İlham Əliyevin növbəti çıxışında hansı mesajlar verildi?
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə,
28 Avqust 2021 10:52 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər. Mərasim zamanı İlham Əliyev Azərbaycan xalqına müraciətlə ətraflı çıxış edib. Bütün çıxış və müsahibələrində olduğu kimi Prezidentin bu çıxışı da başdan-başa həm açıq, həm də şifrəli mesajlardan ibarət idi. Bir qayda olaraq açıq mesajlar Azərbaycan xalqına, müharibə əlillərinə, Vətən müharibəsi qəhrəmanlarına ünvanlanmışdı. Politoloq Əlimusa İbrahimov bildirib ki, bu mesajlarda da düşmənə, Azərbaycan xalqına tələ qurmuş və qurmaqda olan qüvvələrə şifrəli xəbərdarlıqlar var idi: "İkinci Qarabağ müharibəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün biz daha fəal olmalıyıq. Eyni zamanda, gənclərimizin tərbiyə işində də mütləq bu mövzu ön planda olmalıdır. Çünki İkinci Qarabağ müharibəsindəki, Vətən müharibəsindəki Qələbəmiz tarixi zəfərimizdir."- Bu kəlmələrlə İlham Əliyev erməni cəlladlarına bildirmək istəyir ki,100 il bundan qabaq onların Azərbaycan xalqının başına gətirdiyi müsibətlərdən fərqli olaraq bundan sonra heç bir zorakılıq cavabsız qalmayacaq və Azərbaycan xalqı bundan sonra ona qarşı edilən bütün qəddarlıqları yaddaşında həkk etmək və ona layiqli cavab vermək iqtidarına malikdir. Burada hörmətli cənab prezidentimiz eyni zamanda millətə, xalqa müraciət edərək tarixi zəfərimizi daha da möhkəmləndirmək naminə var qüvvə ilə çalışmaq lazım olduğunu gənclərimizin diqqətinə çatdırır".
Onun sözlərinə görə, hörmətli cənab Prezidentimiz çıxışı zamanı qısa şəkildə 44 günlük müharibənin gedişi və nəticəsinə toxunub. Onun bu barədə açıqlamalrında əhalinin müəyyən hissəsində yaranmış -nəyə görə sona qədər vuruşmadıq?- sualına dolğun cavablar var idi: "Müharibənin bizim tərəfimizdən dayandırılması da tamamilə əsaslı bir addım idi. Çünki müharibə davam etsəydi, birincisi biz daha çox itkilər verəcəkdik. Müharibə davam etsəydi, Kəlbəcər və Laçın rayonlarının azad edilməsi müəyyən çətinliklərlə üzləşə bilərdi. Çünki o bölgənin təbii iqlimi, dağları bizə problem yarada bilərdi. Bir də ki, qış başlayırdı. Eyni zamanda, Azərbaycan müharibəni müharibə qanunları ilə aparırdı. Biz ermənilərdən fərqli olaraq hərbi cinayət törətməmişik, etnik təmizləmə siyasəti aparmamışıq. Bu, bir daha xalqımızın böyüklüyünü, siyasətimizin müdrikliyini göstərir. Ona görə biz hər şeyi vaxtında etdik, hər şeyi vaxtında. Torpaqlarımızı vaxtında azad etdik, müharibəni vaxtında dayandırdıq və tarixi Zəfərə çatdıq". Burada Azərbaycan Prezidenti eyni zamanda qarşı tərəfə- erməni işğalçıları və onun havadarlarına şifrəli mesajlar verir və onların diqqətinə ermənilərin Azərbaycana qarşı törətdikləri vəhşiliklərin müqabilində Azərbaycanın necə humanist davrandığını çatdırmaq istəyir. Təbii ki, əgər onlar bizim bu insanpərvər addımlarımızı görüb və qiymətləndirmək istəsələr. Prezident onlara bildirmək istəyir ki, biz əlimizdə imkan və yetərli qüvvə olduğu halda tamamilə silahsız qalmış erməni gənclərinin məhv olmasına çalışmadıq. Amma erməni quldurları 29-30 il bundan qabaq Xocalıda, Xocavənddə, Ballıqayada silahsız Azərbaycan xalqının qanını tökmüş , 3 yaşlı uşağa, 93 yaşlı qoca qadına belə rəhm etməmişlər".
Azərbaycan Prezidenti üzünü İslam dünyasına tutaraq ermənilərin vandallığını birdaha onların diqqətinə çatdırır və özünü müsəlman dövləti adlandırıb ermənilərə hər türlü yardım edənləri oyanmağa çağırır: "Ancaq bu gün qeyd etdiyim kimi, bütün dünya erməni vəhşiliyini görür. Görür ki, ermənilər bizim məscidlərimizi dağıdıblar, 60-dan çox məscid dağıdılıb. Ermənilər bizim məscidlərimizdə inək, donuz saxlayıblar. Bu, bütün müsəlman aləminə təhqirdir. Bir daha sizin qarşınızda bütün müsəlman ölkələrinin rəhbərlərinə üz tutaraq deyirəm, bunu heç vaxt unutmayın, buna göz yummayın, görməzliyə vurmayın. Ermənistan rəhbərliyi bütün müsəlman aləmini təhqir edib. Qəbirləri dağıdan da, qəbir daşlarının üzünü silərək satan da ermənidir, ölülərin qızıl dişlərini çıxardan da ermənidir, məscidlərimizi sökən də ermənidir, evlərimizi kərpic-kərpic söküb öz daxmasına daşıyan da ermənidir."
