Ararat Mirzoyanın fiaskoya uğrayan “debüt”ü
“Ararat Mirzoyanın Ermənistan Xarici İşlər Naziri statusunda Rusiyaya və ümumiyyətlə xaricə ilk səfəri uzun müddət olmasa da ən azından növbəti xarici səfərə qədər Ermənistan kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olacaq. "
1 Sentyabr 2021 10:42 Siyasət"Ararat Mirzoyanın Ermənistan Xarici İşlər Naziri statusunda Rusiyaya və ümumiyyətlə xaricə ilk səfəri uzun müddət olmasa da ən azından növbəti xarici səfərə qədər Ermənistan kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olacaq. Amma müxalifət yönümlü informasiya vasitələrinin. Ararat Mirzoyanın rusca "tirajlama" sözünü bir neçə dəfə deməyə cəhd etməsi və sonda rusca başarmayıb ermənicə deməsi isə heç şübhəsiz lətifələr kitabına düşəcək". Bunu "Olaylar"a deyən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, səfərin böyük fiaskoya uğrayacağı Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun qarşılanma mərasimi zamanı ilk çıxışında özünü göstərdi: "Minnətdaram ki, siz Xarici İşlər Naziri kimi öz ilk səfərinizi bizim dəvətimizlə Rusiya Federasiyasına edirsiniz. Bu ikitərəfli münasibətlərimizin xüsusi səciyyə daşıdığını bir daha sübut edir". Rusiya Xarici İşlər Nazirinin "bizim dəvətimizlə" deməsi görüş başlamadan səfərin məzmununu və erməni tərəfinin yalanını ortaya qoydu. Çünki Ermənistandakı rəsmi kanallar səfərin təşəbbüskarının Rusiya olması barədə heç nə demirdi və elə fon yaradılırdı ki, sanki Ararat Mirzoyan özü Rusiyaya səfər edib. Bu ifadədən anlaşılan o idi ki, Rusiya Ermənistan Baş Naziri Paşinyanla olduğu kimi Ararat Mirzoyanı da Xarici İşlər Naziri vəzifəsində hansı məsələlərə diqqət yetirmək üçün təlimatlandırmaq məqsədi ilə Moskvaya çağırıb. Məlum olduğu kimi Paşinyan və onun komandasının digər üzdə olan nümayəndələri son zamanlar ATƏT-in Minsk Qrupu, Avropa İttifaqı, Fransa və Amerika Birləşmiş Ştatlarına tez-tez istinad edirlər. Bu istinadlar Kremldə əsaslı narazılığa səbəb olur və biz yaxın günlərdə Mirzoyanın leksikonuna diqqət yetirəndə Rusiya səfərinin təsirini hiss edəcəyik. Biz müzakirə masasına hansı məsələlərin çıxarılması haqqında indi yetərincə məlumatlı deyilik. Amma mətbuat konfransı zamanı Ararat Mirzoyanın Azərbaycanın 10 noyabr öhdəliklərini yerinə yetirməməsi haqqında cəfəngiyyatları deməyə əsas verir ki, Qarabağ ətrafında baş verən son hadisələr və Azərbaycanın öz ərazi bütövlüyünün təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, o cümlədən Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsinin bağlanması müzakirə mövzusu olub".
Onun sözlərinə görə, Ermənistan mətbuatının verdiyi məlumata görə yolun bağlanmsı ilə əlaqədar Putinə müraciət etmək istəyən Paşinyan onunla iki gün telefon əlaqəsi qura bilməyib: "Ararat Mirzoyanın bu Rusiyaya edilən ilk sıfərdən razı qalmaması isə mətbuat konfransı zamanı diqqəti çəkən məqamlardan idi. Çünki artıq mətbuat konfransında Xarici İşlər Naziri rusca əlinin altında hazır olan mətni oxumaqda çətinlik çəkirdi. Mirzoyanın ən çox müraciət etdiyi məsələ Azərbaycan həbsxanalarında cəza çəkən ermənilərin azad olunması məsələsi idi və elə Lavrov tərəfindən və yerindəcə bununla bağlı da layiqli cavabını aldı. Rusiya diplomatiyasının rəhbəri Mirzoyanın nəzərinə çatdırdı ki, 10 noyabr 2010-cu il üçtərəfli bəyanatda həmin anda əsirlikdə olan şəxslərin azad olunmasından söhbət gedir. Azərbaycanda əsirlikdə olanlar isə noyabrın sonunda, yəni bəyanat qüvvəyə minəndən sonra əsir düşənlərdir. Deməli, Rusiya prinsip etibarı ilə Azərbaycan tərəfinin irəli sürdüyü versiyanı dəstəkləyir və Azərbaycan həbsxanalrında məhkəmənin hökmü ilə cəzalarını çəkən ermənilərin terrorçu olduğunu düşünür. Terrorçuların cəzası isə ən azından zindanda çürüməkdir. Lavrov eyni zamanda Ermənistan Xarici İşlər Nazirinə ürək- dirək verərək bildirib:"Bütün bunlara baxmayaraq biz imkan düşən kimi Azərbaycan tərəfinə bu istiqamətdə siqnallar veririk və Azərbaycanı hümanizm jesti etməyə çağırırıq. Amma bu məsələdə bizdən asılı olan işlər çox azdır."- bununla o Rusiyanın Azərbaycana təsir mexanizminin olmadığını dolayısı ilə təsdiq edib. "Biz Azərbaycan və Ermənistan arasında qıcıqlandırıcı elementlərin aradan qaldırılmasına nəzarətin zəiflədilməməsi haqqında razılığa gəldik."- Lavrov bu bəyantla Ermənistanı revanşist məzmunlu hərəkətlərdən qaçmağa çağırıb. Rusiya Xarici İşlər Nazirinin diqqət mərkəzinə qaldırdığı digər məsələ isə Azərbaycan və Ermənistan sərhədində baş verən insidentlər olmuşdur. Bu məsələdə də Rusiyanın Azərbaycanla həmfikir olması diqqətçəkən məqamdır: "Nəzərə alınmalıdır ki, bütün məsələlər yalnız siyasi və diplomatik vasitələrlə həll olunmalıdır. Uzunmüddətli nizamlam isə ancaq sərhədlərin delimitasiyası və demarkasiyası vasitəsi ilə mümkündür. Bu sahədə Rusiya prezidentinin təşəbbüsü hamıya aydındır. Biz bu gün delimitasiya və demarkasiyanın qısa zamanda həyata keçirilməsi haqqında danışdıq". Ermənistanda isə delimitasiya və demarkasiyanın həyata keçirilməsinə Ermənistanın torpaqlarının az qala kəsilib Azərbaycana verilməsi kimi baxırlar. Onlar başa düşmür ki,indiki mərhələdə Ermənistanın 30 ildir Azərbaycandan işğal etdiyi torpaqları geri alacağıq. Hələlik....Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyanın ilk səfərini isə "fiaskoya uğramış debüt" adlandıra bilərik. İlk rol çöx uğursuz alındı".