Ermənilər Xankəndində nəyə hazırlaşır?
26 Avqust 2021 12:36 SiyasətQarabağ müharibəsində sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan yenidən silahlandırılır. Məlumata görə, bu yaxınlarda Moskvada keçirilən Armiya-2021" beynəlxalq hərbi-texniki əməkdaşlıq forumunda Ermənistan Rusiyanın müasir silahlarına maraq göstərib. Müdafiə naziri Arşak Karapetyan AK-12 avtomatlarının, "Forpost" zərbə və kəşfiyyat dronlarının və s. alınmasına dair danışıqlar aparıb. Ermənistan ordusunda aparılan islahatlara dəstək çərçivəsində Moskvanın rəsmi Yerevana 100 milyon dollarlıq kredit ayırdığı da bildirilir. Yeri gəlmişkən qeyd edək ki, Rusiya Ermənistanın sonuncu Qarabağ müharibəsindən sonra darmadağın olunmuş hərbi potensialını bərpa etməkdə maraqlıdır. Bu arada qeyd edək ki, separatçı-terrorçu rejim sentyabrın 2-də Xankəndidə qondarma "müstəqillik günü" keçirməyə hazırlaşır. Xatırladaq ki, 1991-ci ilin 2 sentyabr tarixində Qarabağdakı erməni separatçılar qanunsuz "referendum" keçirərək, Azərbaycandan ayrılmaqla bağlı qərar qəbul ediblər. Separatçıların "parlament sədri" Artur Tovmasyan İrəvanda Ermənistan parlamentin sepikeri Alen Simonyanla görüşüb və onu qondarma "müstəqillik günü"nə dəvət edib. Tovmasyan Ermənistan parlamentindəki bütün fraksiya rəhbərləri ilə görüşməyə və onları da dəvət etməyə hazırlaşır. Bildirir ki, sentyabrın 1-də qondarma "parlamentin" xüsusi iclasını keçirəcəklər və Ermənistan deputatlarını da orada görmək istəyirlər. Politoloq Asif Nərimanlı qeyd edib ki, bu, müharibədən sonra separatçı-terrorçuların ilk keçirmək istədikləri "müstəqillik günü"dür. Bunun reallaşması üç kontekstdə təhlükəlidir: "Birinci, Xankəndindəki separatçı-terrorçu rejimin Azərbaycan sərhədləri daxilində "dövlət" olmaq istəyi stimullaşır. İkinci, Ermənistan "Qarabağ münaqişəsi bitməyib" iddiası üçün "arqument" qazanır, üçüncüsü isə "Qarabağın statusu" məsələsini gündəmə gətirmək istəyən dövlətlərə istinad mənbəyi verir. Bakının bunun qarşısını diplomatik tələblərlə ala bilməsi çətindir, xüsusilə bölgədə mövcud olan Rusiyanın sərgilədiyi mövqe fonunda. Yeganə yol ermənilərin qondarma "müstəqilliklərinə" həlledici zərbənin elə sentyabrın 2-də vurulmasıdır, yaxud ən azından izi qalacaq dərsin verilməsidir". Politoloq xatırladıb ki, Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirdi ki, nə 10 noyabr, nə 11 yanvar üçtərəfli bəyanatlarında dəhliz ifadəsi yoxdur: "Söhbət başqa şeydən gedir, Ermənistanın Rusiya və İranla nəqliyyat əlaqəsi Azərbaycandan keçməli olduğu kimi, Azərbaycanın qərb bölgələrini Naxçıvanla birləşdirən nəqliyyat əlaqəsi də Ermənistandan keçməlidir", - deyə Paşinyan bildirib. Üçtərəfli razılaşmaların regionda kommunikasiyanın bərpası ilə bağlı bəndlərində nə dəhliz, nə də Zəngəzur ifadəsi var. Paşinyan da məhz buna istinad edir, lakin o demək deyil ki, bu dəhliz olmayacaq. 10 noyabr razılaşmasının 9-cu bəndində qeyd olunur ki, "Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir". Azərbaycan bu nəqliyyat xəttini Zəngəzur dəhlizi adlandırır və beynəlxalq müstəvidə bu adı qəbul etdirmək istiqamətində işləyir. Artıq Şuşa Bəyannaməsinə "Zəngəzur dəhlizi" ifadəsi daxil edilib. Paşinyan "dəhlizin" olmayacağını deyəndə məhz üçtərəfli razılaşmalarda belə ifadənin olmadığını nəzərdə tutur, lakin Azərbaycanı Naxçıvanla birləşdirən nəqliyyat əlaqəsinin olacağını etiraf edir. "Qarabağ münaqişəsi", "Minsk qrupunun fəaliyyəti", "yeni təkliflər gözləyirik" açıqlaması həmişə olduğu kimi indi də daxili auditoriyaya və bu məsələlər üzərindən bölgəyə qayıtmaq istəyən Qərb tərəfdaşlarına hesablanıb. Əsas məqam Nikolun Ermənistanı blokadadan çıxarmaq istəyi və bölgədə düşmənçiliyi aradan qaldırmaqla bağlı dedikləridir. O, ermənilərə təklif edir: unutmayaq, amma "düşmənçiliyi idarə edək", yəni maraqlarımıza görə vəziyyətlə barışaq. Bu iki məqam Ermənistanın kommunikasiyanın açılması üçün sərhədlərin delimitasiyasına razılaşmağa məcbur olduğu deməkdir. Sərhədlərin delimitasiyası və demarkasiyası həll edildikdən sonra kommunikasiyalar açılır, iqtisadi əlaqələr qurulur. Prosesin bu istiqamətdə inkişafı Ermənistanın Qarabağ iddiası elə iddia olaraq saxlamağa imkan verir. Bakı bunu anlayır, məhz buna görə əsas diqqət sərhədlərin bərpasına yönəlib".
Zəka