İslahatlar idman sahəsinə də ÇATDI

İlham Əliyev: "İdman sahəsində buraxılan nöqsanlar da ciddi araşdırılmalıdır"

Görünən odur ki, islahatlar artıq idman sahəsinə də çatıb. Həm son illərdə əksər idmançılarımızın beynəlxalq yarışlarda üzləşdikləri uğursuzluqlar, ölkəmizin aktivinə medallar qazandıra bilməmələri, həm beynəlxalq reytinq cədvəllərində nisbətən geriləməmiz, həm də ayrı-ayrı idmançılarımızın müxtəlif vaxtlarda ictimai asayişi pozan hərəkətlər etməsi, hətta cinayət əməli törətməsi bu sahədə də islahatlar aparmağı, eyni zamanda belə bir vəziyyətin yaranmasına səbəb olan amilləri təhlil etməyi zərurətə çevirib. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ötən gün yeni təyin etdiyi gənclər və idman naziri Fəriq Qayıbovu videoformatda qəbul zamanı ifadə etdiyi fikirlərdən də bu aydın görünürdü. Bir sözlə Cənab Prezident yeni təyin olunan nazirə tövsiyələrini çatdırmaqla yanaşı, eyni zamanda idman sahəsində islahatların, araşdırmaların aparılacağı anonsunu da vermiş oldu.  Dövlət başçısı açıq şəkildə ifadə etdi ki, idman sahəsində ciddi nöqsanlar mövcuddur və bu sahədə buraxılan nöqsanlar da ciddi araşdırılmalıdır, ciddi təhlil aparılmalıdır: "Xüsusilə Olimpiya Oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlər qeyri-qənaətbəxş olmuşdur və bütün federasiyalarda mövcud olan vəziyyət ciddi təhlil edilməlidir. Deməli, məşq prosesinə, təlim-məşq toplanışlarına xüsusi diqqət verilməlidir".

Dövlət başçısının fikirlərində kifayət qədər həqiqət var. Düzdür, bəzi federasiyalar, məşqçilər son Tokio Olimpiya Oyunlarında qızıl medal qazana bilməməyimizi, yaxud əvvəlki oyunlardan fərqli olaraq kifayət qədər pis göstərici nümayiş etdirməyimizi pandemiya dövrü, yaxud idman zallarının karantin qaydalarına uyğun qapanması ilə əlaqələndirməyə çalışsa da, ancaq reallıq ondan ibarət idi ki, Olimpiya Oyunlarına hazırlaşan idmançılarımız, federasiyalarımız üçün karantinin ən sərt dönəmində belə istisnalar var idi və idmançılarımızın müəyyən tibbi prosedurları keçməklə idman zallarında məşq etməsi üçün şərait yaradılırdı. Ona görə də, Olimpiya Oyunlarında qarşılaşdığımız uğursuzluğu birbaşa pandemiya ilə əlaqələndirmək düzgün olmazdı. Burada söhbət yalnız məsuliyyətsizlik, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməmək söhbət mövzusu ola bilər ki, bunda da həm idmançıların, həm də federasiya rəhbərləri və məşqçilərin günahı kifayət qədərdir. Hələ bu tamam başqa bir mövzudur ki, pandemiya dövründə xüsusi istisnalarla idmançılarımız üçün yaradılan şərait, bu məqsədlə ayrılan vəsaitdən səmərəli istifadə edilməyərək bəzilərinin şəxsi mənfəti üçün sərf olunub. Hər halda həmin ərəfədə təlim məşqlərinə qatılan idmançılarımızın yaxınlarının sosial şəbəkədə paylaşdıqlarından belə aydın olurdu. Ona görə də dövlət başçısının da dediyi kimi bu sahədə ciddi araşdırma və təhlikl aparmağa, nöqsanları aradan qaldırmağa ciddi ehtiyac var.

Cənab Prezidentin irad bildirdiyi bir digər mühüm məqam gənc idmançılarımız, onların uğur qazana bilməməsi ilə bağlıdır. Danılmaz faktıdr ki, Azərbaycanda idman sahəsində kifayət qədər böyük diqqət və qayğı var. Şəxsən Azərbaycan Prezidenti səviyyəsində göstərilən bu diqqət və qayğının nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb. Təbii ki, burada peşəkar idmançılarımız da rolu az deyil. Ancaq diqqət çəkən məqamlardan biri ondan ibarətdir ki, nisbətən gənc, cavan nəsil idmançılarımızda bu potensial, uğur müşahidə edilmir. Cənab Prezidentin də dediyi kimi son Olimpiya Oyunlarında medallar qazanmış idmançılarımız bizim təcrübəli idmançılardır: "Demək olar ki, veteran idmançılardır. Onların arasında gənc nəslin nümayəndələri yoxdur və bu, çox ciddi təhlil edilməlidir. Necə ola bilər ki, nəsillər arasında artıq belə bir ara, elə bil ki, məsafə yaranır".

