Nizami Cəfərov: “Azərbaycan prezidenti Ali Baş Komandan kimi hər çıxışında müharibəyə gedən, müharibədə həlak olan gənclərin rəşadətini böyük qürur hissi ilə qeyd edib”
29 Avqust 2021 09:39 Siyasət"Bu gün bütün xalq sona qədər, nə qədər ki Ermənistan var, nə qədər ki rəsmi İrəvan, cənab Prezidentin dediyi kimi, bu coğrafiyada yaradılan aqressiv, mahiyyəti bilinməyən, anti-humanist bir dövlətdir, özümüzü qorumağı bacarmalı və ayıq-sayıq olmalıyıq. O vaxta qədər özümüzü qorumağı bacarmalıyıq ki, sonuncu erməni bu coğrafiyanı, yəni Cənubi Qafqazı tərk edib getsin. Onsuz da gedirlər. Tarix də bunu sübut edir. 1991-ci ildə biz müstəqil dövlət olanda, bizim əhalimiz nə qədər idi, indi nə qədərdir? Ermənistan müstəqil dövlət olanda , əhalisi v nə qədər idi, indi nə qədərdir? Əgər müstəqillik əhalinin sayının azalması ilə gedirsə, müstəqillik illərində ölkədə əhali azalırsa, bu o deməkdir ki, o dövlət saxtadır. Dövlətin mövcudluğu üçün insan bazası lazımdır. İnsan da düşüncə deməkdir, təfəkkür, mədəniyyət, mənəviyyat deməkdir. O da onlarda yoxdur"
Bu fikirləri Olaylar.az-a Prezident İlham Əliyevin 2021-ci il avqustun 26-sında Abşeron rayonunda şəhid ailələri, müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimindəki çıxışı ilə əlaqədar fikirlərini bildirən millət vəkili Nizami Cəfərov deyib:
"Bu görüş, ilk növbədə Azərbaycanın tarixi qələbəsini, tarixi dəyərini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Azərbaycan Prezidenti həmişə bu görüşlərin keçirilməsinə xüsusi diqqət yetirmişdir. Biz ərazi bütövlüyümüzü təmin etdik və ərazi bütövlüyünün təmin olunmasında bütün xalq iştirak etdi. Biri əsgər kimi, biri əsgərin müdafiəçisi kimi. Səhiyyə işçilərimiz yaralı əsgərlərimizin qayğısına fədakarcasına qaldı. Digər tərəfdən bizim ictimai-siyasi və mənəvi düşüncəmiz bu prosesdə iştirak etdi və onlarin adı tarixə düşdü. Eyni zamanda şəhid və qazi ailələrinə , yaxınlarına hər cür kömək göstərilir. Həmən məsələlərdən biri də odur ki, bu gün elə bir şəhid ailəsi yoxdur ki, diqqətdən kənarda qalsın. Bunlara dövlətin diqqətindən başlayaraq, ictimai diqqətə qədər daxildir. Azərbaycan Prezidenti müharibə istəməyib. Lakin müharibə nədir, onu necə etməyi çox yaxşı bilir. Azərbaycan Prezidenti Ali Baş Komandan kimi, hər çıxışında müharibəyə gedən , müharibədə həlak olan gənclərin qüdrətini, mənəvi-ruhi gücünü, cəsarətini, rəşadətini böyük qürur hissi ilə qeyd edib. Hətta belə bir ifadəsi çox xoşuma gəldi. Prezident "Onlar bilirdilər ki, ölümə gedirlər, amma gedirdilər. Niyə? Ona görə ki, bilirdilər ki, bu ölüm şərəfli ölümdür."- qeyd etmişdi. Bunlar hamısı Prezidentin çıxışlarında öz əksini tapmışdır. Onu da qeyd etmək lazımdır ki, bunlar hamısı gənclərdir. İlham Əliyevin Azərbaycan dövlətinə rəhbərlik etdiyi dövrlərdə yetişdiyi gənclər. Onların hər biri vətənpərvər, dünyagörüşü geniş, müasir texnologiyalara meyilli , müasir idarəçilik sisteminə meyilli gənclərdir. "
Millət vəkili həmçinin onu da qeyd edib ki, cənab Prezidentin bu çıxışları, indiyə qədər hər dəfə başlanan böyük siyasətin davamıdır. Bu siyasət də qalib gəlməlidir. Çünki siyasət, ümumbəşəri bir siyasətdir. Bizim dünya miqyasında xalqımızın öz layiqli yerini təmin etməkdən ötrü, xalqımıza hər cür imkanlar yaradan bir siyasətdir."