44 günlük Zəfərin NÖVBƏTİ MÜJDƏSİ
6 Sentyabr 2021 12:43 Siyasət"Mübaliğəsiz demək olar ki, ötən gün tarixi an yaşadıq. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərin növbəti müjdəsi verildi, yeni uğuruna imza atıldı. Füzuli Hava Limanına ilk uçuş həyata keçirilməklə Qarabağa hava yolu vasitəsilə gediş reallaşdı. Bu tarixi anı yaşayanlar qədər bizlər də sevinc hissini yaşadıq, qürur duyduq, fərəhləndik".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Vəhdət Partiyasının sədr müavini Süleyman Ismayılbəyli səsləndirib. MVP rəsmisi bildirib ki, həmin tarixi anlar yaşanan zaman bir sıra suallar ortaya çıxdı: "Xocalıya nə vaxt təyyarəmiz uçacaq, yaxud Xankəndinin aqibəti necə olacaq?
Şəxsi qənaətim ondan ibarətdir ki, Müzəffər Ali Baş Komandan Azərbaycana rəhbərlik etdiyi müddətdə hər istəyimizə Allahın köməkliyi ilə nail olacağıq. Digər tərəfdən, hər şeyə bir anda nail olmağın mümkünsüzlüyünü hər birimiz bilirik. Biz özümüz birdən ayaq açıb yeriməmişik. Hər şey mərhələli şəkildə baş verir".
Süleyman Ismayılbəyli qeyd edib ki, dünən Füzuliyə hava əlaqəsi bərpa oldu, bir müddət sonra Laçına baş tutacaq və günün birində də Xankəndinin aqibətini milli maraqlarımıza uyğun həll edəcəyik: "Mən şəxsən buna artıq əminəm. Çünki Cənab Ali Baş Komandan özü də deyib ki, nəyi nə zaman edəcəyini yaxşı bilir. Odur ki, indiki situasiyada bizə yalnız dövlətə və dövlətçiliyə, Cənab Prezidentə dəstək vermək, Onun ətrafında sıx birləşmək qalır. Bu baş verəcəyi təqdirdə qarşımıza qoyduğumuz bütün məqsədlərə nail olacağıq".