Təbii ki, burada əksər idmançılarımızın yaşadığı lüks həyatı xüsusi vurğulamaq lazımdır. Qeyd etdiyimiz kimi idmançılarımızın mütləq əksəriyyəti dövlət tərəfindən kifayət qədər yüksək səviyyədə diqqət və qayğı ilə əhatə olunub. Bu gün idmançılarımızın qazancları nəinki onları, hətta onlarla bərabər daha bir neçə nəfəri ən yüksək səviyyədə saxlamağa, xərclərini, aylıq dolanışıqlarını qarşılamağa kifayət edir. Demək olar ki, havayı, əziyyət çəkmədən, hansısa federasiya rəhbərinin yaxın qohumu, bacısı, yaxud qardaşı oğlu olmaqla bütün bu zənginliklərə nail olan gənc idmançılar da öz üzərilərində işləməyə, məsuliyyəti dərk etməyə maraqlı olmurlar. Bu səbəbdən idman sahəsində uğurlarımızda axsamalar müşahidə edilir. Yəqin ki, dövlət başçısının da dediyi kimi bu sahədə də ciddi təhlillər, araşdırmalar aparılıb, lazımı ölçü götürüləcək.

Əslində gənclər, gənc idmançılar arasında uğurlu nəticələrin əldə edilməməsinin bir başqa problemi də var. O da istər paytaxt rayonları, istərsə də regionlarda tikilib istifadəyə verilən Olimpiya İdman Komplekslərinin imkanlarından gənc idmançıların yararlana bilməməsidir. Etiraf edək ki, bu gün respublikanın elə bir regionu yoxdur ki, orada idman kompleksi, Olimpiya İdman Mərkəzi olmasın. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev respublikaya rəhbərlik etdiyi gündən bu proses sürətli xarakter alıb və ölkənin hər bir regionunda bu tipli idman müəssisələri tikilib istifadəyə verilib. Ancaq təəssüf hissi ilə qeyd etmək lazımdır ki, əskər hallarda həmin idman müəssisələrinə rəhbərlik edən şəxslər idmançılarımızın onun imkanlarından yararlanmasına şərait yaratmır, yaxud oranın qapıları illərlə bağlı qalır. Yalnız ölkə rəhbəri həmin regiona səfər edəndə, yaxud mədəni-kütləvi tədbirlər zamanı komplekslərin qapıları "istifadəçilərin" üzünə açılır. Son illərdə isə həmin müəssisələrlə bağlı tamamilə biabırçı mənzərənin şahidi oluruq. Belə ki, həmin olimpiya idman komleksləri sanki Mədəniyyət Naziriliyinin balansında olan bir qurum kimi sərgilər təşkil etmək, şer müsabiqələri keçirməklə məşğuldur. Daha dəqiq desək mədəniyyət tipli tədbirlər həmin komplekslərdə təşkil olunur. Demək olar ki təyinatından kənar məqsədlər üçün istifadəyə verilir. Turizm zonasında tikilən həəmin komplekslərdən isə yaxşıca gəlir mənbəyi götürməyi bacarırlar. Ona görə də dövlət başçısının da haqlı olaraq qeyd etdiyi kimi onların fəaliyyəti ciddi təftiş edilməlidir: "Orada məşq prosesi nə səviyyədədir, uşaqlar, yeniyetmələr idman bölmələrinə gəlirmi, gəlmirmi, idmanla məşğul olmaq üçün şərait nə dərəcədədir? Çünki biz, bu infrastrukturu, bu kompleksləri o məqsədlə yaratmışıq ki, həm idmanın kütləviliyi artsın, eyni zamanda, peşəkar idmançılar yetişsin".

Sonda onu qeyd etmək yerinə düşər ki, dəfələrlə regionlardakı Olimpiya İdman Komplekslərinin təyinatı üzrə istifadə edilmədiyi faktını ictimailəşdirməyə cəhd göstərilib. Lakin bu sahədən milyonlar qazanan məmurlar, həmin milyonları mənimsəyən əllər məsələnin ictimailəşməsi, dövlət başçısı səviyyəsində məlumatlandırılmasına son anda mane ola biliblər. Ancaq artıq görünən odur ki, Cənab Prezident də bundan məlumatlıdır və tezliklə bu sahədə qətiyyətli və cəza xarakteri daşıyan addımlar atılacaq.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31