“Vətən müharibəsindəki Qələbəmiz tarixi zəfərimizdir”
26 Avqust 2021 16:09 Siyasətİlham Əliyev: "Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi qürurla yaşayacağıq"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonu ərazisində yeni yaradılan "Gənclik" parkının açılışında iştirak ediblər. Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə bildirib ki, bu günə qədər dövlət siyasəti olaraq şəhid ailələri, müharibə əlilləri üçün çox böyük işlər görülübr. Onu demək kifayətdir ki, bu kateqoriyadan olan 10 minə yaxın insan dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin edilmişdir. Təkcə keçən il 1572 mənzil verilmişdir, bu il 3 minə yaxın mənzil veriləcəkdir və beləliklə, növbədə duran vətəndaşların problemi öz həllini tapacaq: "Eyni zamanda, bu gün 50 avtomobil təqdim ediləcək. Bu günə qədər verilən maşınların sayı 7 mini ötüb, daha doğrusu, 7200-dür. Bu gün açılışına toplaşdığımız yaşayış kompleksində bu kateqoriyadan olan mindən çox vətəndaş yaşayacaq. Burada bütün şərait yaradılıb, gözəl yaşayış kompleksidir, əsas yollara da yaxındır. Burada 1500 nəfərlik məktəb, - harada ki, biz indi görüşürük, - uşaq bağçası, işıqlı, yaraşıqlı, rahat mənzillər inşa edilib və bu, bir daha dövlət tərəfindən aparılan siyasəti göstərir". Bu sahədə Azərbaycanın dünya miqyasında nümunəvi ölkə olduğunu bildirən dövlətimizin başçısı deyib: "Biz hər il dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayırırıq ki, bu məsələlər öz həllini tapsın və növbəti müddət ərzində bu proqram tam icra olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müvafiq göstərişlər verilib, gələn ilin büdcəsi formalaşdıqda, əlbəttə ki, bu məsələ öz həllini tapacaq. Onu da bildirməliyəm ki, dünən imzaladığım Sərəncam əsasında İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş və qəhrəman adına layiq görülmüş şəxslər də mənzillərlə təmin ediləcək, müvafiq Sərəncam imzalanıbdır. Vətən Müharibəsi Qəhrəmanı adı alan bütün şəxslər mənzillərlə təmin ediləcək. Ölümündən sonra bu ada layiq görülmüş şəhidlərin ailələri də bu mənzillərə sahib olacaqlar".
Dövlət başçısı əlavə edib ki, müharibədən sonra 9 mindən çox insana sosial ödənişlər verilib. Orta hesabla hər insana iki ödəniş edilib. Yaralı və sağlamlığını itirmiş hərbçilərin ən müasir protezlərlə təmin edildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: "Onlar üçün belə imkan yaradılıb və son nəsil protezlər alınıb. Mənə verilən məlumata görə, 180 nəfərdən çox insanın protezə ehtiyacı var, onlardan 140 nəfəri artıq protezlərlə təmin edilib və bu protezlər onları normal həyata qaytarır. Onlar normal gəzə, qaça, hətta futbol oynaya da bilərlər. Bu da siyasətimizin tərkib hissəsidir. Çünki mən dəfələrlə demişdim ki, biz ən həssas kateqoriyadan olan insanlara daim diqqət göstərməliyik və Birinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində maddi imkanlar çərçivəsində bunu edirdik. İmkanlar az olanda az edirdik, imkanlar çox olanda çox edirdik, amma edirdik, bu gün də edirik və edəcəyik". Prezident qeyd edib ki, müharibə dövründə öz əmlakını itirmiş insanlar üçün də minlərlə yeni ev tikilməkdədir: "Çünki mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən bunun əvəzini mülki vətəndaşlardan çıxmaq istəyirdi. Bizim bir çox şəhərlərimiz daim atəş altında idi, artilleriya ilə, qadağan edilmiş bombalarla, ağ fosforlu bombalarla, ballistik raketlərlə bombalanırdı. Yüzdən çox mülki şəxs, onların arasında qadınlar, uşaqlar bu namərd atəş nəticəsində həlak olmuşlar və minlərlə insan öz əmlakını itirmişdir. Ona görə bu gün bu işlər də görülür, minlərlə ev inşa edilir, onların böyük hissəsi artıq inşa edilib".
