Politoloq: “Kabildəki partlayışlar Talibləri sərt tədbirlərə əl atmağa məcbur edə bilər”
27 Avqust 2021 12:03 Siyasət"Amerika Birləşmiş Ştatları və onun Əfqanıstan missiyası üzrə NATO-dan olan müttəfiqlərinin qorxulu röyası olan terror maşını Əfqanıstanın paytaxtı Kabil aeropartının ətrafında hərəkətə gəldi. 26 avqusta bu ərazidə törədilən terror hərəkətləri haqqında ilkin statistika çox dəhşətli mənzərənin təsvirini verir. Əfqan Səhiyyə Nazirliyinin məlumata görə hadisənin baş verdiyi ərazidə 1300 nəfərin yaralanması və 60 nəfərin həlak olması təsdiq olunub. Amerika hərbçiləri arasında yaralananların dəqiq sayı məlum olmasa da, həlak olanların sayının 13 nəfər olduğu bildirilir. Bu 2020-ci ildən bəri ABŞ-ın Əfqanıstanda ilk hərbi itkisidir". Bunu "Olaylar"a deyən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, partlayışlar hər ikisi Kabil aeroportu ərazisində əhalinin, xüsusilə Böyük Britaniya və Amerika vətəndaşlarının toplaşdığı otelin yaxınlığında törədilib. Birinci partlayışı terrorçu kamkadze həyata keçirib. Kabil aeroportuna terror hücumunu İŞİD-in öz üzərinə götürməsi haqqında Amerika və Böyük Britaniyadakı kütləvi informasiya vasitələri məlumat verib: "Aeroportdakı terror hadisələrindən sonra Kabilin müxtəlif rayonlarında daha bir neçə partlayışın olması haqqında məlumat yayılıb. Bu partlayışları Amerika hərbçilərinin özləri tərəfində qabaqlayıcı tədbir kimi həyata keçirildiyi haqda məlumat verilir. Bundan əvvəl Pentaqonun sözçüsü Con Kirbi bildirmişdi ki, zərurət yarandığı halda Amerika hərbçiləri aeroportda mövcud olan hərbi sursatı partladacaq. Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenin Əfqanıstanda baş verən hadisələrlə bağlı bütün məsuliyyəti öz üzərinə götürməsi haqqında mətbuat konfransında bəyanat verib. Amma bu hələ qoşunların Əfqanıstandan çıxarılmasının düzgün qərar olmadığının təsdiqi anlamına gəlmir. Bayden sadəcə Amerika xalqı ilə münasibətdə səmimi olduğunu bildirmək istəyir. Amerika Birləşmiş Ştatlarının Taliban rəhbərləri ilə regionda mövcud olan terror qrupları ilə münasiibətin kəsilməsi, onlara Əfqanıstanda sığınacaq verilməyəcəyi barədə öhdəlik almasına baxmayaraq Əfqanıstanda terror hərəkətlərinin başlayacağı haqqında hamı düşünürdü və bu barədə yetərincə kəşfiyyat məlumatları var idi. Amma bu tezlikdə və bu qədər dəhşətli partlayışların həyata keçirilməsi bir qədər gözlənilməz oldu. Belə çıxır ki, Bayden hakimiyyəti İŞİD-in artıq fəaliyyətə keçməsi barədə yetərincə məlumata malik idi. Elə buna görə də o, Böyük Britaniya, Fransa və İtaliya kimi NATO müttəfiqlərinin qoşunları çıxarmaq müddətinin uzadılması haqqında müraciətlərini cavabsıq buraxdı".
Onun sözlərinə görə, bu iki terror aktı ilə bundan sonra NATO- hərbçilərinin Əfqanıstanda qalacağı hər gün onların qanı bahasına başa gələcəyi haqqında siqnal verildi: "Törədilən terror hərəkətləri xarici qüvvələrin təyin olunmuş müddətə-31 avqusta qədər çıxarılmasına mane olmaq məqsədi də güdə bilər. Axı Taliban özü Amerikanı bu barədə xəbərdarlıq etmişdi ki, xarici qüvvələrin 31 avqustdan sonra Əfqanıstan torpağında qalması ciddi nəticələrə gətirib çıxaracaq. Partlayışların Talibana qarşı törədildiyi də istisna olmur. Bəlkə İŞİD onların Amerika ilə bu terror qrupuna qarşı gizli sövdələşməsinin haqq-hesabını çəkir. Yaxud, yeni yaradılacaq inkluziv Əfqan hokumətində özü üçün yer axtarır. Kabildəki partlayışlar Talibləri hakimiyyətdə olduqları ilk dövrlərdə (1995-2001) istifadə etdiyi sərt tədbirlərə əl atmağa məcbur edə bilər ki, bu da indiki halda onların beynəlxalq arenaya çıxması baxımdan heç arzuolunan deyil".