyətlərə, ittihamlara baxmayaraq qətiyyətlə demək olar ki, Azərbaycan suveren dövlət olaraq öz ərazisində hərbi təlimin keçirilməsi üçün hansısa qonşu dövlətin razılığını almağa borclu deyil. Görəsən, doğrudanmı bu iddianı ortaya atanlar anlamırlar ki, beynəlxalq sərhədləri çərçivəsindəki ərazisində müxtəlif təlimlər keçirmək hər bir dövlətin suveren hüququdur. Elə Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada da Azərbaycanın müstəqil dövlət kimi suveren hüquqları müdafiə olunur. Açıqlamada bildirilir ki, Azərbaycan bu günədək ərazisində çoxsaylı hərbi təlimlər, o cümlədən tərəfdaş ölkələrin iştirakı ilə birgə təlimlər keçirib. Laçın rayonunda başlanılan birgə taktiki təlim də məhz bu qəbildən olan və bölgədə sabitliyin təmin olunamsına xidmət edən addımdır: "Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, regional sülhə və təhlükəsizliyə təhdid dövlətin öz ərazisində hərbi təlim keçirməsi yox, Ermənistanın uzun illər ərzində tətbiq etdiyi kimi digər dövlətin ərazilərinə iddialar irəli sürmək, hərbi təcavüz siyasəti yürütmək, digər dövlətin ərazilərini işğal altıda saxlamaq və nəhayət, beynəlxalq hüququn prinsiplərini tapdalamaqdır. Əgər Ermənistan bölgədə sülh və təhlükəsiziyin təmin olunmasını istəyirsə, o zaman özünün də imza atdığı öhdəliklərin icrasına riayət etməlidir".
Maraqlı məqam ondan ibarətdir ki, işğalçı Ermənistan Azərbaycan işğal etdiyi ərazisində basdırdığı minaların düzgün xəritəsini verməməklə regionda sülh və təhlükəsizliyə təhdid yaratdığı halda ölkəmizi hərbi təlim keçirməkdə ittiham edir. Xatırladaq ki, bir müddət öncə üç rayonumuzun-Ağdam, Füzuli və Zəngilanın minalanmış xəritələri Azərbaycana təqdim olundu. Bunun davam edəcəyi güman edilsə də, qarşı tərəf növbəti xəritələrin verilmə prosesini ləngidir. Məsələyə aydınlıq gətirən politoloq Əlimusa İbrahimov bildirib ki, ermənilər tərəfindən minalanmış sahələrin xəritələri həmişə Azərbaycan rəhbərliyinin diqqət mərkəzindədir: "Bu xəritələrin əldə olunması işğaldan azad olunmuş ərazilərin daha sürətlə yenidən qurulmasında mühüm rol oynaya bilər. Amma erməni tərəfi bu xəritələrin verilməsini gecikdirir və məqsədləri minalanmış ərazilərin xəritələrini iki dövlət arasında mübadilə obyektinə çevirməkdir. Təbii ki, Azərbaycan tərəfi haqlı olaraq bu xəritələrin beynəlxalq hüquqda göstərildiyi kimi qeyd-şərtsiz təqdim edilməsi tələbilə çıxış edir. Ermənilərin digər rayonların minalanmış ərazilərinin xəritələrini verməməkdə məqsədi aydındır. Onlar minaların partlaması nəticəsində daha çox Azərbaycan vətəndaşının şikəst olmasını arzulayırlar". Onun sözlərinə görə, erməni tərəfində belə bir fikir formalaşıb ki, xəritələrin təhvil verilməsi ilə onlar Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə süveren hüququnu təsdiq etmiş olurlar: "Azərbaycan minalı ərazilərin xəritələrini əldə etmək marağındadır və bu istiqamətdə dövlət səviyyəsində danışıqlar aparılır. Amma prezident İlham Əliyevin də qeyd etdiyi kimi, dəqiqliyi cəmi yüzdə 25 faiz olan xəritələrin verilməsi məsələnin tam həlli deyil. Məhz bu xəritələrin dəqiqlik səviyyəsinin aşağı olması səbəbindən Azərbaycan bu məsələni öz imkanları hesabına həll etməyə çalışır. Artıq Türkiyə tərəfindən minaların təmizlənməsi sahəsində ən müasir texnologiya Azərbaycana gətirilib. Mümkündür ki, yaxın zamanlarda xəritələrlə bağlı ermənilərin "xidməti"nə ehtiyac qalmayacaq".
Alim