Dövlət başçısı diqqətə çatdırıb ki, son illər ərzində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə çoxsaylı görüşləri olub: "Müharibədən əvvəl hər dəfə görüş əsnasında mən deyirdim ki, biz nəyin bahasına olursa-olsun öz torpağımızı qaytaracağıq, Qarabağı qaytaracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik, şəhidlərimizin qisasını alacağıq və belə də oldu. Azərbaycan ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi, öz torpaqlarını qaytardı və şəhidlərimizin qanını aldı. Bu gün müharibədən keçən aylar ərzində şəhid ailələri, Qarabağ qaziləri ilə görüşlər əsnasında tam başqa ab-hava hökm sürür. Əgər əvvəlki illərdə biz hər zaman şəhidlərimizin xatirəsini yad edərək özümüzə söz verirdik ki, onların qisasını alacağıq, bu gün qürur hissi ilə deyə bilərik ki, şəhidlərimizin qanını yerdə qoymadıq, ədaləti bərpa etdik, düşməni torpağımızdan qovduq və müzəffər xalq kimi dünya tarixinə öz adımızı yazdırdıq". Prezident qeyd edib ki, bu gün Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək, daim qəlbimizdə saxlamaq üçün böyük işlər görülür və görülməlidir: "Şəhid ailələrini, Qarabağ qazilərini evlərlə təmin etmək bizim siyasətimizin əsas istiqamətlərindən biri idi, bu gün də bu, belədir. Ancaq bununla yanaşı, əlbəttə ki, bu proses müəyyən müddət davam etdiriləcək. Çünki yaxın gələcəkdə bu problem tamamilə aradan qaldırılacaq. Ancaq bununla paralel olaraq, İkinci Qarabağ müharibəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün biz daha fəal olmalıyıq. Eyni zamanda, gənclərimizin tərbiyə işində də mütləq bu mövzu ön planda olmalıdır. Çünki İkinci Qarabağ müharibəsindəki, Vətən müharibəsindəki Qələbəmiz tarixi zəfərimizdir".
Prezident İlham Əliyev qeyd edib ki, azad edilmiş torpaqlarda bu gün bütün bərpa işləri Azərbaycanın vəsaiti hesabına icra olunur: "Biz Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək üçün xüsusi proqram qəbul etdik. Bu proqram bir neçə ili əhatə edir və birinci il - 2021-ci il üçün proqram icra olunur. Bu gün o bölgələrdə gedən quruculuq-abadlıq işləri göz önündədir. Bir çoxları üçün bu, çox gözlənilməz oldu və bəziləri təəccüb edirlər ki, biz bu işləri belə yüksək templərlə görürük. Əlbəttə, burada təkcə maliyyə vəsaiti kifayət etməz. Gərək bu genişmiqyaslı layihələri icra etmək üçün texniki imkanlar olsun, kadr potensialı olsun, daxili resurslar olsun. Biz bütün bu gücləri səfərbər etmişik və bu gün erməni vəhşiliyinin fəsadlarını aradan qaldırırıq. Mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Biz bunu edəcəyik. Necə ki, bu günə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı, bir dənə də olsun vəd yerinə yetirilməmiş qalmadı və İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmiz buna əyani sübutdur". Prezident qeyd edib ki, müharibə dövründə Azərbaycan hərbçiləri həm peşəkarlıq, həm rəşadət, cəsarət, qəhrəmanlıq, eyni zamanda, fədakarlıq göstərir, sözün əsl mənasında, ölümə gedirdilər: "Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir. Biz əməliyyatları planlaşdıranda, ilk növbədə, mümkün olan itkilər haqqında düşünürdük və müqayisə apardıqda Azərbaycan məhz buna görə az itki verib. Hər bir şəhidin həyatı təkrarolunmazdır, hər bir şəhidin həlak olması onun yaxınları, qohumları üçün faciədir, böyük bir dərddir".
