Rasim Quliyevin məhkəmə prosesi ilə bağlı SON VƏZİYYƏT

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib
OLAYLAR-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs keçən prosesdə ifadəsini davam etdirib. Prosesdə ifadəsini davam etdirən Rasim Quliyev bildirib ki, Azərbaycan vətəndaşlarının hüquqları Konstitusiya ilə qorunur: "Mənə 308.2- ci maddə ilə ittiham verilib. Bu ittiham əsassızdır. Mən vəzifə səlahiyyətlərimi aşmamışam. Bunu sübuta yetirməyiblər. Mən şahidlərin dəvət olunmasını istəyirəm.
308.2-ci maddə üzrə bildirmək istəyirəm ki, mən heç kimin xeyrinə vəzifə səlahiyyətini aşmamışam. Üçüncü deyilən şəxslərdən mən heç bir maddi maraq güdməmişəm. Mənim işimdə dindirilən şahidlərin mən birinci dəfə məhkəmədə görəcəyəm. Mən heç kimdən pul almamışam.
Şahid Tamella xanım 2018-,ci il Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib və sənədlərini alıb. Bunlar 2018- ci ilə qədər işləyiblər, tikinti aparıblar. Bundan mənim xəbərim olmayıb.
Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsi sənədləri hazırlayıb mənə təqdim edib. Aparat rəhbəri olaraq mən sənədləri qəbul etmişəm. İşlərin 80 faizini Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsi görüb.
Bu işdə mənim səlahiyyətim olmayıbchr("39").
Təqsirləndirilən şəxs bildirib ki,​ Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ona müavin işinin yükünü həvalə etməklə bağlı düzgün olmayan sərəncam verib: "Sərəncama əsasən rəhmətə gedən müavinin səlahiyyətləri müvəqqəti olaraq mənə həvalə olunub. İcra başçısı yalnız iş yükünü mənə həvalə edib. Mənim başqa səlahiyyətim olmayıb. Mən onun mail adresinə baxıb ona gələn məktub və müraciətləri aidiyyəti üzrə yönləndirmişəm. Mən elə gün olurdu ki, 5 qovluq sənədə baxıb yönləndirmişəm. Bu müvəqqəti yükün mənim üzərimdə olacağı vaxt olmayıb. Mənim müavin kimi nə müqaviləm olmayıb, nə də onun əmək haqqını​ almamışam. Mən aparat rəhbəri maaşını almışam.​ İcra başçısının mənə müavin səlahiyyətlərini müvəqqəti icra etmək barədə verdiyi sərəncamın özü də düzgün tərtib olunmayıb. Çünki sərəncamda göstərilməyib ki mənim vəzifəm nədir?
O vaxt Prezident Administrasiyasının rəhbəri olan Ramiz Mehdiyev həmin sərəncamın düzgün olmaması ilə bağlı​ məktub göndərmişdi ki, mənə həvalə olunan səlahiyyət düzgün deyil. Mən məktubu Hacıbala Abutalıbova göndərdim. Hacıbala Abutalıbov mənə cavab verdi ki, mən bu səlahiyyətləri şifahi icra edə bilərəm. O dedi ki, bu barədə Ramiz Mehdiyevlə şifahi razılaşıb.
Mənim mövqeyim özümü cinayətdən suçsuz çıxarmaq deyil. Sadəcə sənədlərdən artıq görünür ki bu maddənin mənə aidiyyəti yoxdur.
Mən sənədləri səlahiyyətsiz şəxs kimi imzalamışam. Hacıbala Abutalıbov Ramiz Mehdiyevə məktubunda da bunu göstərib. Mən sərəncamla müavin təyin olunmamışam, müavin maaşı almamışam, mən necə vəzifə icra edə və vəzifə səlahiyyəlləriimi aşa bilərəm. Mən dövlətimə qulluq etmişəm".
R. Quliyev deyib ki, ona qarşı irəli sürən Cinayət Məcəlləsinin 314.2-3 cü maddəsi də əsassızdır: "Bu maddə də əsassızdır. Guya ki mən hansısa şirkətə zərbə vurmuşam.
Bildirim ki, həmin ərazidə tikinti başlayıb. Və həmin tikinti işlərində mənim heç bir rolum olmayıb. Dilarə Əliyeva 141 ünvanındakı mədəniyyət abidəsinə mənim dövründən əvvəl zərər dəyib. Həmin ünvanda yaşayan sakinlər var, onlar bilirlər ki, həmin abidəyə mən vəzifə səlahiyyətlərini icra etməmişdən əvvəl ziyan dəyib.
Dilarə Əliyeva 145 dəki bina isə tam sökülüb. Bunların mənə nə aidiyyəti var .​
Mən Azərbaycan dövlətinə, dövlət başçısı və dövlətçiliyə qulluq eləmişəm. Buna görə məni gözü götürməyənlər var. Mən nazirlərdən tələb etmişəm ki Azərbaycanın Dövlət Himnini əzbərləsinlər. Hacıbala Abutalıbov Baş nazirin müavini təyin olunandan sonra Bakı şəhər İcra Hakimiyyətinə gəlirdi, icra başçısının otağından istifadə edirdi. Ehtimal edirəm ki, həmin dövrdə
İcra başçısı vəzifəsini də hər hansısa formada Hacıbala Abutalıbov həyata keçirib. Mən isə yalnız müavinin e mail poçtlarına baxmışam, başqa səlahiyyətlərim olmayıb.
Sizdən xahiş edirəm ki mənim həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz edəsiniz. Mən həbsxanadan olduğu kimi evimdən də məhkəməyə gəlib gedə bilərəm".
Prokurorun suallarını cavablandıran R. Quliyev bildirib ki, 2017-ci il avqustunda Rauf Pənahov rəhmətə gedib: "Sentyabrın 20-də Bakı şəhər İcra Hakimiyyətinin başçısının sərəncamı ilə onun iş yükü mənə həvalə olunub. Daha sonra icra başçısı Baş nazirin müavini təyin olundu və həmin müvəqqəti sərəncam da ləğv edilmədi. Mən müavin səlahiyyətlərini icra etməmişəm. Çünki Hacıbala Abutalıbov müavin təyin etmək səlahiyyəti yox idi. Ona görə də səhv sərəncam verib".
Qeyd edək ki, Baş prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair "FF-2011" Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.
Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.
Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Proses sentyabrın 6-da davam etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31