Əməllərlə TƏSDİQ OLUNAN VƏDLƏR

“İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş və qəhrəman adına layiq görülmüş şəxslər də mənzillərlə təmin ediləcək”

"İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş və qəhrəman adına layiq görülmüş şəxslər də mənzillərlə təmin ediləcək"

Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının ana xəttini vətəndaş firavanlığının təminatı, sosial cəhətdən həssas qruplardan olan vətəndaşların etibarlı sosial müdafiə sistemi ilə təmin edilməsi təşkil edir. Bu istiqamətdə aparılan, mənəvi dəyərlərə əsaslanan dövlət siyasətinin icrasında, xüsusi qayğıya ehtiyac duyan şəxslərin  şəfqət, qayğı mühiti ilə əhatə olunmasıdıdr ki, bu işdə dövlət başçısının sərəncam və fərmanlarının icrası xüsusi rol oynayır. Dövlət başçısının sosial sahənin bütün istiqamətlərində irəli sürdüyü təşəbbüs və layihələr öz töhfəsini verib və indi də verməkdə davam edir. Hələ 2016-cı ilin Aprel döyüşlərində qazandığı qələbə ilə Azərbaycan Ordusu güclü ordular sırasında olduğunu təsdiq etmişdi. Dövlət başçısı tərəfindən Aprel döyüşçülərinin iştirakçılarına göstərilən diqqət və qayğı hamıya bəllidir. Etiraf edilməlidir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir. Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiklərinə görə  "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslər, habelə ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvləri xüsusi diqqət və qayğı ilə əhatə olunublar. Dövlət başçısının 30 dekabr 2020-ci il tarixli Fərmanına əsasən Vətən Müharibəsi Qəhrəmanlarına dövlət qayğısını artırmaq məqsədilə onlar üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Təqaüdün aylıq məbləği 2 000 manat müəyyən olunub.

Xüsusilə qeyd olunmalıdır ki, hazırda dünyada pandemiyanın davam etməsi və iqtisadi-maliyyə çətinliklərinin olmasına baxmayaraq Azərbaycanda bu işlər uğurla davam edir. Cari il avqustun 25-də Prezident İlham Əliyevin "Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında" imzaladığı Sərəncam bu prosesin ardıcıl xarakter aldığını göstərir və bu kateqoriyadan olan vətəndaşların mənzil problemlərinin həllində müstəsna rol oynayır. Dövlət başçısının yeni Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş  şəxsləri və ailə üzvlərini mənzillə təmin edəcək. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında" yeni Sərəncamı bu kateqoriyadan olan şəxslərə dövlət başçısı tərəfindən daha bir yüksək qayğının təzahürüdür.

Yeri gəlmişkən xatırladaq ki, müharibə əlillərinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər ardıcıl və planlı şəkildə həyata keçirilir. 2021-ci il 26 avqust tarixində şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olunub. İndiyədək 7200 müharibə əlili avtomobillə təmin olunub. Cari ildə isə ümumilikdə, 160-dan çox avtomobilin verilməsi nəzərdə tutulub.1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi ev təqdim olunub. Prezident İlham Əliyevin bu ilin yanvarında imzaladığı Sərəncamla bu sahədə yeni proqramlar təsdiq edilib. 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcək. Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının fəal məşğulluq tədbirləri çərçivəsində son 7 ayda 52 min nəfər işlə təmin olunub, 7 min 200 nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb edilib. Bu ilin əvvəlindən indiyədək 26 min 200 nəfər reabilitasiya vasitəsilə təmin olunub, 2600 nəfərə isə reabilitasiya xidmətləri göstərilib. Bu qəbildən olan vətəndaşların orta aylıq əməkhaqqı 2018-2020-ci illərdə 30 faiz, orta aylıq pensiyası isə 60 faiz artıb. Postmüharibə dövründə 26 min nəfərə 36 min xidmət göstərilib.

Dövlət siyasətinin sosial yönümlüyünü təsdiq edən şərtlərindən biri də ondan ibarətdir ki, təkcə müharibədən sonra 9 mindən çox insana sosial ödənişlər verilib. Orta hesabla hər insana 2 ödəniş edilib. Yaralı və sağlamlığını itirmiş hərbçilər ən müasir protezlərlə təmin edilir. Onlar üçün son nəsil protezlər alınıb. 180 nəfərdən çox insanın protezə ehtiyacı var, onlardan 140 nəfəri artıq protezlərlə təmin edilib və bu protezlər onları normal həyata qaytarır.  Eyni zamanda, mülki əhaliyə də dövlət tərəfindən yardımlar göstərilir. Müharibə dövründə öz əmlakını itirmiş insanlar üçün də minlərlə yeni ev tikilməkdədir. Yüzdən çox mülki şəxs, onların arasında qadınlar və uşaqlar həlak olmuşlar və minlərlə insan öz əmlakını itirmişdir. Ona görə bu gün bu işlər də görülür, minlərlə ev inşa edilir, onların böyük hissəsi artıq inşa edilib.

Lakin dövlət tərəfindən Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğı bununla bitmir. Prezident İlham Əliyev Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimindəkı çıxışında qeyd edib ki,  Vətən Müharibəsi Qəhrəmanı adını alan bütün şəxslər mənzillərlə təmin ediləcək:  "Onu da bildirməliyəm ki, bu sahədə Azərbaycan dünya miqyasında nümunəvi ölkə sayıla bilər. Çünki bir daha demək istəyirəm ki, bu günə qədər 10 minə yaxın vətəndaş mənzillərlə, fərdi evlərlə təmin edilib. Biz hər il dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayırırıq ki, bu məsələlər öz həllini tapsın və növbəti müddət ərzində bu proqram tam icra olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müvafiq göstərişlər verilib, gələn ilin büdcəsi formalaşdıqda, əlbəttə ki, bu məsələ öz həllini tapacaq. Onu da bildirməliyəm ki, dünən imzaladığım Sərəncam əsasında İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş və qəhrəman adına layiq görülmüş şəxslər də mənzillərlə təmin ediləcək, müvafiq Sərəncam imzalanıbdır. Vətən Müharibəsi Qəhrəmanı adını alan bütün şəxslər mənzillərlə təmin ediləcək. Ölümündən sonra bu ada layiq görülmüş şəhidlərin ailələri də bu mənzillərə sahib olacaqlar".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31