Rusiyanın Cənubi Qafqazla bağlı siyasətinin iç üzü açılır
10 noyabr Bəyanatının imzalanmasından sonra demək olar ki, nə Rusiya Federasiyası, nə də Ermənistan üçtərəfli sənəddən irəli gələrək öz üzərilərinə düşən vəzifələri yerinə yetirmirlər. Rusiya sülhməramlı kimi missiyasını yerinə yetirmək əvəzinə separatçıları silahlandırıb, onların Qarabağda qeyri-qanuni hərəkətinə şərait yaratdığı halda, Ermənistan isə revanşist və təxribatçı addımlarını davam etdirir, regionda yenidən gərginliyin yüksəlməsinə çalışır
2 Sentyabr 2021 14:33 Siyasət10 noyabr Bəyanatının imzalanmasından sonra demək olar ki, nə Rusiya Federasiyası, nə də Ermənistan üçtərəfli sənəddən irəli gələrək öz üzərilərinə düşən vəzifələri yerinə yetirmirlər. Rusiya sülhməramlı kimi missiyasını yerinə yetirmək əvəzinə separatçıları silahlandırıb, onların Qarabağda qeyri-qanuni hərəkətinə şərait yaratdığı halda, Ermənistan isə revanşist və təxribatçı addımlarını davam etdirir, regionda yenidən gərginliyin yüksəlməsinə çalışır. Başlıca məqsəd isə burada artıq heç bir perspektivi olmayan və ölü bir qruma çevrilmiş ATƏT-in Minsk qrupunun fəaliyyətini yenidən canlandırmaqdır. Bu günlərdə Moskvada Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla onun erməni həmkarı arasında keçirilən görüşdə sözügedən məsələ ətrafında da fikir mübadiləsinin aparılması deyilənləri təsdiqləyir. Ancaq bu məsələyə tamamilə fərqli mövqedən yanaşanlar da var. Bəzi ekspertlər iddia edir ki, Rusiya heç də Minsk qrupunun prosesə yenidən müdaxilə etməsində maraqlı deyil. Çünki hazırkı situasiyada Kreml kənar güclər və əzəli rəqibi olan Birləşmiş Ştatların iştirakı olmadan Cənubi Qafqazdakı proseslərə nəzarət edir və ona görə də yenidən Minsk qrupunun fəallaşmasında maraqlı deyil. Çünki Minsk qrupunun yenidən fəallaşması Birləşmiş Ştatların yenidən Qafqazlara nüfuz etməsi anlamı verə bilər. Elə siyasi ekspert Elman Vəliyev də bu qənaətdədir. Onun sözlərinə görə, Rusiya bir daha bildirdi ki, Minsk qrupuna ehtiyac yoxdur: "Rusiya xarici işlər naziri Sergey Lavrov həmkarı Ararat Mirzoyanla görüş zamanı söylədi ki, 3 tərəfli bəyanata yenidən baxılması deyil, icrası əsasdır. Yəni Rusiyanın digər qüvvələrə imkan verməyəcəyini diplomatik dillə demiş oldu. Ancaq Mirzoyanın Moskvada "qondarma respublikanın" müqəddəratının həll edilməsini dilə gətirməsi önəmli məsələdir. Lakin Lavrov bu məsələni dilə gətirmədi, çünki aydındır ki, əgər bunu dilə gətirsə Azərbaycan tərəfinin hiddətinə səbəb olacaq və vəziyyət gərginləşməyə doğru gedəcək".
Ekspert deyib ki, Lavrov əsirlərin qaytarılması və mina xəritələrin geri verilməsinə toxundu: "Mühüm məqam Lavrovun Azərbaycanda saxlanılan erməni diversantlarının 9 Noyabr atəşkəs bəyanatından sonra saxlanılmasını deməsidir. Bunu deməklə, atəşkəsi pozan tərəfin, sülhə destruktiv yanaşan, yenə propaqandalar etməyə səy göstərən tərəfin(Ermənistanın) kim olduğunu aşkar bildirmiş oldu. Ermənistan tərəfi qondarma respublikanın statusu ilə bağlı məsələsinin həll edilmədən sülh sazişi imzalamaqdan boyun qaçırmağa çalışacaq. Ancaq zənn edirəm ki, bu məsələ bir xeyli müddət qapalı qutuda qalacaq. Azərbaycan tərəfinin mövqeyi bəllidir-status yoxdur! Ehtimal edirəm ki, ilk öncə kommunikasiyaların açılması təmin ediləcək. Azərbaycan digər şərtlərinin də yerinə yetirilməsini təmin etməyə çalışacaq. Bunun bir neçə yolla həyata keçirdə biləcək (necə ki, Gorus-Qafan yolunu bağlayaraq Ermənistan çətin sitüasiya qarşısında qoydu, bu tipli üsullar çoxdur). Digər bir məqama toxunmaq lazımdır. Bu gün qondarma respublikada bilik günü ilə əlaqədar Rus sülhməramlıları bölgədə sabitliyi bərqərar etdiyini bildirdi. Və son 1-2 gündür atəşkəs rejimi əvvəlki vaxtlara nisbətən az pozulub. Deməli, burdan aydın olur ki, sülhməramlılar istəsə, atəşkəsi qoruya bilərlər".
Politoloq Samir Hümbətov isə deyib ki, artıq Rusiyanın Cənubi Qafqazla bağlı siyasətinin iç üzü açılır: "Bir neçə gün öncə Ermənistanın XİN başçısı Ararat Mirzoyanın Moskvaya səfəri zamanı Rusiya XİN başçısı Sergey Lavrovla görüşündə hər iki nazirin Qarabağ münaqişəsi ilə bağlı verdiyi açıqlamalar və baş verən proseslər onu deməyə əsas verir ki, Rusiyanın Cənubi Qafqazla bağlı siyasəti Azərbaycanın milli maraqlarına tamamilə ziddir. Ermənistan XİN başçısı Ararat Mirzoyan mətbuat konfransında bildirdi ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı hansısa danışıqlar getmir. Bu isə Ermənistanın niyyətini açıq şəkildə ortaya qoymuş oldu. Həmin mətbuat konfransında Rusiya XİN başçısı Sergey Lavrov isə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyannamədən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə soxularkən tutulmuş diversantlarının "hərbi əsir" adı ilə geri qaytarılmasını bildirdi. Digər tərəfdən isə Rusiya Müdafiə Naziri Sergey Şoyqu Ermənistana silah tədarükünün başladığını bildirdi. Bugün isə Ermənistan parlamentinin 3 fraksiyasını təmsil edən 20 deputat qondarma rejmin yaranmasının 30 illiyi ilə əlaqədar olaraq rus "sülhməramlıları"nın müvəqqəti nəzarət etdiyi Xankəndiyə gəlib".
Politoloqun sözlərinə görə, bütün bu proseslər onu göstərir ki, Azərbaycana qarşı məkirli niyyət təkcə Ermənistan tərəfindən deyil, eyni zamanda ona dəstək verən Rusiya tərəfindən də aparılır: "Hesab edirəm ki, Azərbaycana qarşı aparılan bu çirkin planı aradan qaldırmaq üçün Türkiyə hərbi bazalarının Azərbaycanada yerləşdirilməsi vacib məsələyə çevrilib".
Füzuli