Prezident İlham Əliyev deyib ki, İkinci Qarabağ müharibəsi tarixdə əbədi qalacaq: "Azərbaycan xalqının çoxəsrlik tarixində buna oxşar parlaq və tam Qələbə olmayıb. Biz 300-dən çox şəhəri, kəndi, qəsəbəni döyüş meydanında işğalçılardan azad etdik. İşğalçıları məcbur etdik ki, onlar kapitulyasiya aktını imzalayaraq digər rayonlardan öz xoşları ilə çıxsınlar. Noyabrın 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını imzaladı və müharibə dayandı. Müharibənin bizim tərəfimizdən dayandırılması da tamamilə əsaslı bir addım idi. Çünki müharibə davam etsəydi, birincisi biz daha çox itkilər verəcəkdik. Müharibə davam etsəydi, Kəlbəcər və Laçın rayonlarının azad edilməsi müəyyən çətinliklərlə üzləşə bilərdi. Çünki o bölgənin təbii iqlimi, dağları bizə problem yarada bilərdi. Bir də ki, qış başlayırdı. Eyni zamanda, Azərbaycan müharibəni müharibə qanunları ilə aparırdı. Biz ermənilərdən fərqli olaraq hərbi cinayət törətməmişik, etnik təmizləmə siyasəti aparmamışıq. Bu, bir daha xalqımızın böyüklüyünü, siyasətimizin müdrikliyini göstərir. Ona görə biz hər şeyi vaxtında etdik, hər şeyi vaxtında. Torpaqlarımızı vaxtında azad etdik, müharibəni vaxtında dayandırdıq və tarixi Zəfərə çatdıq". Prezident qeyd edib ki, biz ermənilərin bütün miflərini darmadağın etdik. "Bu gün Ermənistan artıq açıq etiraf edir ki, öz təhlükəsizliyini özü təmin edə bilmir, öz sərhədlərini özü qoruya bilmir, öz hesabına yaşaya bilmir. Belə olan halda müstəqillikdən söhbət gedə bilməz. Ermənistanı müstəqil ölkə adlandırmaq tamamilə əsassızdır. Çünki müstəqil ölkəyə xas olan əlamətlərin mütləq əksəriyyəti Ermənistan dövlətində yoxdur. Bunun da səbəbi onların işğalçılıq siyasətidir. Əgər vaxtında mənim sözlərimə əməl edib torpaqlarımızdan çıxsaydılar, belə bir rəzil vəziyyətə düşməzdilər". Dövlətimizin başçısı deyib ki, Ermənistan acı məğlubiyyətin şokunu hələ uzun illər yaşayacaq: "Biz isə bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq, qürurla yaşayacağıq. Öz gələcəyimizi özümüz quracağıq, azad edilmiş torpaqları bərpa edəcəyik. Şəhidlərimizin xatirəsini daim qəlbimizdə yaşadacağıq".
Dövlət başçısı qeyd edib ki, müharibədən sonra bütün dünya erməni vəhşiliyinin yırtıcı sifətini gördü. Çünki müharibəyə qədər işğal dövründə həm Ermənistan tərəfi o vaxt işğal edilmiş torpaqlara heç kimi buraxmırdı, eyni zamanda, bu məsələ ilə məşğul olan vasitəçilər də o qədər oraya getməyə can atmırdılar. İşğal olunmuş ərazilərdə qanunsuz məskunlaşmanın hərbi cinayət sayıldığını qeyd edən dövlətimizin başçısı deyib: "Əgər 90-cı illərin əvvəllərində Ermənistan bu qanunsuz məskunlaşmanı gizlin şəkildə edirdisə, son vaxtlar o qədər azğınlaşmışdılar ki, bunu açıq şəkildə edirdilər. İndi yada salmaq lazımdır, müharibədən əvvəl onların televiziyalarında hansı reportajlar gedirdi. Xaricdən, Suriyadan, Livandan gəlmiş ermənilər Şuşa şəhərində müsahibələr verirdilər. Deyirdilər ki, bəli, biz gəlmişik bura. Bura Ermənistan torpağıdır. Biz burda yaşayırıq. Bunları təbliğ edirdi, hərbi cinayəti təbliğ edirdi. Onlara söz deyən yox idi, bizdən başqa. Minsk qrupu onlara bir söz demirdi". Prezident bildirib ki, qanunsuz məskunlaşma təkcə Şuşada deyil, Cəbrayılda, Zəngilanda, Kəlbəcərdə, Laçında da aparılırdı. Təkcə Ağdam və Füzulidə məskunlaşma getmirdi. Çünki orada heç nə yox idi. Bütün şəhər və kəndlərimizi yerlə-yeksan ediblər: "Bu hərbi cinayətə görə təkcə Ermənistan yox, bax, o cinayətlərə göz yuman da məsuliyyət daşıyır. Bizim uğurlu əməliyyatlarımız buna son qoydu. Ancaq bu gün qeyd etdiyim kimi, bütün dünya erməni vəhşiliyini görür. Görür ki, ermənilər bizim məscidlərimizi dağıdıblar. 60-dan çox məscid dağıdılıb. Ermənilər bizim məscidlərimizdə inək, donuz saxlayıblar. Bu, bütün müsəlman aləminə təhqirdir. Bir daha sizin qarşınızda bütün müsəlman ölkələrinin rəhbərlərinə üz tutaraq deyirəm, bunu heç vaxt unutmayın, buna göz yummayın, görməməzliyə vurmayın. Bütün müsəlman aləmini Ermənistan rəhbərliyi təhqir edib. Qəbirləri dağıdan, qəbir daşlarının üzünü sildirən də, Ermənistana satan da ermənidir, ölülərin qızıl dişlərini çıxardan da ermənidir, məscidlərimizi sökən də ermənidir. Kərpic-kərpic o evləri söküb öz daxmasına daşıyan da ermənidir. Bunu hər kəs görür və görməlidir".
Alim