Zəfərimizin unudulmaz səbəbkarları

2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 30 illik səbr kasası dolan xalq  bir yumruq ətrafında birləşib düşmənin başını əzərək işğal olunmuş torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan xalqı bir daha öz gücünü bütün dünyaya sübut etdi

2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 30 illik səbr kasası dolan xalq  bir yumruq ətrafında birləşib düşmənin başını əzərək işğal olunmuş torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan xalqı bir daha öz gücünü bütün dünyaya sübut etdi . Təbii ki, bu qalibiyyətin əsl səbəbkarları Azərbaycan Respublikasının Prezidenti, Ali baş Komandanı İlham Əliyev və onun Müzəffər Ordusudur. Heç  vaxt unutmaq olmaz ki, bu qələbəni bizə daddıran, bizim təhlükəsiz yaşamağımızı təmin etmək üçün  öz canlarından keçən neçə-neçə igid oğullarımız var.44 günlük Vətən müharibəsində Azərbaycan xalqının  təhlükəsizliyinin təmin olunması, ərazi bütövlüyü, suverenliyi üçün öz canlarından keçən igid şəhid olmuş və həmçinin  qazi adına layiq görülmüş oğullarımız var.

Onlardan biri olan 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirəsinə ucalan  İsmayılov  Vüqar Məhəmməd oğlu ilə tanış olaq.

İsmayılov Vüqar Məhəmməd oğlu 23.11.1998-ci ildə Sumqayıt  şəhərində  anadan olub. 2016-cı ildə Bakı Ali Avrasiya Universitetinin Regionşünaslıq və iqtisadiyyat fakultəsinin Regionşünaslıq ixtisasına daxil olan Vüqar universiteti yarıda qoyaraq 2020-ci  iyul ayının 28- i  Goranboy  rayonun Bərdə korpusuna Həqiqi hərbi xidmətə yollanır. Vüqar  sentyabr ayının 10-dan sonra Ağdam rayonunun 190 saylı  hərbi hissəsində əsgərlikdə olub. O, son dəfə  ailəsi ilə oktyabın 2-də əlaqə saxlamış və onlara iki ədəd öz şəkilini atıb. Oktyabrın 4-də Suqovuşan uğrunda gedən döyüşlərdə  yaralı əsgər yoldaşlarına kömək edərkən minamyotla vurulur və  qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.

Şəhid  İsmayılov Vüqar oktyabr ayının 17-də Sumqayıt şəhər  Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Əsgər yoldaşlarından  biri  deyir ki, " Mən Vüqarı təzə-təzə tanıyırdım, hardasa 20 gün hərbi hissədə, 8 gün də müharibədə bir olduq. Elə də söhbət etməyə vaxtımız olmurdu, çünki qızğın döyüşlər gedirdi. Vüqar çox mərd oğul idi. Bir gözəl xüsusiyyəti var idi ki, dostunu heç vaxt geridə qoymazdı. 1 dənə çörəyimiz olsaydı , Vüqar onu 20 yerə bölərdi ki, hamımıza çatsın. Siqaretimiz olmazdı, 1 qutu siqaret tapsaq , hamıya bölərdi ki, heç kim siqaretsiz, susuz qalmasın. Yəni özünü fikirləşən uşaq deyildi.Yoldaşlarını özündən çox fikirləşərdi.  Nə vaxt baxırdın gülürdü, çox gülərüz uşaq idi. Vüqar elə gülə-gülə də şəhid oldu. Çünki Vüqarın axırıncı baxışı gözümün önündə elə gülə-gülə qaldı. Döyüşə girəndə oturmuşdum siqaret çəkirdim, düşünürdüm ki, indi hücuma keçəcəyik, yenə bəlkə də mən öləcəm, bəlkə də hansısa yaxın dostum. Bilirdik ki, hər dəfə hücuma keçəndə kimsə şəhid olacaq. Başımı çevirdim ki ,Vüqar yenə deyib gülür, bomba yanımıza düşürdü, amma heç nəyi vecinə almırdı. Deyirdi ki, qismətimizdə varsa yaşayacağıq. Həm də sanitarımız idi. Oturmuşdum, bir də gördüm gülə-gülə gəlir ki, "nəsə olsa, "sanitar, sanitar"qışqır, qaça-qaça gəlib səni çıxaracam ordan." Amma yaralananda çox qışqırdım, gəlmədi. Sonra məni aşağı salanda gördüm ki, şəhid olub...."

Vüqar həmçinin  qısa zamanda tələbə yoldaşları və müəllimlərinin də hörmət və  məhəbbətini qazanmışdır. Tələbə yoldaşlarının sözlərinə görə Vüqar çox ağıllı , gülərüz  bir oğlan olub. Heç vaxt dava etməyib. Hər zaman tələbə yoldaşları ilə deyib gülüb və lazım olduqda onlara əlindən gələn köməkliyi göstərib. Bu xəbəri eşidən tələbə yoldaşları və Vüqarı sevən ətrafı həqiqətən də çox böyük sarsıntı keçirib. O, ölümündən sobnra "Suqovuşanın azadlığı uğrunda", "Vətən uğrunda" medalları ilə təltif olunub. Allah rəhmət etsin. Valideynlərinə belə oğul yetişdirdikləri üçün dərin minnətdarlığımızı bildirir və böyük səbr arzulayırıq. 

Mehriban  Xəlilli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31