Burada Talibanın 1995-2001-ci ildə Əfqanıstanda ilk dəfə hakimiyyətdə olduğu vaxt Buddanın iki heykəlinin dağıtması haqqında məlumat yadıma düşür. Talibanın törətdiyi qəddarlıqlar içində bu heykəlləri dağıtmasını az qala ən birinci sırada çəkirlər. Amma Buddanın heykəlinin Taliban tərəfindən dağıdəlmasını qınayan müsəlman dövlətlərinin bəlkə də ermənilərin Azərbaycandakı İslam abidələrinin və məscidlərin başına gətirdiyi qəddarlıqdan bəlkə də heç xəbərləri yoxdur. Hörmətli cənab Prezidentimizin şifrəli mesajı burada məhz belə müsəlman ölkələrinə ünvanlanıb."XX əsrin 20-ci illərində xalqımıza iki böyük zərbə vuruldu. Birinci, 1920-ci ildə, ki o vaxt sovet hakimiyyəti bizim tarixi torpağımız olan Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana birləşdirdi. Ondan sonra o bölgədə azərbaycanlılar deportasiyaya məruz qaldılar. İkinci isə 1923-cü ildə bizim ərazimizdə süni bir qurum yaradıldı - Dağlıq Qarabağ Muxtar Vilayəti, hansı ki, bunun yaranmasının heç bir əsası yoxdur. Nə tarixi əsası var idi, nə coğrafi əsası var idi, nə iqtisadi əsası var idi". - Azərbaycan Prezidentinin bu bəyanatı heç şübhəsiz bu gün Qarabağın əsil sahiblərinə qaytarılmasını həzm edə bilməyən ermənilərə ünvanlanıb. Burada açıq mətnlə nəinki işğaldan yenicə azad olaunan torpaqların, hətta onların indi özlərinin hesab etdikləri digər ərazilərin də məhz Azərbaycan torpaqları olması diqqətlərinə çatdırılır. Prezident bununla birdaha bildirmək istəyir ki, Azərbaycan xalqının başına gətirilən müsibətlər heç vaxt cavabsız qalmayacaq . Zamanı gəldikdə bütün haqsızlıqların qarşılığı ödənəcək: "Biz isə tarixi, bax bu antiazərbaycan siyasəti geri çeviririk. Biz bəzilərinin heç yuxusuna gəlməyən işləri görürük. Bu gün tam bölgəyə sahibik, söz sahibiyik, işğal edilmiş torpaqları azad etmişik. Bu torpaqlarda indi möhkəmlənirik". Qeyd olunan çıxışında cənab Prezidentin yaxın gələcəyə ünvanlanmış bəzi eyhamlarını da hiss etmək mümkündür. Bu eyhamlar Azərbaycanın əldə etdiyi nailiyyətlərlə kifayətlənməyəcəyi, 100 illər boyu zorla əlindən alındığı torpaqları addı-addım, qarış-qarış olsa belə geri qaytaracağına işarə edir. Azərbaycan tarixinə yazılmış bütün qara ləkələri təmizləyəcək. Sanki, cənab Prezidentimiz bu eyhamlarla erməniləri başa salmağa çalışır ki, onlar gec - tez haradn çıxıblarsa oraya geri qayıdacaqlar. "Mən görürəm, bəzi xarici mətbu orqanlarında deyilir ki, Azərbaycan yeddi rayonu azad edib. Bu həqiqətə uyğun deyil. Yeddi rayonu azad edib, amma bununla bərabər Şuşa şəhərini azad edib, bununla bərabər Hadrutu azad edib, bununla bərabər Xocavənd rayonunun 60 faizini azad edib, Suqovuşan qəsəbəsini azad edib. Ona görə biz yeddi rayondan daha çox ərazini azad etmişik. Bu ərazilərin strateji əhəmiyyəti göz önündədir. Hər kəs xəritəyə baxıb görə bilər ki, Azərbaycan hakim strateji nöqtələrə sahibdir, istər Qarabağ bölgəsində, istər Azərbaycan-Ermənistan sərhədində. Əgər 1923-cü il 7 iyul tarixi xalqımızın faciəsi idisə, 2021-ci ildə biz artıq bu qara səhifəni də qapadıq. Artıq 7 iyul gözəl bir tarix kimi tarixdə qalacaq. Çünki 2021-ci il iyulun 7-də mənim tərəfimdən Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılmasına dair Fərman imzalandı, tarixi ədalət bərpa edildi".
Nurlan